Latviyada İmadəddin Nəsiminin yaradıcılığına həsr edilmiş elmi-praktik konfrans təşkil olunub

 

Latviya Dövlət Universitetinin Akademik Kitabxanasında UNESCO-nun təsis etdiyi Ümumdünya Poeziya Günü ərəfəsində görkəmli mütəfəkkir İmadəddin Nəsiminin 650 illiyi münasibətilə elmi-praktik konfrans keçirilib.

Nəsiminin yaradıcılığını Latviya ictimaiyyətinə tanıtdırmaq məqsədi daşıyan konfrans Riqa Klassik Gimnaziyasının direktoru, “Ocaq” Latviya-Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Roman Əliyev tərəfindən təşkil edilib.

Konfransı Latviya Dövlət Universitetinin Akademik Kitabxanasının direktoru, filologiya elmləri doktoru Venta Kotsere açaraq tədbirin əhəmiyyətindən söz açıb. Dünya mədəniyyəti, elmi və ədəbiyyatının görkəmli şəxsiyyətlərinin tanıdılması yönündə reallaşdırılan layihələrdən danışan V.Kotsere kitabxanada fəaliyyət göstərən informasiya mərkəzlərinin, o cümlədən Azərbaycan İnformasiya Mərkəzinin yerinə yetirdiyi vəzifələr haqda toplantı iştirakçılarına məlumat verib. O, mərkəzdə Azərbaycan səfirliyinin təşəbbüsü ilə təşkil olunmuş Azərbaycan dili kurslarının işinin təqdirəlayiq və səmərəli olduğunu diqqətə çatdırıb.

Konfransın təşkilatçılarına təşəkkürünü bildirən Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov mütəfəkkir şairin ədəbiyyatımızın təşəkkülü və inkişafında müstəsna xidmətlərindən danışıb. Diplomat şairin tanınmasında Azərbaycan dövlətinin gerçəkləşdirdiyi layihələrin rolunu da vurğulayıb.

Gimnaziyanın direktoru, Latviya Təhsil və Elm Nazirliyi nəzdində məsləhət şurasının sədri Roman Əliyev Nəsiminin fikir dünyası haqqında məlumat verib. O, bəzi Avropa filosofları ilə Nəsiminin konsepsiyalarında ümumi cəhətlərin mövcudluğuna diqqət çəkib. Həmçinin Nəsimi şeirlərinin tərcüməsi barədə danışaraq, şairin qəzəlini latış dilində söyləyib. Azərbaycan tarixi və mədəniyyətinə dair latış oxucularına dəyərli məlumat verən “Azərbaycan tarixinin labirintləri” kitabının müəllifi olan R.Əliyev həmin kitabda Nəsimi haqqında da informativ materialın yer aldığını qeyd edib.

Filologiya elmləri doktoru Biruta Yegere “Nəsiminin farsdilli şeirləri” mövzusunda məruzə ilə çıxış edib, şairin bir neçə qəzəlini farsca səsləndirib. B.Yegere Azərbaycan Dövlət Universitetinin (hazırkı Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsində təhsil aldığı illəri, öz azərbaycanlı müəllim və həmkarlarını böyük minnətdarlıq və sevgi ilə xatırlayıb. Latviyalı alim Bakıda qazandığı təcrübəni öz tələbələri ilə həvəslə bölüşdüyünü, Azərbaycan mədəniyyətinə məhəbbətini gənclərə aşılamağa çalışdığını söyləyib. B.Yegere konfransın Nəsiminin, ümumiyyətlə, Azərbaycan ədəbiyyatının təbliğində əhəmiyyətli rol oynadığını vurğulayıb.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadə çıxışında Nəsimi yaradıcılığının müxtəlif elm sahələrinin təmsilçiləri, o cümlədən sənətşünaslar üçün də maraq kəsb etdiyini bildirib. O, Nəsimi əsərlərindən əxz olunan biliklərin dövrün musiqi mənzərəsini təsəvvür etməyə yardım göstərdiyini vurğulayaraq muğam, musiqi və poeziyanın sıx bağlılığı, qədim milli musiqi alətlərinin müxtəlifliyi kimi məsələlərə toxunub. Məruzənin ikinci bölümünü alim “Nəsiminin obrazı və poeziyası müasir Azərbaycan musiqisində” mövzusuna həsr edib, Fikrət Əmirov, Firəngiz Əlizadə kimi bəstəkarlar, Alim Qasımov, Sevda Ələkbərzadə kimi ifaçıların çıxışı ilə əsas müddəalarını illüstrasiya edib.

Z.Dadaşzadə 2019-cu ildə ölkəmizdə elan edilən “Nəsimi ili” çərçivəsində Bakıda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ikinci dəfə keçirilən “Nəsimi – şeir, incəsənət və mənəviyyat” festivalı barədə də konfrans iştirakçılarına məlumat verib.

Latviyalı tələbələr öz ana dilində Nəsiminin həyat və yaradıcılığına dair əsas faktları auditoriyaya çatdırıb, Azərbaycan, ingilis, alman, fransız, latış, rus dillərində şairin şeirlərini söyləyiblər. Nəsiminin “Haradasan” qəzəlinin Azərbaycan dilini Latviyada illər uzunu tədris edən Günay Əliyeva və tanınmış sənətkar, Mixail Çexov adına Riqa Rus Dram Teatrının aparıcı aktyoru Yakov Rafalsonla dialoqda Azərbaycan və rus dillərində həzin musiqinin sədaları altında duyğulu ifası konfransın bədii hissəsinə xüsusi rəng qatıb.

Sonda gimnaziyanın direktoru R.Əliyev konfrans iştirakçılarına xatirə hədiyyələri və müəllifi olduğu “Azərbaycan tarixinin labirintləri” kitabını təqdim edib.

Qeyd edək ki, ötən ilin noyabrında Riqa Klassik Gimnaziyasında Nəsiminin yubileyinə həsr olunmuş elmi-bədii gecə keçirilib. /Azərtac/


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!