Edebiyyatqazeti.az xəbər verir ki, Feyzavər xanım Alpsar İstanbulda 101 yaşında vəfat edib.
Əli bəy Hüseynzadənin 101 yaşlı qızı Feyzavər Turan Alpsar dünyasını dəyişib.
Feyzavər Turan Alpsar 1919-cu ilin 31 dekabrında İstanbulda dünyaya gəlmişdi. Rəssam idi. Üsküdar Qız Sənət Məktəbində, 1937-1940-cı illərdə isə İstanbul Gözəl Sənətlər Akademiyasında təhsil alımışdı. Feyzavər xanım Sivas valisi İsmayıl Kamal Alpsarın oğlu Mehmet Ali Alpsarla ailə qurmuşdu.
Qeyd edək ki, 2017-ci ildə Feyzavər xanım tərəfindən Əli bəy Hüseynzadəyə aid 37 təsviri sənət əsəri, 48 fotoşəkil, 53 şəxsi əşya, 22 orden, medal və nişanlar, eləcə də ipək üzərində çap olunmuş "Həyat” qəzeti Azərbaycan hökumətinə hədiyyə olunmuşdu. Bu əsərlərin 61 ədədi Azərbaycana gətiriləndən sonra bərpa edilib. Əsərlər hal-hazırda Azərbaycan İstiqlal Muzeyində sərgilənir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 mart 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Feyzavər Turan Alpsar “Dostluq” ordeninə layiq görülmüşdü.
Ötən il Xalq Cümhuriyyətin yaradılmasının 100 illiyi münasibətilə Prezident İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq, Xalq Cümhuriyyətin yaradılmasında iştirak edən şəxslərin ailə üzvlərinə verilən "Xalq Cümhuriyyətinin 100 illik medalı" Feyzavər Alpsara təqdim edilmişdir.
Feyzavər xanım bu gün ailə üzvlərinin uyuduğu Qaracaəhməd məzarlığında torpağa tapşırılacaq.
Ruhu şad olsun...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!