Edebiyyatqazeti.az xəbər verir ki, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mirzə Baxış Nadimin seçilmiş əsərlər toplusunun ikinci kitabı çapdan çıxıb.
İnstitutdan bildirilib ki, toplunu nəşrə hazırlayanlar Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov və Multidissiplinar əlyazmalar şöbəsinin baş elmi işçisi, filologiya üzrə elmlər doktoru Raqub Kərimovdur. Kitabın elmi məsləhətçisi Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, redaktoru Farsdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Hacı Mustafa Mailoğludur.
Mirzə Baxış Nadimin avtoqraf əlyazması əsasında nəşr olunan kitaba şairin ictimai məzmunlu, satirik şeirləri ilə bərabər, lirik-aşiqanə qəzəlləri, avtobioqrafik məzmunlu əsərləri, mənzum məktubları, dini və didaktik-nəsihətamiz şeirləri daxil edilib.
Qeyd edək ki, son illərə qədər şairin cəmi bir neçə şeiri işıq üzü görüb. İlk dəfə 2018-ci ildə Paşa Kərimov və Raqub Kərimov şairin əlyazmaları əsasında onun şeirlər toplusunun birinci kitabını tərtib edərək nəşrə hazırlayıblar.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!