Con Boynton Pristli - Mənim vaxtım vardı

Esse

…Kainatın intəhasız ənginliklərində yol azan insan daim nəyəsə ümid bəsləyir, nəyinsə arzusunda olur. Amma onun cəsarətli istehza hissi bu ümidlərdən və arzulardan daha əfzəldir. Burada, bu torpaqda amin turşularından istehzalı spirt hazırlamağa öyrəşiblər. Və qoy altmış beş yaşlı ingilis yazıçısına bu xüsusi növ alkoqola (mən onu ağıllı viski də adlandırardım) meyilliliyini günah saymasınlar. Mən Şotlandiya, İrlandiya deyil, məhz ingilis yazıçısı dedim. Çünki İngiltərədə yazıçıya şübhə ilə baxırlar. Bir qisim adamlar üçün bu,  həmişə çalışan, harasa üz salan və yalnız çubuqlar altında işləməyi bacaran insan, digərləri üçün şübhəli tip, üçün dördə nisbətinə şeytan, dördün birə nisbətinə qara sehrbazdır. Mən ona altmış beş yaş verdim, çünki özüm də bu yaşdayam. Əlbəttə, daha gənc deyiləm, amma səksən yaşlı müdrik ağsaqqal da deyiləm. Mən olsa-olsa, uzun müddətdən bəri dünyanı gəzib-dolaşan sadə, yaşlı, bezdirici bir insanam. Odur ki, mən özümə daha bir istehza dolu qədəh sifariş verəcəyəm. Səfər öncəsi bunun heç bir ziyanı olmaz.

Bir müddət əvvəl mən “Ədəbiyyat və Qərb adamı” adlı böyük həcmli kitabımı çap etdirdim. Deyim ki, bu kitab mənə böyük əzab bahasına başa gəlmişdi. Şikayət edə bilmərəm, çünki kitab dövrü mətbuat tərəfindən çox yaxşı qarşılanmışdı.

Amma qırx il öncə, Kembricdə oxuduğum vaxt,  yerli naşirlərin dəstəyi ilə  “Şən xəlitə” adlı xırda bir kitabçam çap olunmuşdu. Təsəvvür edin ki, bu kitab məziyyətinə görə də olmasa, qısalığına görə daha yaxşı qarşılanmışdı. Onun barəsində tanınmış tənqidçilər, o cümlədən Edmund Qoss xoş sözlər yazmışdılar. Ümumilikdə isə kitab mətbuatda hər gənc müəllifə nəsib olmayan böyük əks-səda doğurmuşdu. Elə birinci mizandan güllə düz nişangaha dəymişdi. Mən oyunda udmuş adam kimi ikiəlli pulları qamarlamağa hazır idim. Mən şöhrətin ya da ona oxşar hansısa işarənin yolunu gözləyir, eləcə də tamaşaçı marağının gurultusuna, kitabın yenidən nəşrinə ümid bəsləyirdim. Amma bunların heç biri olmadı. ( Əl parçası boyda birinci  kitabımın satışının başa çatmasından isə bir neçə il keçdi). Beləliklə, mənim karyeram əsl uğursuzluqdan başlamış oldu.

…Beləliklə, “Şən xəlitə” kitabımın çapından sonra mən hələ Kembricdə idim. Keçmiş hərbi qulluqçu kimi təqaüd alsam da, mənə kifayət etmirdi. Ona görə də qazanc dalınca getməyə qərar verdim: əsərlər yazımaqla yanaşı, dərs verir, mühazirə oxuyur, bunun hesabına bir-iki gineya (ingilis qızıl sikkəsi - tərc.) alırdım. İkinci ilin sonlarında  mən evlənərək hər cür vəzifələrlə yüklənmiş ailənin başçısı oldum. Bu vaxt mənim artıq 27 yaşım vardı - bu qədər vaxtı orduda itirmişdim.

Mənə təqaüd verməkdə davam edirdilər, odur ki, üçüncü ilə Kembricdə qalmaqla tədqiqat üçün mövzü seçdim: necə dolanmalı, güc-bəla ilə keçinməli? Bəs sonrası necə olsun?.. Doğrudur, mənim xaricə gedib müəllimlik etməyə imkanım vardı. Amma mənim üçün qaranlıq qalmışdı: “Tayms”ın səhifələrində valyutası heç vaxt yer almayan gedəcəyim həmin kiçik və uzaq ölkələrdə mənə nə qədər əmək haqqı verəcəklər. Belə olan təqdirdə mən peşə hazırlığı kurslarında mühazirəçi kimi çalışmağa qərar verdim. Sınaq mühazirəni kursların direktoru üçün oxudum.  Görünür mühazirə direktorun xoşuna gəlmişdi və mən gözləmədiyim halda işə qəbul olundum. Tezliklə mənə bildirdilər ki, artıq payızdan mühazirəçi işinə başlaya bilərəm. Bunun üçün isə Şimali Devonşirdə geniş bir rayon ayırdılar. Amma yay semestri hələ qurtarmamış mən daimi iş yeri haqqında bütün fikirləri başımdan çıxartdım. Doğrudur, mənim bu hərəkətim Bredfordda evdəkilər tərəfindən narazılıqla qarşılandı. Bununla belə, mən Londona gedib müstəqil sənətkar olmağa qərar verdim. Mənim arvadım vardı, tezliklə uşaq doğacaqdı, bütün var-yoxumuz isə cəmi əlli funtdan ibarət idi.

…XX əsrin iyirminci illərində cavan yazıçıların vəziyyəti indikindən xeyli yaxşı idi. Amma burada bəzi məsələləri dəqiqləşdirmək vacibdir. Həqiqətən də bu gün çoxlu pul qazanmaq olar. Bunun üçün kino, televiziya, radio var. Bununla belə cavan yazıçı çox hallarda tələyə düşməyə can atır. Tələyə düşən isə qazancını vergiyə və digər yerlərə xərcləməli olduğundan arzuladığı, həyatını sərf etmək istədiyi işdən yapışmaqda çətinlik çəkir. (Elə bu səbəbdən də müharibədən sonrakı İngiltərədə irihəcmli ədəbiyyat nümunələri azlıq təşkil edirdi. Amma Amerikada isə bu sahədə vəziyyət olduğundan da yaxşı idi - orada yazıçılara subsidiyalar, mükafatlar, təqaüdlər verilirdi).

…Londonda ikən o dövrün ədəbi aləmində tanınmış simalardan sayılan C.Skuayrın köməyi mənə hamıdan çox dəydi… Yəqin ki, o, mənim də Samyuel Conson kimi çox sərt, potensial tənqidçi və esseist olacağıma ümid edirdi. Elə məni özünün “London Merküri” qəzetinə əməkdaşlığa dəvət etməyə də onu bu xüsusiyyətlər cəlb etmişdi. Skuayrın yanında mən yəqin ki, çox çaşqın görünürdüm, əslində isə özümdə heç bir çaşqınlıq hiss etmirdim, sadəcə istəyim, arzum hər şeydən öncə səfərbər olunmuş piyadaya köməklik etməkdən ibarət idi.

Bir müddət sonra Skuayr məni “Deyli news” qəzetinin ədəbi redaktoru Robert Lindin yanına yolladı. İşlədiyim müddət ərzində qəzet üçün çoxlu sayda resenziyalar qələmə aldım.  Mahir tənqidçi və esseist olan Lind şöhrətpərəstlikdən tamamilə uzaq adam idi. O, təsadüfdən-təsadüfə kiçik həcmli məqalələr yazır, bununla da öz işini bitmiş hesab edirdi. Lindin gözəl xarakteri vardı, onun mühitində mən iyirmi beş ildən çox qayğısız, qızıl əsrə bərabər həyat keçirdim. Əvvəl-axır qulaqlarım onun irlandca mırtıldamasına, saatlarla uzanan xoş söhbətinə, burnum isə  içdiyi viskinin ətrinə öyrəşə bildi. Tanıdığım çoxsaylı yazıçılar sırasında söhbətlərinə heyran olduğum Robert Lind və Uolter Delamar idi.

...Şəksiz ki, yazıçılıq da həyat üçün təhlükəli peşələr siyahısına daxil edilməlidir. Yazıçılıq səni didib-dağıdır, heç bir iz saxlamadan çeynəyib udur. Saatlarla hörümçək kimi tək oturub, öz torunu toxuyursan. Yaradıcılıq prosesi çox yaxşı, rəvan gedə bilər, amma onun nəticələrini ağ kağız üzərinə köçürmək ağır zəhmət tələb edir. Rəssamlarla heykəltəraşlar müxtəlif materiallardan, alətlərdən, yardımçı vasitələrdən istifadə etməklə şən əhval-ruhiyyə ilə işləyir və yaxşı da istirahət edə bilirlər. Aktyorlar da iki-üç saatlığa  teatrı unudub, yazıçıların əksəriyyətindən fərqli olaraq, vaxtlarını  xoş keçirmək iqtidarına malik insanlardır. Bunu, musiqidə özlərini baş rolda sayan dirijorları çıxmaq şərtilə, digər başqa musiqiçilərə də şamil etmək mümkündür. Qoy bu deyilənlər öz sevimli yazıçıları ilə görüşməyə can atan oxuculara (belələri hələ var) xəbərdarlıq olsun: onları məyusluq gözləyir.

Elə həmin Skuayr məni “Bodli Hed” nəşriyyatının rəhbəri Con Leynə daxili rəyçi vəzifəsinə işə götürməyi məsləhət gördü.

…Con Leynlə tanış olarkən çox güman ki, o, mənim indiki yaş dövrümdən bir-iki il böyük olardı. İlk görünüşdən saqqallı, balacaboy, qırışıq sifətli, yarıkor (o, elə pis görürdü ki, artıq oxuya da bilmirdi) Leyn mənə köhnə kişi təsiri bağışlamışdı.  Danışığı və hərəkətləri ilə o, yenilməz naşirdən daha çox təqaüdçü diplomat və ya zəngin diletantı xatırladırdı. 1890-cı illərin simvoluna çevrilmiş Con Leyn Dvonşirdə kiçik fermerin oğlu idi. Londona gələndən sonra o, düz on səkkiz il  dəmir yolunda kargüzar işləmişdi. Görəsən, ömür yolu dəmir yolunda kargüzarlıqdan başlayan böyük naşirlər bu gün də varmı? Bizim indiki cəmiyyətimiz səksən il bundan öncəkindən daha azad və açıqdır, geniş imkanlar bəxş edir deməklə özümüzü aldatmırıqmı? Mən burada torpaq alqı-satqısını, reklam işlərini, kommersiya televiziyasını və bank oğurluqlarını deyil, cəmiyyətin fəaliyyətinin baş çıxardığım sahələri nəzərdə tuturam.

Mən əsasən “London-Merküri”, “Bukmen”, “Spekteytor”, “Saterdey revyü”, “Autluk” jurnalları, “Deyli news”, “Deyli kronikl” qəzetləri və daha bir neçə dövri nəşrlər, o cümlədən adlarını unutduğum iki  aylıq jurnal üçün resenziyalar və tənqidi məqalələr yazırdım. Əslində isə mən anonim resenziyalar və tənqidi məqalələr dərc edən redaksiyalardan həmişə uzaq olmuşam. Mənim qənaətimcə, imzasız resenziyalara heç güzəşt oluna bilməz.

…Jurnalistikada otuz beş il bundan əvvəl buraxılmış səhv hələ də düzəldilməmişdir. Gülməli də olsa, qəzet səhifələrində bədii ədəbiyyatla bağlı yazılmış resenziyalara çox az yer ayrılır. Yeni bədii əsərlər, ədəbi hadisəyə çevrilmiş romanlar barədə yazılan fikirlərin yerini, hansısa şablon tərcümeyi-hal və ya darıxdırıcı memuarları mədh edən cızmaqaralar əvəz edir.  Biz hələ də XIX əsrdə yayılmış baxışlardan qurtula bilməmişik. Həmin dövrdə romanın oxunmasını boş və ağılsız məşğuliyyət hesab edən kişilərə bu günün özündə də rast gəlmək mümkündür. Belələri deyirlər:”Roman? Mən heç vaxt onu əlimə götürmərəm! Vaxtımı roman oxumaqla keçirməkdənsə, daha vacib işlərə sərf edəcəyəm”. Vacib iş deyəndə belə kişilər adətən “Səfərdə keçən illər” və “Fransız krallarının məşhur məşuqələri”ni nəzərdə tuturlar.

Həmin dövrdə gənc ingilis yazıçısı üçün ciddi ədəbi tədqiqatlarla məşğul olmaq heç də asan deyildi. Elə bu gün də vəziyyət eynidir. Mənim isə iki körpə uşaq və xəstəxanadan verilmiş  bir qalaq borc siyahısı ilə bu barədə düşünmək heç ağlıma da gəlməyib. Həm də bu, elə vaxtlara təsadüf etmişdi ki, mən iki kitabımın - “İngilis yumoru” və “İngilis komik personajları”nın eskizlərini hazırlayıb başa çatdırmışdım. Sonralar Ralf Riçardson və Çarlz Lauton mənə danışmışdılar ki, onlar uzun müddət mənim “İngilis komik personajları” kitabımın təsiri ilə yaşamışlar. Doğrusu, onların dediklərinə adamın inanmağı da gəlmirdi: necə ola bilər ki, mənim kitabım  iki nəhəng aktyora professional köməklik göstərmiş olsun?!  “Makmillan” nəşriyyatından “İngilis ədibləri” seriyası ilə iki kitabımın nəşri üçün sifariş almışdım. (Yadıma gəlir, redaksiyada həmin kitablardan birinin müzakirəsində Harold Makmillan adlı birisi də iştirak edirdi). Kitablar Pikoka və kürəkəni Corc Mereditə həsr olunmuşdu. İntellektualların pərəstiş etdikləri Corc Meredit artıq dəbdən düşmüşdü, ya onu ümumiyyətlə duymurdular, ya da qiymətləndirmirdilər.

Burada cavan yazıçılara necə öyüd-nəsihətin verilməsini yada salmaq yerinə düşər. Meredit haqqında kitab üzərində işlədiyim vaxtlar şəhər kənarında, Çinnor deyilən ərazidə yaşayırdım. Amma bununla belə vaxtımın çoxu Londonda keçirdi, belə ki, tez-tez Qayın xəstəxanasında arvadıma baş çəkməli olurdum. (Xəstəxananın əsası 1821-ci ildə kitab ticarətçisi Tomas Qay tərəfindən qoyulmuşdur). Bir dəfə axşamçağı evə çox əsəbi vəziyyətdə qayıtdım, heç yerdə özümə yer tapa bilmirdim. Dərddən az qala dəli olmaq dərəcəsinə çatmışdım. Əgər bu anlarda şəhərdə olsaydım, fikrimi dağıtmaqdan ötrü dostlarımla birlikdə ya pivəxanaya, ya kinoya gedə bilər, ya da sadəcə küçələri gəzib-dolaşardım. Amma mən hazırda Çinnorda idim. Axır ki, sadəcə vaxtı öldürməkdən ötrü nəsə yazmaq, yüngülləşəndən sonra isə yazdıqlarımı cırıb atmaq qərarına gəldim. Stolun üstündə Meredit haqqında kitabımın planının eskizləri qoyulmuşdu.

…Özünü yazıçılığa həsr etmək istəyənlərə müraciət edib bildirmək istəyirəm ki, həmin vaxt işlədiyim mövzu şəxsi həyatımdan fərqli dərəcədə uzaq idi və mən öz əzablarımı yüngülləşdirə bilmədiyimdən onları kağız üzərində əks etdirirdim; yalnız fikirləri cəmləşdirmək, gərginlik, üstəlik yazı prosesinin özü mənə ağrı-acılardan qurtulmağa və eyni zamanda yaxşı bir üzə çıxarmağa kömək etdi.

Elə bilirəm nəyə işarə etdiyimi anlayanlar oldu: yaxşısı, yazıçı olmaq fikrindən daşınasan. Yox əgər sən həqiqətən də yazıçı olmağı qarşında məqsəd qoymusan, onda yaz. Sən əzginlik hiss edərsən, başın ağrıdan partlayır, heç kim səni sevmir - yaz. Əgər sən böyük dahisən, öz qanun-qaydalarını yaradırsan, yox əgər belə deyilsə, kimdən və ya nədənsə ehtiyat etməyə əsas varsa, onda stola yaxınlaş, əhval-ruhiyyənin fərqinə varmadan kağızın soyuq çağırışını qəbul et və yaz. Əvvəl-axır ilham səni dəyərləndirərək sədaqətliliyini mükafatlandıracaq. Yox, əgər söylədiklərim sənə cəfəngiyat, boş və mənasız görünürsə, onda heç vaxt qələmlə bir tikə çörək qazanmağa cəhd eləmə. Özünə başqa məşğuliyyət tap və işə başla. Onda özün də yəqin edərsən ki, girişdiyin yeni iş sənə yaxşı təqaüd almağa təminatçıdır.

Tərcümə edəni:
Ağaddin BABAYEV


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!