Bədii Tərcümə Mərkəzi və “Ədəbiyyat qəzeti” Azərbaycan Dövlət Televiziyasının dəstəyi ilə “#EvdəQal” kampaniyasına qoşuldu
Edebiyyatqazeti.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi “Ədəbiyyat qəzeti” ilə birgə Azərbaycan Dövlət Televiziyası və Radiosunun dəstəyi ilə Koronavirus Pandemiyasının qarşısının alıması ilə bağlı tətbiq edilən karantin rejiminə öz töhfəsini vermək məqsədi ilə “#Evdə Qal” kampaniyasına özünəməxsus tərzdə və yeni layihə ilə qoşulub.
Mərkəzin sədri, şair Səlim Babullaoğlu 20 ölkədən 24 şairə ölkəmizin insanlarına mənəvi dəstək olması üçün şeir oxumaq təklifi ilə müraciət edib, şairlər də bu təklifə müsbət cavab veriblər. Artıq dünəndən Azərbaycan Televiziyasının efirində şairlərin ifasında öz şeirlərini oxuması və translyasiyası başlayıb. Türkiyənin görkəmli şairi Ataol Bəhramoğlunun “Bahar şeiri”ilə start götürən “Dünya şairləri Azərbaycan üçün şeir oxuyurlar” layihəsinə Türkiyədən daha 2 şair Heydər Ərgülən və Yeşim Ağaoğlu, Moldovadan Nikolae Spetaru, ABŞ-dan Aleksandr Səlimov, Rumıniyadan İon Hadırke, Rusiyadan Sergey Qlovyuk, Argentinadan Silviya Zimmerman, Gürcüstandan Şota İataşvili, İtaliyadan Laura Garavaglia, Serbiyadan Milisa Liliç, Özbəkistandan Fəxrəddin Nizam, İrandan Mustafa Məstur və Kamran Rəsulzadə, Almaniyadan Orxan Araz, Omandan Aişə Əd Dərməki, Belarusdan Tatyana Sivets, Polşadan Culia Fedorçuk, BƏƏ-dən Əli Əl Əmiri, Qırğızıstandan Dalmira Tilepbergenova, Ukraynadan Marianna Kiyanovska, Moldovadan-Qaqauz Elindən Todur Zanet, Estoniyadan Maaryo Kanqro kimi məşhur şairlər qoşulublar.
Qeyd edək ki, layihə 2 həftə ərzində davam edəcəkdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!