Edebiyyatqazeti.az xəbər verir ki, Tacikistanın “Millat” portalında böyük Azərbaycan yazıçısı, dramaturq, nasir, publisist və teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyev haqqında tacik dilində məqalə verilib.
Azərbaycan Prezidenti İlham Əliyev bu il yanvarın 31-də Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb və bu sənədə əsasən ədib haqqında Azərbaycanda və xarici ölkələrdə müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Materialda böyük yazıçının həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verilir. Qeyd edilir ki, Əbdürrəhim bəy Haqverdiyevin adı UNESCO-nun 2020–2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil olunub.
Bildirilir ki, ədib Peterburqda institut bitirdikdən sonra Bakıya qayıdır və o zaman nəşr olunan “Molla Nəsrəddin” satirik jurnalının naşiri Cəlil Məmmədquluzadə onu jurnalda işləməyə dəvət edir.
Vurğulanır ki, musiqi ilə maraqlanan Əbdürrəhim bəy Haqverdiyev 1908-ci ildə Üzeyir Hacıbəylinin Bakıda tamaşaya qoyulan birinci Azərbaycan operası - “Leyli və Məcnun”a dirijorluq edib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!