Musiqiçi Yanko - Henrix Senkeviç

Ədəbiyyat üzrə altıncı nobelçi 1905-ci il: Henrix Senkeviç

Tatar əsilli polyak yazıçısı Henrix Senkeviç 5 may 1846-cı ildə  Rusiya İmperiyasının Polşa Çarlığında dünyaya gəlib. Zadəgan nəslindəndir.  Onun mənsub olduğu nəsil XVIII əsrə qədər islam dininə sitayiş edib, sonra xristianlığın katolik məzhəbini qəbul ediblər. Anası Belorusiya zadəgan nəslindən olub.
H.Senkeviç gimnaziya təhsilini Varşavada alıb, 1866-1870-ci illərdə Varşava Universitetinin baş məktəbində tibb və tarix- filologiya təhsili alıb. Yazıçı kimi ilk debütü tələbə ikən edib - “Həftəlik icmal” dərgisində çap olunub.1873-cü ildən “Polskiy qazeta”nın daimi felyetonçu müəllifi kimi fəaliyyət göstərib. 1874-cü ildə  “Niva” həftəliyin ədəbiyyat şöbəsinin müdiri işləyib. 1882-ci ildə konservativ meyilli “Slovo” (Söz) qəzetinin redaktoru olub. 1881-ci ildə Mariya Şetkeviç ilə ailə qursa da, bu evlilik 1885-ci ilə qədər sürüb, həyat yoldaşı vərəm xəstəliyindən vəfat edib. Ondan iki övladı qalıb.
1888-ci ildə naməlum pərəstişkarlarından birinin verdiyi 15 min rubl pulla vərəm xəstəliyindən əziyyət çəkən uşaqlara yardm etmək üçün xeyriyyə fondu yaradıb və fonda mərhum həyat yoldaşının adını verib.
1876-1879-cu illərdə ABŞ-a səyahət edərkən “Səyahətdən məktublar”ını çap etdirib. Avropaya qayıtdıqdan sonra bir müddət Parisdə yaşayıb, 1879-cu ildə Lvovda olub. Daha sonra bir sıra ölkələrdə - 1886-cı ildə Avstriyada, İngiltərədə, İtaliyada, Litvada, Fransada, İsveçrədə, 1891-ci ildə isə Rumıniyada, Bolqarıstanda, Türkiyədə, Yunanıstanda, Misirdə - səyahətdə olub.
Birinci Dünya müharibəsi başlayanda İsveçrəyə gedib və orada Polşanın müharibədə həlak olanları Komitəsinə rəhbərlik edib. 1916-cı ilin 15 noyabrında İsveçrənin Veve şəhərində dünyasını dəyişən yazıçını yerli katolik kilsəsində dəfn ediblər, 1924-cü ildə onun nəşini Varşavaya gətirib Müqəddəs İoan Krestitel kilsəsində torpağa tapşırıblar.
H.Senkeviçin yaradıcılığının ilk illərində qələmə aldığı əsərlərdə üç əsas mövzu - patriarxal məişətin unudulması (“Qoca xidmətçi qadın” və “Qanya”), kəndlilərin taleyi (“Kömürlə qeydlər” və “Musiqiçi-Yanko”), bir də ABŞ-a səyaəti (“Çörək ardınca”) - diqqət çəkir. 
Müəllifin ilk yaradıcılığı onu konservatorluğu ilə digər polşalı yazarlardan fərqləndiridi. Onun “Mayakdakı fənər” hekayəsi Polşa ədəbiyyatının ən dəyərli nümunələrindən hesab edilir. O “Atəş və qılıncla” (1883-1884), “Tufan” (1884-1886) və “Pan Volodıyevskiy” (1887-1888) romanlarından ibarət maraqlı və məşhur tarixi trilogiyanın müəllifidir. Ömrünün son illərini yazçı uşaqlara həsr edərək onlar üçün “Afrika cəngəlliklərində” macəra romanını qələmə alıb. Yazıçı polyakların Napoleon müharibələrində iştirakından bəhs edən “Legionlar” romanını tamamlaya bilməyib.
Henrix Senkeviç 1905-ci ildə “epos sahəsindəki böyük xidmətlərinə görə”  ədəbiyyat üzrə sayca altıncı Nobel mükafatçısı olub. Müəllifin “Musiqiçi Yanko” hekayəsini “Ədəbiyyat qzeti”nin oxucularına təqdim edirik.
 
 
Musiqiçi  Yanko
Hekayə
 
 
O dünyaya gələndə çox zəif idi. Doğan qadının uzandığı skamyanın ətrafına toplaşan mamaça arvadlar  ana ilə körpəyə baxıb başlarını buladılar. Şimanixa - dəmirçi arvadı - onların arasında ən çoxbilmiş qadın idi, ona görə də xəstəni sakitləşdirmək üçün ona:
- Qoy, - dedi, - mən sizin başınızın üstündə şam yandırım. Siz axı, - dedi,- bu dünyanın adamları deyilsiz, siz daha o dünyaya getməyə hazırlaşmalısız, gərək cənab Allaha dua edək ki, günahlarınızdan keçsin.
-Ba! - o biri dilləndi. - Oğlanı elə indi xaç suyuna salmaq lazımdır: çətin ksendzin gəlməyinə qədər yaşasın, heç olmasa başını qırxmağa ehtiyac qalmaz.
Beləcə, qərara aldıqları kimi, şam yandırdılar, sonra da uşağı qucaqlarına alıb üstünə su çilədilər, yazıq uşaq da sudan qorunmaq üçün gözlərini qıydı, onlar da dedilər ki:
-Səni ata, oğul və müqəddəs ruh adına xaç suyuna salır, sənə Yan adını veririk. İndi isə ey xristian ruhu, haradan gəlmisənsə ora da get. Amin! 
Amma xristian ruhu “gəldiyi yerə qayıtmaq üçün” azacıq da olsa həvəs göstərmədi, heç o balaca bədəni də tərk etmək fikrinə düşmədi, əksinə, cılız bədənin üstündəki arıq ayaqlar şıllaq atdı, ağladı, özü də yazıq-yazıq, sakit ağladı, onun səsini eşidən mamaçalar öz aralarında dedilər: “Pişik balasıdır, nədir - bircə Tanrı bilir!”
Ksendzin arxasnca xəbər yolladılar. Gəldi, öz işini gördü, getdi; xəstənin də halı yaxşılaşdı. Bir həftədən sonra qadın işə çıxdı. 
Körpə zor gücünə yaşayırdı, ancaq yaşayırdı. Dörd yaşı olanda qu quşu onun canındakı azarı “dimdkləyib” apardı, o da tam sağlam bir oğlan oldu, birtəhər ömrünün onuncu ilinə qədəm basdı. Həmişə arıq, qaraşın, yanaqları çuxura düşmüş, qarnı şiş olurdu. Saçları ağappaq idi, kəkili düz alnının ortasına düşür, iri, domba, həmişə bərəlmiş, həmişə harasa uzaq, naməlum bir nöqtəyə dikilən gözlərini örtürdü. Qış olanda oğlan sobanın kənarında oturar, soyuqdan içini çəkərək qızınardı, çox vaxt da içini ac olduğu üçün çəkərdi, yazıq anası nə sobaya, nə də onun qabına atmağa bir şey tapa bilməzdi. Yay olanda bircə köynəkdə dolaşardı, qurşağını bağlayar, başına içi samanla doldurulmuş kapuşon qoyardı, kənardan baxanda elə bilərdin quş yuvasıdır - yeriyir. Yazıq anası ac-yalavac olurdu, elə bil özgə damının altında yuva quran qaranquş idi, bəlkə yazıq arvad öz bildiyi kimi övladını da sevirdi, kim bilir, ancaq arada çırpırdı oğlunu, çırpanda ona “səfqulu”  da deyirdi. Səkkiz yaşı olanda oğlan çoban köməkçisi kimi naxır otarmağa getdi, evdə yeməyə heç nə olmayanda meşədə göbələk yığdı. Necə oldu ki, onu meşədə canavarlar yemədi - İlahinin lütfüydü! 
Çox bacarıqsız uşaq idi, kənd uşaqları bir-birləri ilə söhbət edəndə, o, işarət barmağını ağzına alıb susardı. Heç kəsin ağlına gəlməzdi ki, bu oğlandan “adam” olacaq, heç kəs düşünməzdi ki, bu oğlan nə vaxtsa anasına kömək edcək, çünki əlindən-başından heç bir iş gəlmirdi. Kimə oxşadığı - məlum deyildi, ancaq bir işi yaxşı idi - səs duyumu. Hər tərəfdən qəribə səslər eşidirdi, elə ki, bir az boy atdı, böyüdü, səsdən başqa heç nə barədə fikirləşmədi. Meşəyə inəkləri gətirməyə gedəndə, ya da elə giləmeyvə yığmağa yollananda əlini-qolunu sallayıb qayıdardı geri, sonra da dili topuq çalaraq deyərdi:
-Anacan, o meşədə elə bil nəsə “çalırdı”. Oy, oy! 
Anası ona:
-Mən indi sənin üçün çalaram, sən də görərsən!
Elədə qadın iri mətbəx qaşığını götürüb çırpırdı oğlanı. Oğlan da çığırıb deyirdi: “Daha eləməyəcəm, daha eləməyəcəm!”, ancaq ürəyindəsə fikirləşirdi: “Axı meşədə nə isə çalırdı!”  
Gecələr axşamdan səsi-küyü kəsilən kəndin qaranlığından qopan qarışıq səsləri tutur və ona elə gəlirdi ki, bütün kənd qəribə bir konsert verir. Hətta işləyəndə, tarlaya peyin səpəndə külək yabanın dillərinə toxunub inildəyirdi, o da həmin nəğməni eşdirdi.
 
  Bir dəfə heykəl kimi dayanıb küləkdən dağılan saçlarına əhəmiyyət vermədən acgözlüklə küləyin yaba ilə çıxardığı səsləri dinləyirdi, elə bu vaxt kimsə kəmərini çıxarıb havada yellədi və oğlanı xoş xəyalından ayırdı. Bax belə oğlan idi o! Ona görə də camaat ona “Musiqiçi Yanko!” adı qoymuşdu. Yazda arxın kənarına qaçıb söyüd köklərindən özünə tütək düzəldirdi, axşamlar isə, nohurdakı qurbağalar səs-səsə verib özlərinin çoxsəsli xoru ilə təntənəli şəkildə ötməyə başlayanda, otların arasında çəkçəki quşu zümzümə edəndə, gecə cücüləri fit çalmağa başlayanda, çəmənlərə şeh düşəndə və hasara qonan xoruzlar banlayıb kəndin müxtəlif yerlərindən səs-səsə verəndə musiqiçi Yanko gözlərini yumurdu və bu qarışıq səslərin içindən onun nə eşditdiyini bircə Allah bilirdi... Yazıq anası daha onu kostyola da aparmırdı, yoxsa, qəfildən orqan səsləndisə, ya da məlahətli səslə kilsə xoru dini mahnı oxumağa başladısa, oğlanın gözləri dumanlanırdı, ətrafa elə baxırdı ki, sanki bu o biri dünyanın adamıdır.
Gecə nəzarətinə çıxan qarovulçu kəndi dolaşanda, yuxusunu qaçırmaq üçün göydəki ulduzları sayanda, kəndin itləri ilə sakitcə danışanda ağköynəkli musiqiçi oğlanı dəfələrlə meyxana tərəfə qaçanda görmüşdü. Təbii ki, oğlan meyxanaya girib eləmirdi, sakitcə sürünüb divara sığınır, qısılıb qalır, nəfəsini içinə çəkib dinləyirdi.  Meyxanadan şən səs-küy qalxırdı, bir neçə oğlan çığırırb: “Ay can!” - deyirdi və yerə dəyən çəkmə dabanlarının səsi əks-səda veriridi, sonra yenə gursəsli qızlar çığrışırdı: “Nə oldu!” 
Skripkalar sakit və məlahətli səslə inləyirdi: “Yeyəcəyik, içəcəyik, sonra da kef çəkəcəyik”, kontrabas isə kobud və ciddi səslə təkrarlayırdı: “Allah qoysa! Allah qoysa!” Gur işıqdan qopan şüalar pəncərədən bayırın qaranlıq yay gecəsinə doğru dartınırdı, sanki meyxananın hər tiri, hər dirəyi yırğalanır, ləngərləyir və nəğmə deyirdi... Musiqiçi Yanko isə ancaq dinləyir, dinləyirdi!.. Bu həzin səsləri çıxaran skripkaya, bu oxuyan taxta parçalarına Yanko canını verərdi: “Yeyəcəyik, içəcəyik, sonra da kef çəkəcəyik!”. Bah! Onu haradan tapmaq olar, onu harada düzəldirlər?! Nə olardı, bir dəfə, bircə dəfə imkan verəydilər, onu əlinə alaydı. Haradan!.. O ancaq dinləyə bilirdi və dinləyirdi, gecənin qaranlığından qarovulçunun səsi eşdidlənə qədər dinləyirdi:
-Ay gecəquşu, bəlkə evə gedəcən!
Ondan sonra o, yalın ayaqları ilə qaçaraq qaranlığın içində itirdi, skrikpkaların səsi isə onu arxadan qovurdu: “Yeyəcəyik, içəcəyik, sonra da kef çəkəcəyik!” və kontrabas da o səslərə səs verib: “Allah qoysa, Allah qoysa, Allah qoysa!” - deyirdi.
Toyda, şənlikdə skripka səsini dinləmək Yanko üçün əsl bayram olurdu. Elə günlərdən sonra o saatlarla sakitcə sobanın kənarında oturub qaranlıqda parıldayan iri gözləri ilə ətrafa baxırdı.
Ağacdan, bir də at tükündən özü üçün birtəhər skripka da düzəltmişdi, ancaq səsi xoşuna gəlmirdi, bunun səsi meyxanada səslənən skripkanın səsi kimi çıxmırdı. Səs o qədər yavaş çıxırdı ki, elə bil arı, ya da ağcaqanad vızıldayırdı. Buna baxmayaraq o bu skripkanı səhərdən axşama qədər cüyüldədirdi, buna görə kötəklənsə də, yenə onu əlindən yerə qoymurdu, axırda oğlan lap  alma qurusuna oxşadı. Onun quruluşu belə idi: oğlan günü-gündən arıqlayb çöpə dönürdü, bircə qarnı şişib qalmışdı, hə, bir də ağ saçları daha da sıxlaşırdı, hə-hə, gözləri də daha çox dombalıb bərəlirdi və tez-tez o gözlərdə uşaq gözlərindən axan göz yaşaları görünürdü. Yanaqları ilə sinəsi də get-gedə daha çox batırdı... O başqa uşaqlara heç oxşamırdı, daha çox ağacdan və at tükündən düzəltdiyi, zəif səsli skripkasını xatırladırdı. Sonra hər yazda bir az da acından ölməyə başladı, elə vaxtlarda kal yerkökü, bir də nə vaxtsa əsl skripka tapmaq ümidi ilə qarnını doyururdu. Bu ümudlər yazığı bədbəxt edirdi! 
 Ağa həyətinə baxan nökərin skripkası var idi, o hava qaralana yaxın aləti dilləndirər, qulluqçu pannanı feyziyab etməyə çalışardı.Yanko tez-tez sıx otların arası ilə nökərin qapısına qədər sürünüb gələr, alətə yaxından baxmaq istəyərdi. Skripka divardan asılıb qalmışdı, düz qapı ilə üzbəüzdən, yazığın bütün ruhu alətə sarı dartınırdı, gözləri ilə o müqəddəs və əlçatmaz alətə toxunardı: bu onun ehtiraslı, atəşli məhəbbəti idi. Və alət onun üçün müqəddəs idi. Bircə arzusu vardı, onu əlinə alıb yaxından baxmaq... Onun balaca kişi ürəyi bu həvəslə döyünür, bu arzu ilə alışıb-yanırdı. 
Bir gecə nökər otağında heç kəs yox idi. Ağalar çoxdan idi ki,  xaricdəydilər, nökər özü isə gecələr qulluqçunun yanında qalırdı. Sıx otların arasından boylanan Yanko bağlı qapının o biri üzündə olan arzularının alətini təsəvvür etdi. Səmada bütöv Ay parlayırdı və onun işığı qapının aralığına düşərək əks divarda qaranlıqdan qopan parlaq, gur dördbucaq şəkli cızmışdı. Həmin o parlaq dördbucaq skripka asılan divara doğru süründü və nəhayət hər şey qaranlığın içindən sıyrılıb çıxdı. Belədə alət qaranlıq otağın dərinliyində gümüş parlaqlığı ilə bərq vurdu, hər şey o qədər aydın, o qədər parlaq idi ki, Yanka gözlərini ondan çəkə bilmədi. Bu sirli işartının içində hər şey aydınca görünürdü: alətin zərif dəstəyi, simlər, simsıxanlar. Milçələr soxulcan kimi ağarırdı, onun yanında da gümüşüsaplı kaman yayı...
Ah, btün bunlar çox gözəl idi, sirli gözəllik! Yankonun maraq dolu gözləri işıq saçırdı. Pırtlağı otların arasında arıq dizlərinə dayaq verərərk sallağı oturmuşdu, ağzını açıb gözlərini qırpmadan baxır, baxırdı. İçindəki anlaşılmaz, məğlubedilməz qorxu onu tərpənməyə, qoymur, irəli atılmaq arzusunu əngəlləyirdi. Bu nə sirr idi görəsən?! Skripka sanki qaranlığın içindən aydın, parlaq işıqla irəli atılaraq oğlana doğru dartındı... sonra görüntülər yenə qaranlığa qərq oldu, gözdən itdi ki, yenidən... yenidən ona doğru gəlsin. Möcüzə, göz qabağında olan bir sehr! Bu arada külək əsdi, ağaclar sakitcə pıçıldaşdı, pırtlaq yarpaqlar oyandı və Yankonun qulaqlarına aydın bir səs doldu:
“Tələs, Yanko! Orada heç kəs yoxdur... Tez ol, Yanko!..”
Gecə sakit və işıqlı idi. Ağa bağındakı arxın yaxınlığında bülbül oxumağa və pıçıldamağa başaldı: “Get götür!” Xeyirxah torağay onun başının üstündə sakitcə dövrə vurub: “Yox, yox! Yanko!” Amma torağay uçub getdi, bülbül isə qaldı, pırtlaq yarpaqlar da qaldı, ləngər vurdu, özü üçün oxudu: “Heç kəs yoxdur, heç kəs yoxdur!” Skripka yenidən qaranlğın içindən sıyrılıb çıxdı, işıldadı... Balaca, nazik belli alət astaca irəli dartındı, bu arada bülbül sakit-sakit pıçıldayırdı: “Get, yüyür, götür!”
Qaranlıq yarpaqların arasından çıxan ağköynək açıq qapıya yaxınlaşdı, xəstəhal uşaq köksündən çıxan nəfəs artıq qapının kandarından eşidlirdi. Bir an da keçdi - budur, yalın uşaq ayaqları kandarda sürünür. Torağay, xeyirxah quşcuğaz, bir də buralarda uç, bir də haray çəkib de: “Yox, Yanko, yox!” Yanko otağa girdi. 
Bu vaxt ağa bağçasının yaxınlığındakı nohurda olan qurbağalar bir anlq quruldayıb susdular. Bülbül səsini qısıb qaldı, yarpaqlar dondu, küləyin səsi kəsildi... Bu arada isə Yanko daha da, daha da irəli getdi və birdən onu dəhşət bürüdü. Pırtlaşıq otların arasında özünü lap evdəki kimi rahat hiss edirdi, lap doğma kol-kosun arasına sığınan heyvan balası kimi rahat, indi isə əksinə, tələyə düşən heyvan balası kimi idi. Qaranlıq otağa girəndən sonra hərəkətləri kəskinləşmiş, fısıltı ilə çıxan nəfəsi daralmışdı. Yay səmasından qopan parlaq işıq bir daha bərq vurdu, parıltı şərqdən qüruba qədər səmanı yalayıb keçdi və otaq növbəti dəfə işıqlandı, otaqdakı Yanko isə iməkləyirmiş kimi, skripkanın qarşısında dayandı, başını qaldırıb baxdı. Amma səmadakı parıltı çəkilib getdi, buludlar ayın qarşısını kəsdi, daha heç nə görünmürdü, heç nə eşidilmirdi. Ancaq bir dəqiqə sonra qaranlıqdan kiminsə sakit və kədərli səsi eşdildi, sanki kim isə ehtiyatsızlıq edib sükutda olan simlərə toxunmuşdu və birdən otağın qaranlıq küncündən səslənən yuxulu, kobud, həm də acıqlı bir səs onun üzünə çırpıldı:
-Kim var burada?
Yanko nəfəsini içinə çəkib susdu, amma o kobud səs bir də eşidildi:
-Kim var burada?
Divarda kibrit parıltısı oynadı, ətraf işıqlaşdı, sonra da... Aman, Allahım! Söyüş, şillə-təpik, uşaq çığırtısı, hay-küy: “Ay! Allah xatirinə!”, itlər hürüşdü. Pəncərələrdə parıltılar göründü, həyət-bacada səs-küy, vurnuxma başladı...
Ertəsi gün Yankonu kəndxudanın məhkəməsinə çəkdilər. Doğrudanmı bu balaca oğlana oğru adı qoyub mühakimə etmək istəyirdilər? Kəndxuda və hakimlər ona baxdı, oğlan onlarn qarşısında dayanıb işarət barmağını ağzına soxmuş, bərəlmiş, ürkək gözləri ilə baxırdı. Arıq, çirkli, döyülmüş oğlan hətta harada nə üçün olduğunu, bu adamların ondan nə istədiyini belə dərk etmirdi. Bu miskin varlığı, on yaşlı uşağı, zəif ayaqları üstündə zorla dayanan balacanı necə mühakimə etmək olardı. Həbsxanayamı göndərsinlər onu?.. Axı hara! Axı bəzən uşaqlara bir az mərhəmət də göstərmək lazımdır. Qoy qarovulçu ona bir-iki çubuq vursun ki, gözü qorxsun, bir də belə iş tutmasın, hamı bu təklifə razılaşdı:
-Bəli, əlbəttə!
Qarovulçu Staxı çağırdılar.
-Götür onu, apar bir az kötəklə, ağlı başına gəlsin.
Stax axmaq başını, heyvan başını tərpətdi, sonra da pişik balasının boynundan tuturmuş kimi, oğlanı boyunlayıb xırmana apardı. Elə bil oğlan nə baş verdiyini anlamırdı, nə olmuşdu ona, başa düşmürdü, ya da çox qorxmuşdu, heç bir səs eşitmirdi, sadəcə qəfəsə salınan quş necə çırpınırsa, o da qarovulçunun əlində elə çırpınırdı. Onların nə etmək istədiklərini bilmək ona lazım deyildi. Elə ki, Stax xırmanda onu yerə uzadıb köynəyini yuxarı qaldırdı, elə ki, oğlanı çubuqla vurmağa başaldı, Yanko çığırdı:
-Ay ana! - Qarovulçu onu hər dəfə vuranda oğlan eləcə “Ay ana, ay ana!” deyirdi, amma hər dəfə səsi bir az da azalır, zəifləyirdi. Nəhayət, zərbələr ahəngini dəyişməsə də, daha oğlanın çığırtıları ilə müşayiət olunmurdu. Yanko susdu.
Yazıq, sınıq skripka!...
Ağılsız, yaramaz Stax! Heç uşağı da belə vurarlar? Axı bu balaca, zəif bir məxluq idi, heç əvvəllər də onun ürəyi möhkəm deyildi!   
Anası gəldi, oğlunu qucağına alıb apardı, uşaq hərəkətsiz idi,    ancaq qucağa alıb evə aparmaq  oldu onu... Ertəsi gün Yanko yerindən qalxmadı, üçüncü günün tamamında isə qalın giş üstündə can verdi. 
Gilas yarpaqlarının arasında qaranquşlar uçuşurdu, günəşin şüaları pəncərəni yarıb içəri dürtülür, onun qıvrım, pırtlaşıq saçlarını sığallayırdı, amma onun çöhrəsində qan yox idi. Günəşin şüaları onun körpə ruhunu aparacaq yola işıq saçırdı. Heç olmasa günəşin şüaları onun çətin, əzab, qorxu dolu ömür yoluna işıq tutmağı unutmamışdı. Buna baxmayaraq, onun sısqa köksündə zəif bir nəfəs ilişib qalmışdı, onun uşaq simasına baxanda necə acgözlüklə pəncərədən içəri doluşan səsləri tutduğunu hiss etmək olurdu. Axşam idi, biçənəkdən qayıdan qızlar oxuyurdu: “Yaşıl otlar üstündə!..”,  ətrafdakı arxlar şırıltı ilə axırdı. Musiqiçi Yanko kəndin nəğməsini sonuncu dəfə dinləyirdi... Onun uzandığı gişin üstündə bir vaxtlar öz əlləri ilə düzəltdiyi skripkanı qoymuşdular...
Birdən ölüm ayağında olan uşağın üzü canlandı və soluxmuş dodaqlarından:
-Ay  ana, - kəlməsi qopdu.
-Nə olub, oğlum? - yazıq ana göz yaşlarını boğaraq dillnədi...
-Ay ana, görəsən o dünyada mənim doğruçu skripkam olacaq?
-Olacaq, oğlum, olacaq! - Ana cavab verdi, amma daha heç nə deyə bilmədi, sinəsi dərddən göynədi, qadın için-için hönkürdü: “İlahi! İlahi!” - Və sonra da üzü üstə sandığa çökdü, dəli kimi hönkürdü, başa düşmüşdü ki, sevgisini ölümün caynağından qopartmaqda gücsüzcür. 
Heç qopartmadı da, başını qaldırıb oğluna baxdı, balaca musiqiçinin gözləri açıq idi, amma tərpənmirdi, sifətində isə gərgin, tutqun bir əzəmət möhürlənib qalmışdı. Günəşin şəfəqləri də çəkilb getmişdi...
Rahat yat, Yanko!
 
***
Ertəsi gün ağalar İtaliyadan dönüb malikanələrinə qayıtdılar. Gənc xanım əri ilə qayıtdı. Ər xanıma deyidri:
-Quel beau pays que l'ltalie!
-Böyük xalq sənətkarlar yetişdirən xalqdır. On est heureux de chercher la-bas des talents est de les proteger… - xanım əlavə etdi.
Musiqiçi Yankonun başı üstündə tozağacları pıçıldaşırdı.
 
1878
 
Səhifəni hazırlayan və 
hekayəni tərcümə edən: 
Əyyub QİYAS

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!