Əlyazmalar İnstitutunun əməkdaşları elmi araşdırmalarını onlayn davam etdirirlər

 

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun kollektivi sosial təcrid və xüsusi karantin rejimində elmi fəaliyyəti davam etdirir.

İnstitutdan bildirilib ki, elmi müəssisə #evdə qal // işdən qalma rubrikası adı altında əməkdaşlarının fəaliyyətini təqdim edir. İnstitutun alimləri tədqiqat işlərinin nəticələrini nüfuzlu elmi jurnallara, müxtəlif elmi məcmuələrə təqdim edirlər. Bu məcmuələr sırasında AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun mətbu orqanları da var. Çapa təqdim edilən materiallardan biri Əlyazmalar İnstitutunun Elmi fondlar şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nailə Mustafayevanın “Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının redaksiyasına göndərdiyi “Özbək şairi Təbibinin Məhəmməd Hadinin qəzəlinə yazdığı təxmis barədə” məqaləsidir.

Məqalədə qeyd olunur ki, bu təxmis Təbibinin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanan avtoqraf divanından aşkar edilib. Qeyd edək ki, Əhməd Təbibinin Əlyazmalar İnstitutunda saxlanan divanında Füzulinin bir neçə qəzəlinə də təxmisləri var.

Vurğulanıb ki, Hadinin təxmis olunan qəzəli klassik poeziyada rast gəldiyimiz bir sıra şeirlərdə olduğu kimi saqiyə müraciətlə başlanır. Şeir xalqın düşünən, ağıllı, ziyalı övladlarının qəm-kədər, ehtiyac içində yaşamalarından bəhs edir. Təbibi bu şeirə yazdığı təxmisdə, Hadinin hər beytinə əlavə etdiyi misralarda onunla həmfikir olduğunu göstərir. Özbək şairinin Azərbaycan dilini yaxşı bildiyini, Hadinin fikirlərini dərindən dərk etdiyini görürük. Təxmisdə Təbibinin misraları Hadinin beytlərini tamamlayır, iki qardaş xalqın şairinin həmməslək olduğu diqqətə çatdırılır.

Fikrimizcə, Təbibinin avtoqraf divanı Azərbaycana Hadi vasitəsi ilə düşüb. Ehtimal edirik ki, şair Həştərxanda yaşayarkən Əhməd Təbibi ilə tanış olmuş, Təbibinin divanını ondan almış, sonra vətənə qayıdarkən özü ilə gətirmişdir. Yəni Hadi ilə Təbibi arasında dostluq münasibətləri olub. Özbək şairinin təxmisi göstərir ki, o, Hadiyə həm də əqidəcə yaxın olub. 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!