Azərbaycan realist ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin geniş şəkildə qeyd olunmasına dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 yanvar 2020-ci il tarixli Sərəncamına əsasən, ölkəmizin İndoneziyadakı səfirliyinin təşəbbüsü ilə “İndoneziya Poçt Dövlət Şirkəti” tərəfindən poçt markası nəşr edilib.
Poçt markasının üzərində “Şuşa Azərbaycan” yazısı və ədibin gənclik şəkli ilə yanaşı, arxa fonda “Şuşa qalası” təsvir olunub.
“İndoneziya Poçt Dövlət Şirkəti” ilə səfirlik arasında əldə olunmuş razılığa əsasən, sözügedən marka may ayı ərzində ölkənin mərkəzi və regional poçt şöbələrində dövriyyəyə buraxılıb. /Azərtac/
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!