Vaqif Bəhmənlinin professor Qəzənfər Paşayevlə söhbəti

“Mənim ömürnaməmdə
fərəh hissi daha çoxdur”
- Qəzənfər müəllim, sizi yubileyiniz münasibətilə ürəkdən təbrik edir və maraqlanıram: səksən yaşlı alim özünü necə hiss edir? Təəssüf hissi çoxdur, yoxsa fərəh?
- Mənim ömürnaməmdə fərəh hissi daha çoxdur. Təəssüflənməyə əlimdə elə bir əsas yoxdur. Ona görə ki, görəcəyim işləri görə bilmişəm. Ailə, ev, uşaqlar barədə narahatçılığım olmayıb. Bu yaşı ki, mən qazanmışam, səksənə çatmışam, bununla fəxr eləyirəm. Fəxr eləyirəm ki, bu qədər yaşadım, çox insanlar gördüm, çoxlu sayda dostlarım oldu. Yaşlı nəsildən hələ də  yaşayan dostlarım var. Bəziləri  əbədiyyətə qovuşub. Abbas Zamanov, Bəkir Nəbiyev, Yaşar Qarayev, Qasım Qasımzadə, İmamverdi Əbilov, Yavuz Axundlu. Dahi Səməd Vurğunun "Tək məzar" şeiri göz önünə gəlir. Heç kəsin keçə bilmədiyi sehrli aləmə yaxınlaşdığını duyursan... Bəli, səksən yaş böyük yaşdı. İkinci tərəfdən isə arxaya çevrilib baxanda deyirsən ki, vaxt nə tez gəldi keçdi. Səksənin təəssüfü var, gəncliyin təəccübü var. Səksəndə insan çox təəssüflənir. Nəriman Həsənzadənin gözəl bir şeiri var: "Şöhrətin sevinci, yaşın kədəri, tərs kimi ikisi bir vaxta düşür", səksənin ləzzəti də var. Ləzzəti odu ki, Vaqif Bəhmənli kimi tanınmış bir şair gəlib səndən müsahibə alır.
- Elə  hadisələr, xatırlamalar varmı, o sizin səkkiz yaşınıza qədər baş verib və indiyəcən yadınızda qalıb?
- Bir hadisə yadımdadı. Maşan oğlu Məhəmməd vardı, kərənti bıçaqla başımızı qırxardı.  O vaxt ülgüc nə olduğunu bilməzdik. Başımızı soxurdu arxa, ovxalıyırdı-ovxalıyırdı, bu əməliyyatı elə hazırlayardı ki, kərənti bıçaqla tükümüzü qazıyanda  ağrı-zad bilməzdik. Başımızı qırxıb qutarandan sora deyirdi ki, baş qırxmaq haqqı iki kartof, bir çataxlı soğan elədi, böyüyəndə verərsiz. Onun bağında yaxşı bar verən ağaclar vardı. Bir dəfə, isti havalarıydı. Cavan armud ağacının üstündə bir dənə iri, yetişmiş armud vardı. Armudu dərdim, gətirdim evə. Sən demə, bu ağac ilk dəfə bar verirmiş və ilk bar verən ağacın üstündə cəmi bircə meyvə saxlayırlar. Onu da mən üzmüşəm.  Axşamüstü idi. Gördüm Məhəmməd kişi gəlib, bizim həyətdədi. Anama deyir ki, eşitmişəm Qəzənfər mənim bağıma girib, armud qırıb. O ağacın nübar meyvəsidi, bilmək istəyirəm, armud tam yetişib ya yox. Anam evə girib soruşdu ki, neynəmisən armudu. Dedim çamadana qoymuşam. Çamadan da balacadı, içi də dolu. Armud da elə yekədi ki, çamadanın qapağı qalıb aralı. Anam armudu götürüb utana-utana verdi Məhəmməd kişiyə. O da baxıb armudu qaytaranda anam götürmək istəmədi. Kişi israr elədi ki, inciyərəm, mən eləcə armudun yetişib-yetişmədiyini, böyüklüyünü görmək istəyirdim. And içdirəndən sonra anam məcbur olub armudu götürdü. Sonra da gəldi mənim yanıma, yavaşca dedi ki,  belə iş görmək olmaz, oğlum, gördünmü, kişinin yanında necə biabır oldum. Peşman olmuşdum. Ağlıma gələn o oldu ki, o mənim başımı qırxır, mən isə onun bağından oğurluq edirəm. Çox dəcəl olmuşam. Bir hadisəni də xatırlayıram. Bu bir az sonrakı yaşlarımda olub. Dördüncü sinifdə oxuyuram. Tutun təzə-təzə yetişən vaxtlarıdı. İydə ağacı da çiçəkləmişdi. Eyvanımızın qabağında sığırçın balalamışdı. Yuvada beş balası varıydı. Ana sığırçın gəlib qondu iydə ağacına. Mən də əlimdə raqatka, durub gözləyirəm. Sığırçın mənə baxır, onu vurdum saldım yerə. Öldü. Sığırçının beş balası bir gün axşama qədər çığıra-çığıra qaldı. Səhərisi gün hamısı yuvadan bir-bir düşüb öldü. Bir qədər sonra bərk xəstələndim. Ölümcül vəziyyətdə məni xəstəxanaya çatdırdılar. Bir neçə gün çox ağır vəziyyətdə oldum. Həmin günlərdə yuxuda gördüm ki, ağ saqqallı, ağsaçlı, nurani bir kişi durub başımın üstündə. Əlində də qılınc. Deyir ki, bu balanı öldürməyə gəlmişəm. Çox qəribədi, eşidirəm, görürəm, bilirəm ki, məni öldürəcək, amma qorxu hissi yoxdu. Əksinə, sevinirəm. Bir sinif müəllimim vardı. Əsgər Məmmədov. Birdən peyda oldu. Kişiyə dedi ki, babası, bu yaxşı oxuyan uşaqdı, məktəbdə birincidi. Yazdığı inşa rayonda birinci yeri tutub, indi də Bakıya göndərirlər. Nurani qoca müəllimi dinlədi, sora da qayıtdı ki, yaxşı, onda qoy yaşasın. Elə bunu deyən kimi divarın dibində bir çuval duz əmələ gəldi. Kişi əlindəki qılıncı çaldı çuvala, qılınc küpünə qədər duza batdı. Bu yuxunu heç unutmadım. Böyüyəndə başa düşdüm ki, o, mənim ruzumu verib. O yuxu hadisəsi hamımıza elə təsir eləmişdi ki, dörd qardaş heç birimiz sonralar toyuq başı belə kəsmədik, qarışqaya belə toxunmadıq. İndi də uşaqlar bir quşa daş atanda deyirəm ki, eləməyin, xəstələnib ölərsiniz.
- Yenidən doğulmaq və bu qədər zəhmətlərə təkrarən qatlaşmaq, sarsıntılar keçirmək, təbii ki, təkrarən uğurlar qazanmaq istərdinizmi?
- Mən həyatımdan narazı qalmamışam. Bircə dəfə bərk qorxmuşam. Atam əsgərlikdən qayıdan kimi onu göndərdilər Türkmənistana, Neftdağa. Orada neft tapmışdılar. İşçi qüvvəsi lazım imiş. Bu, Stalinin əmri idi. Yəqin buna görə idi ki, anam çox əsəbi olmuşdu, balaca bir səhv eləyən kimi bizi cəzalandırırdı. Quzularımız vardı, onları otarırdım, birdən canavar gəldi, quzunun birini  apardı. Qorxudan bütün günü ağladım ki, anam məni öldürəcək. Anam bu əhvalatdan sonra əksinə, gəldi məni qucaqlayıb öpdü, sığalladı. Dedi ki, Allaha şükür olsun, salamatsan, canavar sənə də xətər yetirə bilərdi. O vaxta qədər mən ana şəfqətinin nə olduğunu hiss eləməmişdim. Dünyada səhvsiz insan yoxdur. Amma elə böyük səhvlərim olmayıb ki, bu gün ona görə xəcalət çəkim. Həyatımı insan kimi yaşamışam. Biz Gəncənin 60 kilometrliyində yaşayırdıq. Orda da ali məktəb vardı, gedib oxuya bilərdim. Cavanlıqda adam bir başqa olur. Mehdi Hüseynin "Abşeron" romanını oxuyandan sonra xəyalımda əsərin qəhrəmanı Tahirin həyatını yaşamağa başladım. Onun gəzdiyi yerləri görmək xəyalı məni Bakıya gətirdi. Mən həyatımda yaxşı nə varsa bu şəhərdə tapdım. Sevgimi də. Tale böyük məsələdi. Dördüncü kursdayam. Rus dilini yaxşı bilənləri seçib  tərcüməçi kimi xarici ölkələrə  göndərirdilər. Mən də rus dilini uşaqlıqdan bilirdim. Bu necə olub? Anamın vəfatından sonra atam bir rus qadını gətirdi. Bu həmin qadın idi ki, atamı müharibə vaxtı ölümdən xilas eləmişdi. Qadın atamdan cavan idi. Deməli, anam, 1949-da rəhmətə getdi, 1951-ci ildə atam rus qadını ilə evləndi.  O qadın bizə rus dilini öyrətdi. İşə bax ki, fələk qapını bir yandan bağlayanda o biri yandan açırmış. Elə rus dilini bildiyimə görə institutu bitirən kimi məni göndərdilər xaricdə tərcüməçi işləməyə. Mənim əsas həyatım, fəaliyyətim bundan sonra başladı. Yəni, analığım həyatımda əsas rol oynadı. Onu da deyim ki taleyimdə ikinci, həm də müstəsna rolu Rəsul Rza oynayıb. Üç dost İndoneziyanı seçmişdik. Lakin mən Rəsul Rzanın "Uzaq ellərin yaxın töhfələri" məqaləsini oxuyandan sonra İraqa getmək qərarına gəldim. Altı aydan sonra İndoneziyada çevriliş oldu. Yoldaşlarım geri qayıtdılar. Həm də əliboş. Mən isə altı il sonra Azərbaycana zəngin ədəbi xəzinə ilə döndüm. Ancaq xaricə getməmişdən əvvəl bir hadisə oldu. 1960-cı il idi. Bizim institutda Süleyman Rəhimovun 60 illiyi qeyd olunurdu. Təntənəli şəkildə. Özü gəlmişdi. Rəsul Rza, Nəbi Xəzri də tədbirdə iştirak eləyirdi. Tələbəlik illərində ictimai işlərdə kifayət qədər fəallıq göstərirdim. Yazıb-pozurdum, tərcümələrim çıxırdı. Cəfər Cabbarlının "Firuzə" hekayəsini, Abdulla Şaiqin "Məktub yetişmədi"sini ingilis dilinə çevirmişdim. Yəni, tələbəlikdən səmərəli çalışırdım. Burada da tələbələr adından mən danışası oldum. Çıxış eləyəndə onu da dedim ki, 1947-ci ildə dayım oğlu İsfəndiyara deyirdim ki, "Saçlı"dan mənə oxu, yağ, pendir payımı sənə verəcəm. (İsfəndiyar indi sağdı, təqaüddədi, polkovnikdi). Bunu deyəndə Nəbi Xəzri qayıtdı ki, ə, nə danışırsan, "Saçlı" 48-də çap olunub. Dedim ki, xeyr, "Saçlı" ilk dəfə 44-də çapdan çıxıb. Oyan-bu yan, mübahisə başlayanda Süleyman müəllim qayıtdı ki, ay Nəbi, sən  Moskvada, Leninqradda oxumusan o vədələr, bu balam düz deyir. Mən də bir az qürrələndim. Rəsul Rza dedi ki, bu oğlandan nəsə çıxacaq. Zal da bərk alqışladı. Qismətə baxın, bu hadisədən düz səkkiz il sonra - 1968-ci ildə Rəsul Rza ilə müştərək "Kərkük bayatıları" kitabımız işıq üzü gördü. İndi ömür keçib, gün keçib-gəlib bu yaşa çatmışam, hələ də tərəddüddəyəm ki, Rəsul Rzanın elədiyini eləyə bilərdimmi, gənc, təcrübəsiz biri ilə kitabımın çıxmasına razı olardımmı? Bilmirəm. Təsəvvür eləyirsizmi, sovet hökumətinin qılıncının dalı-qabağı kəsən bir vaxtda Rəsul Rza bu böyüklüyü elədi. Adım kitabda onun adı ilə qoşa getdi. Həqiqətən də o böyük ürəkli adam mənim həyatımda, sonrakı yaradıcılıq uğurlarımda müstəsna rol oynadı. Bu günlərdə "Ədəbiyyat qəzeti"ndə onun haqqında "Həyatımda müstəsna rol oynamış iki şəxsiyyətdən biri" adlı yazı yazdım. Ehtiram əlaməti olaraq məqalənin altında heç bir titul göstərmədim,  sadəcə "Beynəlxalq Rəsul Rza mükafatı laureatı Qəzənfər Paşayev" yazdım.
- Bir kəndin, bir evin içində kimin şüurlu, kimin şüursuz olduğunu müəyyən eləmək çətin olduğu halda, yer üzündəki şüurlu və şüursuzların statistikasını aparmaq müşkül bir məsələdir. Ortada olan zəhmət və yekunlarınız göstərir ki, siz şüurlu həyat yaşamısınız. İlk dəfə nə zaman hiss elədiniz ki, siz şüurlu insansınız və məqsədiniz var?
- Əvvəla, onu deyim ki, şüursuz insan olmur. Baxır dərəcəsinə. Gərək ağılnan tərpənəsən. Bu da Allah vergisidi. Ağıldı, müdriklikdi, bunlar İlahidən gəlir. Desəm ki, əldə elədiklərimi, yalnız oxumaqla qazandım, doğru olmaz. Müdrikliyi oxumaqla artırmaq, cilalamaq olar. Bəzən görürsən cavan bir adam bütöv bir nəslə ağsaqqallıq eləyir. Bu, İlahidən gələndi. 1963-cü ildi, bir neçə aydı İraqda işləyirdim. Çevriliş oldu. Prezident Əbdül Kərim Qasımı öldürdülər. Əbdül Salam Arif hakimiyyətə gəldi. Babilin yanında, Bağdadın yüz kilometrliyində Hilla şəhərində çalışırıq. İğtişaş başlayandan sonra bizə olan münasibət tamam dəyişdi. O vaxt Amerika, İngiltərə ilə münasibət möhkəm idi. Su idarəsinin böyüyü vardı, çox sözükeçən adam sayılırdı -  mister Əla. Moskvadan gələn Zamorin elmlər namizədi idi və o vaxtlar bu, qiymətli titul idi. Məsələn, kabinetlərin qapısına, kitablara belə yazılırdı: dosent filankəs. Zamorin də buna görə özünü hamıdan yüksək tuturdu. Getdik mister Əlanın yanına ki, bizə filan xəritə lazımdı. Əla dedi ki, baxarıq, varsa, sizə xəbər eləyərik. Həmin xəritə misterin başının üstündən asılmışdı. Zamorin bir qədər əsəbi şəkildə əlinin işarəsi ilə xəritəni göstərərək qayıtdı ki, yalan deyir. Xəritə odur. Onun fikrini misterə yumşaldaraq tərcümə elədim ki, mister Əla, Zamorin deyir ki, deyəsən bizə lazım olan xəritə burda var. Amma mister Zamorinin səs tonundan, üzünün ifadəsindən onun etirazını anlamışdı.  Acıqlı-acıqlı dedi ki, çıxın bayıra. Çıxıb getdik. Aradan bir saat keçməmiş bizi çağırdılar Bağdada, səfirliyə. Soruşdular ki, nə məsələdi, nə baş verib. Hadisəni olduğu kimi danışdım. Zamorin nə dedi, mən necə tərcümə elədim. Sonra misterə zəng vurub soruşdular ki, tərcüməçi sizə nə deyib. O da mənim dediyimi təsdiqlədi. Məsələ qaldırıldı ki, Zamorin 24 saat ərzində ölkədən çıxarılsın. Zamorini qaytardılar Moskvaya, mən qalıb işlədim. Doğrudan da tale, qismət, bəxt böyük məsələdi. Həqiqəti də deyəndə gərək ağılnan hərəkət eləyəsən. Yalan danışmağın da yeri var. Əgər bir adamın taleyi həll olunursa, başı vurulacaqsa, övladlarının çörəyi kəsiləcəksə, o halda yalan danışıb onu xilas eləmək olar. Buna müqəddəs yalan deyirlər. Bu müqəddəs yalan ifadəsi bir çox xalqlarda var. Adam bəzən çətin məqamda yalan danışmağa məcbur olur. Əslində, həqiqəti söyləmək ən doğrusudur. Şüurlu-şüursuz məsələsi bir növ ənənəylə bağlıdı. Əgər xalq bütövlükdə şüursuz cəmiyyətdə yaşayırsa, o yüksək səviyyəyə gəlib çata bilməz. Bu nə ilə bağlıdır? Belə deyirlər ki, bir xalq üçün birinci təhlükə odur ki, qınına qapanıb ordan çıxmasın. Bir də var qınından çıxasan, amma onu bəyənməyəsən. Bəzən yolda sürücülərin maşın sürməyinə fikir verirəm,  bəzi insanların hərəkətlərinə baxıram, deyirəm, İlahi, görəsən şüurlu insan cərgəsinə qoşulmaq üçün bunlara nə qədər zaman lazımdır?  Bu qənaətə gəlirəm ki, heç yüz il də bəs eləməz. Bəzən mühit özü şüursuzları yetişdirir. Ərəb aləmi niyə bu gündədi? Ömrümün altı ildən çoxunu ən uzaq ulduzuna, ən kiçik daşına qədər dinlə bağlı bir ölkədə keçirmişəm. 1997- ci ildə Qafqaz Müsəlmanları İdarəsinin elmi-dini şurası yarandı. Həmin vaxtdan o şuranın üzvüyəm. Şeyxin bütün yüksək səviyyəli yığıncaqlarında iştirak eləyirəm. Bu elə-belə deyil ki... Gərək hər şeyə şüurla yanaşasan. Din də bir şüurdur. Orada olduğum müddətdə, ateist bir dövlətdən gedən, gənc bir adam tərcüməsini eləyər, pulunu qazanar, heç dinlə maraqlanmazdı. Deməyim odur ki, İslam fəlsəfəsinə göstərdiyim maraq, hazırkı intellektimə yeni bir şüur qatı əlavə eləyib. Ramazan ayında ildə bir dəfə böyük iftar süfrəsi açılır, ölkə prezidenti də gəlir. Mən şahidi oluram ki, bəzi ərəb ölkələrində bəzi din xadimləri xalqı xurafatda, cəhalətdə saxlamağa çalışır ki, onları idarə eləmək asan olsun. Ərəb aləmində ən böyük anlaşılmazlığın, az qala şüursuzluq səviyyəsində özünü büruzə verən məqamın biri döyüş vaxtı silahı yerə qoyub namaz qılmaqdır. Başına od yağır, əzan səsi gələn kimi silahı atıb başlayır namaz qılmağa. 2007-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Səudiyyə Ərəbistanına getmişdik. Nazir Əbülfəs Qarayev də bizimlə idi, onun müavini Ədalət Vəliyev də. Ciddə şəhərində küçədə əmniyyət keşikçiləri bir cavanı kötəkləyir ki, namaz vaxtı niyə küçədəsən. Cavan da izah eləməyə çalışır ki, evimin yanındayam, gedirəm namazımı qılmağa. Kimdi onu dinləyən, vur ki, vurasan. Mən bu hadisənin canlı şahidiyəm. Ərəb aləmində belə hallar baş alıb gedir. Qətər məsələsi elə-belə deyil. Məqsəd İslam dünyasını parçalamaqdı. Az qala heç nəyin fərqinə varmadan onlar buna gedirlər. Gələcəkdə onları nə gözlədiyini elə də düşünmürlər.  Dünyanın dərki üçün dörd mərhələ var. Birincisi şəriət, ikincisi təriqət (elm), üçüncüsü mərifət, dördüncüsü həqiqətdir. Bunlar böyük mənada dərk eləyənlər, kamillər üçündür. Mən şəriəti keçmişəm, təriqəti keçmişəm, mərifətə gəlib çata bilsək, böyük işdir. Həqiqət isə demək olar ki, əlçatmazdır. Onu dərk etmək yalnız və yalnız insanın şüurlu təfəkkürü, müdrikliyi ilə bağlı ola bilər. Mən şüurlu həyatı səkkizinci sinifdən dərk eləməyə başlamışam.
Səkkizinci sinifdə oxuyanda tarixə çox maraq göstərirdim. Keçdiyim dərsləri mükəmməl öyrənməklə bərabər keçmədiklərimi də oxuyub öyrənirdim. Tarix müəllimlərim vardı: Ziyad müəllim, İlyas müəllim. Onlar da mənim tarixə həvəsli olduğumu görüb əlavə kitablar verirdilər mənə. Həyatım boyunca iki şeyin konspektini tutmuşam. Biri orta məktəbdə oxuyanda tarixlə bağlı vacib bildiyim məqamları qeyd eləməyimdi, ikincisi, sırf ədəbiyyatla bağlıdı. Niyəsini bilmirdim, amma xoşuma gələn əsərləri, fraqmentləri konspektləşdirirdim. Nəticəsi də oldu. Qarşıma məqsəd qoymuşdum. Tarix fakültəsini seçmişdim. 1956-cı ildə gəldim Bakıya, sənədlərimi verdim universitetin tarix fakültəsinə. 368 gənc sənəd vermişdi. Sona cəmi 27 nəfər qaldı. Mənə sual verdilər ki, Buz döyüşü harda və nə vaxt olub? Başladım əhatəli şəkildə iki il əvvəldən danışmağa. Dörd yazdılar, dedilər ki, biz sənə bir sual vermişdik, sən iki suala cavab verdin. Kənddən gəlmiş uşaq idim. Bilmirdim ki, şikayət eləyə, komissiya qarşısında yoxlamadan keçə bilərəm. Bunları bilmirdim, başa salan da olmadı. Məni universitetə şərti qəbul elədilər. Nə idi bu? Yanvara qədər təqaüd almayacaqdım, yataqxanada yerim olmayacaqdı. Baxdım ki, bu şərtlər altında oxumağım mümkün deyil, sənədlərimi alıb qayıtdım kəndə. Rus dilini yaxşı bildiyimə görə ingilis dilini də yaxşı oxumuşdum. Kəndə qayıdandan sora ingilis dili müəllimim Məryəm xanım dedi ki,  indi bu dilə tələbat çoxdu, sənin də dil öyrənmək qabiliyyətin yaxşıdı, niyə gedib ingilis dili fakültəsinə girmirsən? Bu da belə oldu. Tale elə gətirdi ki, tarix fənnini seçməyimə baxmayaraq, tamam başqa istiqamətə yönəldim. Qismət belə imiş.
- Qayıdaq doğma kəndinizə, niyə ora Düzqırıxlı adlanır və Düzqırıxlı sizə görə nədir? Nələr danışıblar oralarda, nələr eşitmisiniz?
- Əslində, bu "qıraqlı"dı. Biz Kürün qırağında yaşamışıq. XX əsrin əvvəlində Kür qırağından gəlmişik Tovuzun Aran hissəsinə, dəmir yolunun qırağına. Tiflisə gedən şosse bizim kəndin yanından keçir. Yəni, kənd əslində Düzqıraxlıdı. Burada başqa bir məqam da var. "Qırıqlı" böyük bir tayfadır. Bununla da müəyyən bağlılığı ola bilər. Çünki "Düzqırıxlı" da deyən var, "Düzqıraxlı" da. Bir kəndimiz də var rayonda,  adına Dönük Qırıqlı  deyirlər. Bu kənd Əhmədli nəslindəndir. Əhməd bəy olub, gedib bizim kənddən 2-3 km. aralıda məskən salıb. Sonra da yavaş-yavaş kənd əmələ gəlib. Adını da qoyublar Dönük Qırıqlı. Uzun müddət sovetlik bir olub. Mənə görə Düzqırıxlı yalnız bir yaşayış məskəni deyil, o, bir dünyadı. Ata-anamın sağlığında elə hey can atırdım kəndə. İki ayda bir, üç ayda bir gedirdim. Sonra da qardaş-bacı aralandı, hərə bir yana düşdü. Kənddə bircə bacım qaldı. Belə-belə get-gəl azaldı. Təbii ki, ora mənim pərvazlandığım, dünyaya ayaq açdığım bir yerdi. Müharibədən sonrakı illərdə, 51-52-də dolanışıq çox çətin idi. Müharibə vaxtı camaatın olan-qalanını götürüb aparmışdılar. Yükdən yorğanı çəkirdilər. Guya ki, Azərbaycan müharibədən çıxmayıb, guya bizim ehtiyacımız yox idi. Halbuki adicə yavan çörək sarıdan çox əziyyət çəkirdik. Bir az diribaş adamlar gedib Gəncədən çörək alıb gətirirdi, satırdı. Eyni əziyyəti biz də yaşıyırdıq. Həmin ağır vaxtlarda birdən yadıma düşdü ki, axı bizim də Gəncədə tanışlarımız var. Hümbətəli kişiynən Pərzad xala. Getdim tapdım onları, müharibə vaxtı anamın çox yaxşılığı dəymişdi onlara. Sağ olsunlar, dar ayaqda mənə kömək elədilər. Deməli, səhər saat dörddən adamlar sıraya durub çörəyin gəlməyini gözləyir. Gecə yatmırıq, adambaşı iki çörək verirlər. Hümbətəli kişi, Pərzad xala və mən üçümüz dururuq sırada, altı çörəyi alıram, qayıdıram kəndə. Kəndin girəcəyində iri bir tut ağacı vardı, çörək satanlar otururdu onun kölgəsində, camaat da gəlib alırdı. Birinci mənim çörəyimi alırdılar. Öz aralarında belə sözləşiblər, hətta qarğış da eləyiblər ki, Paşa oğlu Məhəmmədin oğlunun çörəyi qurtarmamış bir adamnan çörək alana Allah lənət eləsin. Mən böyüdüm, yaşa doldum, ağlım kəsdi, Allah da imkan verdi ta yetmiş yaşa qədər kənddə elə bir xeyir-şər yeri olmadı ki,  ora getməyim. Yaşlaşandan sonra bir az gediş-gəliş çətinləşdi. Yas yerinə kənd adamı 10-15 manat verəndə mən əlli manat verirdim. Özü də kəndə getdimmi, tay bu qohumun, bu qardaşın evidi deyib ora düşmürəm. Kəndi gəzib-dolanıram, yorulanda hər hansı qapını olsa açıb bir stəkan çayların içirəm. Bu, təkcə mənə olan hörmət deyil. Nəslimizə, ailəmizə hörmət var o kənddə. Atam adi adam olub. Qəribə xasiyyəti var idi. Kitabı vardı, kənddə, kolxozda kim hansı işi görürdüsə onun qeydiyyatını, haqq-hesabını aparırdı eləcə könüllü. Ömrü boyu kənddə hesabdar işləyirdi. İllər sonra o kitabın əsasında camaata pensiya təyin olundu. Atam müharibə vaxtı gedir düşür İsveçrəyə. Bir bankirin mal-heyvanına qulluq eləyir. Heyvanların yatdığı yerdə balaca bir otaqda qalırmış atam. Bir gün bankirin oğlu ağacın dibində oturub hesab dərsini yazırmış. Atam da kənardan göz qoyur ki, uşaq hesabları düz eləmir. Dəftəri alır, oğlanın səhvlərin düzəldir. Çox gözəl xətti vardı, muncuq kimi yazardı. Axşam bankir məsələdən xəbər tutur, malabaxanın yazı-pozusuna heyrətlənir. Tapşırır ki, onun kimliyini, nə işin sahibi olduğunu öyrənsinlər. Kişini yuyundurub, çimizdirib, səliqəyə salıb gətirirlər ev sahibinin yanına. Atamın danışığı, davranışı çox xoşuna gəlir, özü yaşadığı evdə atama da bir otaq ayırtdırır. SSRİ-yə qayıtmaq vaxtı çatanda ona həmişəlik qalmağı təklif eləyir. Subay bir bacısı varmış evdə. Deyir bacımla evlən, burda rahat yaşa. Atam deyir ki, qala bilmərəm, ailəm, dörd uşağım illərdi yolumu gözləyir. Atam yola çıxana yaxın bankir bir çamodan gətizdirir. Lap altdan bir sıra çox bahalı, üst qatdan da sıra ilə nisbətən ucuz saat yığırlar. Bankir deyir ki, bu bizdən hədiyyədi, apar, ailənə lazım olar. Yolda səni saxlayan olsa, üstdəki saatlardan verib keçib gedərsən, amma altdakıları bildirmə. Atam gəldi çıxdı. Gələndən sonra da ölənə qədər hesabdar işlədi. Heç haranı bitirməmişdi ha. Kəndimiz ayrı-ayrı basanaqlar idi. Hamı atama hörmət eləyirdi, ona çox inanırdı camaat. Sovxoz direktoru təsərrüfatın bütün açarlarını ona etibar eləyirdi. Vicdanlı adamdı. Bizə öyüd-nəsihət verəndə deyirdi ki, içki də için, gəzin də, istəsəniz papiros da çəkin, yeri gələndə fit də çalın, ancaq iki şeyi qətiyyən eləməyin. Birinci, qumardan uzaq durun, ikinci də o qırmızı şeydən yığmayın. Dediyi kimi deyirəm ha. "Qırmızı şey" də qızıla deyirdi. Rəhmətlik babamın çoxlu qızılı olub... Biz bunun nəticəsini müharibədən sonra gördük. Özüm şahidiyəm. Bizim əslimiz Ərdəbil tərəfdəndi. Qohumlarımız Gəncədə yaşayırdı. Gəncəyə xəbər gəlir ki, Nikolay taxtdan düşüb. O vaxt çervon var imiş, yüzlük. Qızıldan bir az baha imiş. Babamı aldadırlar, qızılı dəyişir çervona. Əl damımız varıydı, onu sökəndə bir çuvala yaxın çervon çıxdı onun divarından. Çervon da nə çervon, nə cırılmır, nə yanmır. Gör bir pulu nə keyfiyyətdə buraxırlarmış. Külək o pulu hara gəldi dağıdırdı. Bunu gözlərimlə görəndən sonra başa düşdüm ki, atam bizə niyə elə deyirmiş. Onun nəsihətinə əməl elədim, qızıla baş qoşmadım. Heç həyat yoldaşıma da əməlli-başlı qızıl, zinət almamışam.
- İndi böyük babasınız. Baba da babasız deyil. Atanız Məhəmməd kişiyə qədər nəsil şəcərənizi anlada bilərsinizmi?
- Hacı Mustafalar nəslindənik. Onlar Ərdəbildən gəliblər. Bir qismi Gəncədə binə tutub. Babam heyvandarlıqla, torpaqla məşğul imiş. Mülkədar olub. Kəndimizdə öz əcəliynən dünyasını dəyişən yeganə mülkədardır Paşa kişi. Kim qapısına borca gəlsə, əliboş qayıtmazmış. Payızda məhsul yığılan vaxtı gətirib borcunu ödəyərmiş. Amma borcu vaxtında qaytarmayan adama bir də heç nə vermirmiş.  1918-ci ildə kəndimizdə məktəb tikiləndə çox kömək eləyib. Mən həmin məktəbi bitirmişəm. Bir gün babam yolnan gedəndə görür ki, milis bir dəstə adam aparır. Soruşur ki, nədi, a bala, hara aparırlar sizi. Biri cavab verir ki, bizi Tovuza milisə aparırlar, həbs eləyəcəklər. Deyir, niyə? Deyir, könüllü vergini vermədiyimizə görə. Milislərdən soruşur ki, a bala könüllü nədi, həbs nədi? Bu nə olan şeydi belə? Bəs, bu könüllü vergi nə qədərdi? Deyirlər ki, bəs filan qədər. Babam pul kisəsini çıxardır, könüllü vergini ödəyir, adamları buraxdırır. Mülkədar olmağına baxmayaraq heç kimi incitməyib, hamıya kömək eləyib. Bir suçu Abbas kişi vardı kənddə. Bir gün soyuqlu havada gedir 50 hektar sahəni sulayır, gəlir babama desin ki, bəs sahəni suvarıb qutardım. O vaxt da indiki kimi çəkmə-zad nə gəzirdi. Babam nənəmə deyir ki, tez Abbasa yumşaq bir yemək ver, isti-isti yesin, canı qızışsın. Mütəkkəni də qoy peçin yanına bir az dincəlsin. İsti peçin böyründə mütəkkəyə dirsəklənən Abbası yuxu aparır, başlayır xoruldamağa. Oyanandan sonra babam deyir ki, bəxtəvər başına, xoş halına, ay Abbas. Abbas babamın sözündən bir az alınır, fikirləşir ki, bu qədər zülmün qabağında bu kişi niyə mənə bəxtəvərlik oxuyur. Babam da arif adamdı, onu çox intizarda saxlamır. Deyir ki, sənə nə var ki, gedirsən, çətin də olsa işini görüb qayıdırsan, başını yastığa qoyub yatırsan. Mən yatammıram, ay Abbas. Gecələr aranı dağa aparıram, dağı arana gətirirəm. Deyirəm sürü filan yerdədi, görəsən nooldu, otun-alafın dərdini çəkirəm. Çoban xəstələnir, gələmmir, fikirləşirəm ki, onu kim əvəz eləyəcək. Sən bilmirsən bu dünyada nə çətinliklər var, ay Abbas. Babam 1934-cü ildə ölüb, öz əcəliynən...

Davamı gələn sayımızda


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!