Edebiyyatqazeti.az xəbər verir ki, Qardaş Qazaxıstanda yaşayıb-yaradan görkəmli uyğur yazıçısı Əhmədcan Əşirinin ünlü “İDİKUT” tarixi romanı bugünlərdə Bakıda işıq üzü görüb. “İDİKUT” romanı bundan öncə Qazaxıstan Dövlət Nəşriyyatında (Almata), Türkiyədə “BENGÜ” Basım Evində (Ankara) və b. ünvanlarda, üst-üstə minlərlə tirajda nəşr edilib, oxucular tərəfindən rəğbətlə qarşılanıb.
Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) və Qazaxıstan Xalqı Assambleyasının (QXA) ortaq yayını olaraq “Zərdabi Nəşr”də nəfis tərtibatla çıxan 502 səhifəlik nəşrin “Təqdim” yazısını QXA başqan müavini Canseyit Tüymebayev, “Önsöz”ü DGTYB Gənəşi (Məsləhət Şurası) üzvü, ADPU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru Təranə Turan Rəhimli yazıb.
Romanı Azərbaycan dilinə DGTYB Yönətim Kurulu üzvü, şair-publisist, tərcüməçi Taleh Mansur çevirib. Nəşrin baş redaktoru Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalıdır.
Nəşrin mələhətçiləri Malik Otorbayev (Qazaxıstan) və Ə.Kərim ad. Poeziya Evinin direktoru İbrahim İlyaslıdır.
Tarixi “İDİKUT” romanı “Bavurçuk Art Tekin”, “Kıtan dövlətində”, “Gizli dərd”, “Beşbalıq”, “Budda bayramı”, “Monqol vadisi”, “Müqəddəs Orhun”, “Tatatuna”, “Əhd-peyman təpəsi”, “Altın Bikənin sirləri”, “Uyğur qurultayı”, “Min ev bütləri”, “Sarı çadırdan xəbər var”, “Uyğur süfrəsində”, “Cəngnamə və qiyamət”, “Qılınc tutan avaralar”, “Sırdəryada qan axmaz”, “Qaraqorum və İdikut”, “Oğuz xanın ox-yayı”, “Orhun məzarında”, “Dəfn edilmiş büt”, “Savaş tanrısı Selde” kimi 42 bölümdən ibarətdir.
Əsərin məllifi Əhmətcan Əşiri 1938-ci ildə Almata şəhərinin Şelek rayonunun Malıbay kəndində doğulub. Panfilov Kollecindən və Qazax Dövlət Universitetinin Filologiya fakultəsindən məzun olub. Qazaxıstan Yazıçılar Birliyi Uyğur Ədəbiyyatı bölümünün başqanı və Qazaxıstan Yazıçılar Birliyinin Başqan müavini vəzifələrində çalışıb.
Ədəbiyyat-sənət həyatına 1956-cı ildən etibarən başlayan Ə.Əşirinin yayınlanan ilk hekayələri “Sabah məltəmi” və “Fərqli insanlar” olub; 1965-ci ildə “Belə yaşamaq istərəm” adlı hekayəsi yayınlanıb; sonra bir neçə kitabı çıxıb.
Əsərləri qardaş dillərə - Qazax, Qırğız, Özbək, Türk, eləcə də, Rus, Ukrayna dillərinə çevrilib.
“Ölməyənlər”, “Muğamçı”, “Tikan”, “İdikut” piyesləri Qazaxıstan Dövlət Uyğur Musiqi Teatrında oynanmaqdadır.
Müəllif müxtəlif təltiflərə, o cümlədən “Astana” medalına, “İlham” mükafatına layiq görülüb.
“Belə yaşamaq istərəm” (1965), “Bunu unutamaram” (1969), “Solmayan güllər” (1977) hekayələr, “Tək yovşan” (1980), “Nur Ana” (1988), “İdikut” (2003) kimi əsərlərin müəllifidir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!