Əjdər Olun yeni kitabı işıq üzü gördü


Əjdər Olun “Qəzənfər müəllimgilin Şuşaya yürüşü”  kitabı “Çağdaş nəsrin ustaları” seriyasından...
 
“ATV Kitab”dan “Hədəf nəşrləri ” ilə…

ATV –nin  “Hədəf nəşrləri ” ilə yeni təsis etdikləri “Çağdaş nəsrin ustaları” seriyasından II kitab - çağdaş ədəbiyyatımızın tanınmış nümayəndəsi,  milli  ədəbiyyatımızda  portret hekayələrin bir janr həddinə qaldırılaraq formalaşmasında xüsusi rolu olan  usta yazıçı  Əjdər Olun  “Qəzənfər müəllimgilin Şuşaya yürüşü”  hekayələr toplusu işıq üzü gördü. 

Nəşrin əsas məziyyəti budur ki, kitabda müəllifin indiyə qədər heç bir yerdə dərc edilməyən bir neçə hekayəsi də daxil olmaqla bu günə kimi yazdığı bütün  hekayələri toplanıb.  368  səhifəlik yüksək poliqrafiya ilə nəşr edilən kitabın  redaktoru Səlim Babullaoğlu, naşir Müşfiq Xandır.  Kitab üzərində Səbuhi Şahmursoy, Tamerlan İsmayılzadə (dizayn və qrafika), Bəxtiyar (texniki redaktor) və Lətafət Səmədova (korrektor) çalışıbılar.

Kitabda müəllifin geniş bioqrafiyası ilə yanaşı yazıçının müasiri olan bir çox həmkarının  rəyi yer alıb.
Mərhum yazıçı Rafiq Tagı Əjdər Olu zahirində soyuq mərmər sütunlu, batinindəsə, olduqca təbii, təzəcə şumlanmış torpaq ətirli hesab edərək deyir ki, o içi lirikalı poladdır...

Ədəbiyyatşünas Sabir Bəşirov hesab edir ki, Əjdər Olun yaradıcılığını xarakterizə edən cəhətlərdən biri də insana sevgidir:  «Qəribədir, gülüş hədəflərini bu qədər qəddarlıqla, sərtliklə və dəqiqliklə təqdim edən yazıçı onlara qarşı elə bir mərhəmət, insani hiss oyada bilir ki, biz onlara nifrət etmirik, hətta onlara rəğbət hissi yaranır...»

Türkiyəli  yazıçı və  eyni zamanda Əjdərin əsərlərinin türkcəyə uğurlu tərcüməçisi İmdat Avşar isə yazır ki, bir tarixi dövrün inşa etdiyi qaranlıq arxa planın önündəki səhnədə Əjdər Olun bəzən dramatik, bəzən tragik, zaman-zaman isə mizahi bir üslubla ələ aldığı, böyük dəyişiklik dalğasıyla sərt qayalara çırpılıb sahilə atılan Azərbaycan insanları vardır...

Əməkdaşımızla söhbətində “ATV Kitab” layihəsinin rəhbəri və kitabın  redaktoru Səlim Babullaoğlu  bunları deyib: « Əjdər Ol adı milli hekayəçilikdə artıq bir etalondur. Bu qə­naətdəyəm ki, Əjdər Ol nəsrimizin o qədər də yaşlı olmayan tarixi boyu, həm də çağdaş ədəbi pro­se­si­miz­də portret yazıların əvəz­olun­maz ustasıdır, onun yaz­dıqları həqiqi şedevr­lərdir…Onun hekayələri bizim yeni tariximizin bədii təcəssümüdür. Və biz hesab edirik ki,  Əjdər Ol  indiyəqədər qələmə aldığı bütün hekayələrinin «Çağdaş nəsrin ustaları» seriyasından nəşri seriyanın  çəkisindən xəbər verir və  əlbəttə ki, böyük maraqla oxunacaq» . 


“Hədəf Nəşrləri”nin rəhbəri Şəmil Sadiq  deyir ki, «Çağdaş nəsrin ustaları»   seriyası həqiqi ustaları çap edir və Əjdər Ol da bu adı çoxdan qazanmış yazıçımızdır.  Söyləyirlər, Çexovun əsərləri ilə Rusiyanı kərpic-kərpic tikmək olar.  Bütün mübaliğəli tərəfləri bir kənara buraxıb ürəklə demək olar ki,  Əjdər Olun hekayələri əsasında müasir dövrümüzün çox səciyyəvi dövr və insanlarını görmək, hiss eləmək olar.  Şadam ki, onun kitabı məhz bu seriyadan işıq üzü görür. Bu həm də bizim üçün ciddi uğurdur.  Necə deyərlər, oxucusuna tez çatsın
“Çağdaş nəsrin ustaları” seriyasının məşvərət heyətinə Vüqar Qaradağlı, Şəmil Sadiq, Səlim Babullaoğlu, İlqar Fəhmi, Azər Turan, Seyfəddin Hüseynli, Müşfiq Xan, Əliş Mirzalı, Səbuhi Şahmursoy daxildirlər.
Nəşrə informasiya dəstəyi “Ədəbiyyat qəzeti", www.manera.az və “Ustad” dərgisi tərəfindən verilir.

Kitabı şəhərin əksər kitab dükanlarından, eyni zamanda “ Kitabevim” kitab mağazası və satış şəbəkəsindən əldə etmək olar. 
www.kitabevim.az saytı və bu telefon nömrələrdən daha ətraflı məlumat almaq olar: (012) 498 79 89,  (055) 877 24 44


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!