Edebiyyatqazeti.az xəbər verir ki, ötən gün Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Xalq şairi, AYB Ağsaqqallar Şurasının sədri Nəriman Həsənzadənin ideya müəllifliyi və tərtibçiliyi, Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun dəstəyi ilə işıq üzü görən "Qələmlə, Silahla..." adlı kitab-albomun təqdimat mərasimi keçirildi. Tədbiri AYB-nin sədri, Xalq yazıçısı Anar açaraq təqdim olunan kitab-albomun tarixi köklərə bağlı Ordu-Söz sənəti vəhdətinin dəyərli ifadəçisi olduğunu vurğuladı. Qeyd etdi ki, Azərbaycanın söz adamları, şair və yazıçılarımız həmişə orduyla sıx əlaqədə olub. Bütün dövrlərdə ədəbiyyat vətənçilik, ordu quruculuğu prosesinin ilhamvericisi olub. Qələbəyə yönəli bütün mübarizələrin yolu hər şeydən əvvəl ədəbiyyatdan keçir. Tarixən əcdadlarımız sözün qüdrətini silahdan üstün biliblər. Vətəndaşlıq, yurd sevgisi yazıçılarımızın əsas mövzusu olub: "Ermənilərin Qarabağ avantürası başlanan ilk gündən yazıçılarımız Söz silahıyla mübarizəyə qoşulublar. Heydər Əliyev Moskvada tutduğu yüksək vəzifədən namərdcəsinə uzaqlaşdırılandan 20 gün sonra adı bədnam akademik Aqanbekyan Parisdə Qarabağ münaqişəsinə start verdi. Bu xəbər Bakıya çatan kimi, ilk etiraz səsini qaldıran Yazıçılar Birliyi oldu... Qara Yanvar hadisələri haqqında da, Xocalı qətliamı haqqında da Moskva mətbuatı vasitəsilə bütün dünyaya ilk xəbər verən Yazıçılar Birliyi oldu. "Pravda" və "İzvestiya" qəzetlərində qəzəbli müraciətlərimiz çap olundu... Cəbhə xəttinə, həm də atəşkəs razılığından əvvəl, dəfələrlə səfərlər etdik... Qarabağ uğrunda döyüşlərdə Azərbaycan yazıçılarından Xəlil Rza Ulutürkün, Sabir Əhmədlinin, Qaçay Köçərlinin, Nəsib Ələkbərovun övladları qəhrəmancasına şəhid oldular. İstedadlı gənc şair Nizami Aydın Qarabağ döyüşlərində həlak oldu. Başqa bir istedadlı şair Alı Mustafayev dikuçar qəzasına düşdü. Qara Yanvar günlərində qətl edilmiş gənc şair Ülvi Bünyadzadənin misraları bir nəslin manifesti kimi səsləndi: "Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik...".
Təqdim edilən kitab da belə bir müqəddəs və vacib fikir ucalığını aşılayır. Burada yazıçılarımızın ordu haqqında ürək sözləri toplanıb".
Tədbirin aparıcısı, Xalq şairi, "Qələmlə, Silahla..." kitab-albomun tərtibçisi və ideya müəllifi Nəriman Həsənzadə layihənin gerçəkləşməsində əməyi olan hər kəsə, o cümlədən Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənova, Müdafiə Nazirliyi Hərbi Nəşriyyatının rəisi, polkovnik-leytenant Samir Əfəndiyevə, kitab-albomun redaktorları akademik Nizami Cəfərova və Lalə Hüseynovaya dərin minnətdarlığını bildirdi. Qeyd etdi ki, yazıçılarımız daim dövlətimizin, ölkə başçımızın, ordumuzun yanındadı. Xalq yazıçısı Anarın dediyi kimi, "Böyük zəfər günümüzə qədər söz silahımızı yerə qoymayacağıq".
Nəriman müəllim onu da vurğuladı ki, Azərbaycan ordusunun Aprel zəfəri haqqın zəfəridi. "Həmin gün Ordumuz öz tarixini yazdı. Aprel döyüşləri onu göstərdi ki, xalq Prezidentinin, Ali Baş Komandanının ətrafında sıx birləşib. Müharibə gedən ölkədə söz bir olmalıdır. Söz yalnız Vətən sözü olmalıdır. Əminəm ki, tezliklə böyük qələbənin sevincini yaşayacağıq. Və bu qələbənin sevinc notları yazıçılarımıza yeni, parlaq mövzular verəcək. Anar müəllimin bu kitaba yazdığı ön söz eyni məsləkə xidmət edən orduyla Söz sənətimizin tarixi birliyinin bütün mərhələlərini əhatə edir. Təqdim edilən kitab-albom bu sahədə bir ilkdir. Hesab edirəm, layihəmiz davamlı olacaq".
Akademik Nizami Cəfərov diqqətə çatdırdı ki, bu kitabı böyük məhəbbətlə, mənəvi borc hissilə hazırlamışıq: "Hər kəs ürəklə çalışıb, bacardığını edib. Əsas odur ki, Azərbaycan yazıçılarının həyatı həmişə orduyla bağlı olub, eyni zamanda ordu da həmişə ədəbiyyatla bağlıdı. Orduya yazıçı münasibətinin mənzərəsi kitab-albomda yetərincə əks olunub. Burada tarix var. Çox böyük milli duyğularla yanaşma faktı, reallığı var...".
Sonra Xalq şairi Musa Yaqub, Xalq yazıçıları Mövlud Süleymanlı, Elmira Axundova, "Ədəbiyyat qəzeti"nin məsul katibi Atababa İsmayıloğlu, şair-tərcüməçi Yusif Savalan, Cocuq-Mərcanlı tam orta məktəbinin müəllimi Səidə xanım, Təbrizdə işıq üzü görən "Xudafərin" jurnalının baş redaktoru Hüseyn Şərqi Soytürk, şair Zəminə Xınalı və hərbi jurnalist Vahid Məhərrəmov çıxış edərək təqdim edilən kitabın tarixi əhəmiyyətindən söz açdılar, təkliflərini bildirdilər.
Polkovnik, şair Abdulla Qurbani tədbirdə çıxış edərək dedi: "Bu gün Azərbaycan əsgərinin hər şeyi var; yeməyi, fəaliyyət göstərmək üçün şəraiti... Yalnız bircə mənəvi, ruhi qidaya ehtiyac var. Bu qidanı ədəbiyyat, bu gün təqdim edilən kitablar verir. Ordu yazıçılarımızdan bunu gözləyir...".
Sonra o, Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Xalq şairi Nəriman Həsənzadəyə ünvanladığı məktubu oxudu və hədiyyəsini təqdim etdi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!