Avropadan məktublar - NARGİS

Gözəl Esmeraldanın sığınağı - "Cathedrale Notre Dame de Paris"

Budəfəki məktubumda sizlərə ehtişamlı  "Cathedrale Notre Dame de Paris" haqqında danışmaq istəyirəm. Qotik memarlığının ekzotik tikilisi olan bu katedral Parisdə Sena çayının sahilində yerləşir. İlk qotik katedrallarından sayılan Notre Damın girişi qərb istiqamətindədir. Naturalist memarlıq nümunəsi sayılan Notre Dame o zamanlar memarlıqda az rastlanan xüsusi tərzdə inşa edilmişdir. Turistlər baxımından məşhur bir yer olması ilə bərabər, hələ də bir Roma Katolik katedralı olaraq istifadə edilməkdədir və hazırda Paris baş yepiskopluğunun evi sayılır. Bu katedralın adını ilk dəfə uşaq vaxtı izlədiyim "Notrdam kilisəsinin qozbeli" cizgi filmində duymuşdum. O vaxtlar bunun sadəcə bir fantaziyanın məhsulu olduğunu düşünmüşdüm. Sonralar Viktor Hüqonun bununla bağlı "Paris Notr-Dame kilsəsi" (1831) adlı  roman yazdığını öyrəndim. Və əsəri oxumaq  imkanı əldə etdim. Bununla birlikdə əksəriyyətimiz Notrdam kilisəsinin qozbeli "Quasimodo"nu və onun gözəllər gözəli eşqi "Esmeralda"nın hekayəsini bilirik. Nə qəribədir ki, bu hekayəni bilməyimizin səbəbi dahi sənətkar Viktor Hüqonun kitabını oxumuş olmamız deyil, eyni adlı əsərdən uyğunlaşdırılmış filmlərindən birini izləmiş olmamızdan qaynaqlanır...

"Mənə su verdi" replikasını bir çox adamın yaddaşında əhəmiyyətli bir yerdə dayandığını təxmin edirəm.  Və bir də hər dinlədiyimdə məni əsir alan, ruhumu  dalğalandıran "Notre Dame de Paris müzikal"ı (operettası) var ...Youtube proqramına "Notre Dame De Paris - Belle (Türkçe Altyazılı)" yazıb muzikalın bu hissəsini dinlərsəniz əgər məni daha yaxşı anlayacaqsınız. Muzikalın sözləri çox dərindir xüsusilə də "Şeytan deyir ki, unut indi uca Tanrını oxşa Esmeraldanın saçlarını" …

Notre Damı lap uzaqdan tanıdım. Sanki illərdir həsrətini çəkdiyim doğmamı görmüşdüm. Göz oxşayan memarlığı ilə məni  tamamilə başqa bir dünyaya çəkib apardı. Onu da deyim ki, buraya daxil olduqda geyiminə xüsusi diqqət etməlisən, yəni katedralın qapısında dayanan məsul şəxslər turistlərdən onların dinlərinə hörmət göstərməyi alicənablıqla tələb edirlər. Və burada heç kimə güzəşt olmur. Yəni gözəlliyinə, istedadına, rütbənə baxılmır. Orada sən hamı ilə bərabərhüquqlusan, hamı kimi hörmət etməyə borclusan, ya da ən azından elə görünməyə…

Notrdam kilisəsinin içərisinə daxil olduqda dilimdə sadəcə bu sözlər var idi: "Günaha çağrı var onun bədənində. Onun üçün ruhumu satardım mən belə. Dilbər! Bədən örtünün altında bir ruh varmı sənin? Tanrım bir dəfə icazə ver pozum qanunlarını, açsın mənə Esmeralda qollarını …" Rahibin Esmeraldanın gözəlliyi önündə diz çökməsini xatırladıqda gülümsədi. Qadın həqiqətən də böyük qüvvədir. Maraqlıdır, Esmeraldanın gözəlliyinin kölgəsində itir bədbəxtliyi …

Gözəllər gözəli Esmeraldanın qaraçı rəqsinin melodiyasını duymaq istəyənlərə onu deyim ki, bu sadəcə bizim təxəyyülümüzdür. Orada hamı kimi məni də  Esmeraldanın gözəl səsi yox, kilisə xoru qarşıladı. Maraqlı dini musiqinin sədaları altında qotik tərzi ilə hazırlanmış siyah çilçıraqlar və qızılı qızıl güllər insanı fərqli aləmlərə sürükləyirdi. Kilsədə addımladıqca hara baxacağını bilmirsən. Zəngin memarlıq və yüksək bədii zövq insanı ağuşuna dəvət edir. Və sən yox deyə bilmirsən. Cath?drale Notre Dame de Paris və Esmeralda eyniləşir gözümdə bir anda …

Gözümün önündə Notre Damenin Donqarı "Quasimodo" və onun gözəllər gözəli eşqi "Esmeralda" nın hekayəsi canlanır.

"Hadisələr Orta əsrlərdə Parisdə baş verir. Qaraçı qızı Esmeralda öz gözəlliyi ilə kişilərin ağlını başından çıxarır. Ona eyni vaxtda Paris Notrdam kilsəsinin keşişi Klod Frollo və müqəddəs atanın yanında işləyən qozbel Quasimodo aşiq olub. Qız isə Feb ləqəbli alicənab bir adama vurulub və bunu öz ürəyində saxlayır. Keşiş qısqanclıqdan onu yaralayır. Cinayətdə Esmeraldanı günahkar bilirlər və hakimlər qıza asılmaq hökmünü çıxarırlar. Feb onu xilas etmək üçün heç nə etmir, təkcə qozbel Quasimodo sevdiyi qızın köməyinə gəlir".

Gözümün  önündə gecə rəngli saçları və qızıl gül rəngli libasıyla Esmeralda canlanır. Və zəng səsləri eşidilir. Esmeralda katedralın səssiz koridorlarında yoxa çıxır.

Esmeraldanın son nəfəsində dediyi sözləri qeyri-iradi təkrarlayır dilim "Həyat gözəldir" …Bəli həyat gözəldir. Ancaq dünyanı dolaşıb, vətənə qayıtmaq şərti ilə gözəldir dünya.

Harda qalmışdıq, qeyd edim ki, Cathedrale Notre Dame de Parisin inşasına 1163-cü ildə başlanılsa da, tam mənasıyla kilsə 1345-ci ildə tamamlanmışdır. Zəngin detalları özündə mühafizə edən nəhəng ön cəbhəsi, asimmetrik iki qülləsi və ön cəbhədən tam fərqli bir dizayna sahib arxa cəbhəsi ilə Sena çayının ortasındakı siluetini bütün ehtişamıyla tamamlayır. Katedral bir-birindən ayrılan üç parçadan ibarətdir, bu da Roma memarlıq ənənəsinin yadigarıdır. Ən əhəmiyyətli qisimləri bunlardır: Qərb cəbhəsi katedralın ən məşhur hissəsidir.

Cənubi qüllə: katedralın məşhur zəngi "Emmanuel"in mühafizə olunduğu qisimdir. Zəng 13 tondur, toxmağı 500  kiloqramdır. 1631-ci ildə zəng yenidən düzəldildiyində əfsanəyə görə qadınlar buraya öz qızıllarını atmışlar və zəng rənginin orijinallığını buna borclu imiş.

Katedral ana qübbəsi 34 metr, Qərb cəbhəsindəki qüllələr isə 69 metr yüksəkliyindədir. Zəng qülləsinə get-gedə daralan ümumi pilləkənlərin sayı 422 -dir.

Galerie des Chimeres ya da Böyük Qalereya isə iki qülləni birləşdirir və katedralın əfsanəvi chimere'lerinin olduğu yerdir. Qərbi Gül Pəncərəsi: 10 metr diametrindədir. İşləmələrlə bəzədilmiş pəncərənin bir çox qismi katedrali XIII əsrdəki inşasında meydana gəlmişdir. Qarşısında qucağında körpə İsa ilə birlikdə bir Məryəm Ana heykəli var.

Krallar qalereyası: Yəhuda və İsrailin 24 kralının heykəllərinin sıralandığı koridordur. Bu qisim fransız inqilabı sonrasında ziyan görmüş və Viollet-le-Duc tərəfindən yenidən düzəldilmişdir. İnqilabçılar heykəllərin fransız padşahları aid olduğunu sanmış və başlarını qoparmışdılar. Altdakı üç böyük qapı isə Məryəm Ana (Məryəm Ana qapısı), yenidən taxta çıxan İsanın on bakirə də daxil olmaq üzrə yaşayanları və mühakimə etməsi (Son mühakimə etmə qapısı), və Məryəm Ananın anası Əzizə ananın (Əzizə Ana qapısı) xatirəsinə aid hekayələr ilə bəzədilmişdir.

XIX əsrin əvvələrində katedral baxımsız vəziyyətinə görə dağıdılmaq təhlükəsiylə üz-üzə qalmışdır.  Məşhur fransız yazıçısı Viktor Hüqo, xalqın marağını çəkmək üçün "Notre Damenin Donqarı" adlı roman yazmışdır. Roman, katedralın mühafizə olunması üçün kampaniya başladılmasına səbəb olmuş. Və beləliklə modern zamanda milyonlarla turistin dillərinin əzbəri Cathedrale Notre Dame de Paris beləliklə qorunub gələcək nəsillərə ərmağan edilmişdir. Düşünürəm, bədii əsər ən güclü silahdan daha sərrast atəş aça bilərmiş. Sözün gücü qarşısında tarix baş əyib həmişə… Ədəbiyyata hörmətlə … Bədii əsərin gücünün bir daha sınaqdan keçirildiyi Cathedrale Notre Dame de Parisi dünyaya yenidən dahi sənətkar Viktor Hüqo hədiyyə etmişdir …

Katedralı tərk edirəm. Sena çayının kənarındakı alçaq divarlara söykəyirəm dirsəklərimi... Hüqo görəsən elə buradan, bəli buradan, mənim dayanıb Senaya baxdığım yerdən baxıbmı Senaya düşüncəsi qoşulub Paris küləyinə "Marilyn Monro"nun ən nostalji portretləri burada- deyən satıcının səsinə qarışaraq uzaqlaşır buludlara tərəf.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!