Hanya Yanagihara - "Kiçik həyat" - "DÜNYADA YENİ"

42 yaşlı əslən havayalı amerikan yazıçısı Hanya Yanagihara son romanı "Kiçik həyat" ("A Little Life") ilə bütün dünyaya adını duyurmağa nail oldu. Müəllifin bundan öncəki "Ağaclar arasındakı insanlar ("The People in the Trees") romanı da böyük əks-səda doğurmuş, istər Amerikada, istər də tərcümə edildiyi dillərdə maraqla qarşılanmışdı.

Böyük həcmli bu romanda Nyu-Yorkda yeni həyat qurmağa çalışan dörd əsas qəhrəmandan söhbət gedir: çılğın rəssam Cey-Bi, özünə inamı olmayan memar Malkolm, yaraşıqlı aktyor Villem və özünə qapanıq hüquqşünas Cud.  Bu qapanıqlıq səbəbsiz olmasa da, müəllif qəhrəmanlarını aydınlatmağa çalışmır, onların  aldığı fiziki və mənəvi zərbələri, yaşadıqları sarsıntıları damla-damla təsvir edir. Və məlum olur ki, bu gənclərin keçmişi indiki həyatlarından və gələcəklərindən daha güclüdür. İlk səhifələrdən o qədər də güclü intriqalara şahid olmasaq da, romanın əsas xüsusiyyəti ondadır ki, burada da hər kəs özündən nəsə tapır. Kimlər üçünsə əsər adicə bir əhvalatdı, kimisi üçün dostluq haqqında, bəziləri üçün motivasiya edici həyat hekayəsidi, bəziləri üçün universitet əhvalatlarıdı. Məhz bu səbəbdən roman demək olar bütün oxucularının qəlbini fəth edib.

Men Buker-2015 müsabiqəsinin finalistlərindən olan "Kiçik həyat" romanı adi macəra və sevgi romanı deyil, əsərdə həyat bəzək-düzəksiz, pafosdan uzaq təsvir edilir və müəllifinin bir çox düşüncələrini əks etdirir.

 

On birinci mənzildə cəmi bir divar şkafı vardı, əvəzində isə siyirtmə şüşə qapının arxasında eyvan var imiş; o bu eyvandan küçədə futbolka və şortda siqaret çəkən adamı gördü, hərçənd oktyabr ayı idi. Villem əlini yellədi, lakin kişi salama cavab vermədi.

Yataq otağında Cud divar şkafının qatlama qapısını açıb-bağlayırdı.

-Burda sadəcə bir şkaf var - Cud dedi.

-Eybi yox,- deyə Villem cavab verdi, -mənim onsuz da ora qoymağa bir şeyim yoxdu.

-Elə mənim də.

Bir-birinə baxıb güldülər.

Evlərin kirayəsi ilə məşğul olan agentlik nümayəndəsi onların arxasınca gəldi.

-Biz razıyıq - deyərək Cud ona bildirdi.

Lakin onlar agentliyin ofisinə qayıdanda məlum oldu ki, mənzili onlara vermirlər.

-Niyə? -Cud soruşdu.

-Sizin maaşınız kirayənin yarım ilini ödəməyə imkan vermir. Və sizin depozitiniz yoxdur - deyə həvəsdən düşən  agentliyin xanım əməkdaşı cavabladı.

Xanım onların kredit müqavilələrini və bank hesablarını yoxlamışdı və nəhayət, iyirmi yaşlarında olan bu iki gəncin hansı səbəbdən İyirmi beşinci küçənin darıxdırıcı keçidində bir yataq otağı olan mənzili kirayələmək istədiklərini başa düşmüşdü.

-Bəlkə müqaviləyə kimisə sizin üçün zamin kimi yazaq? Müdirinizi, ya da valideynlərinizi.

-Valideynlərimiz rəhmətə gedib- tez Villem cavab verdi.

Qız ah çəkdi.

-Onda sizə məsləhət görərdim ki,  iştahanızı küsdürün. Heç bir normal binada sizin kimi maddi vəziyyətdə olan birinə  mənzil verilmir.

O, qətiyyətlə ayağa durdu və mənalı şəkildə qapıya baxdı.

Lakin bu haqda Cey-Bi və Malkolma danışanda onlar hər şeyi məzəli bir hadisə kimi təsəvvür elədilər: sanki evin qapısı siçan peyininə bulanmışdı və ya xanım Villemin ona cavab vermədiyinə görə hirslənmişdi.

-Hansı başdan xarab  İyirmi beş və İkinin kəsişməsində yaşamaq istəyər?- deyə Cey-Bi soruşdu.

Onlar ayda iki dəfə  yeməyə yığışdıqları Çaynataunda "Fo Viet Huonq"da oturmuşdular. Bura tipik kasıb yeməkxanası idi,  amma fo burada hədsiz şəkildə dadsız idi, laym şirəsi sabunlu verilirdi və çox vaxt onlardan hər hansı biri yeməkdən sonra pis olurdu, ağrıyırdı, amma onlar yenə də buraya gəlirdilər. Həm adətə çevrilmişdi, həm də ucuzluq idi. Burada beş dollara bir qab şorba və ya sendviç verilirdi, əsas yeməyin qiyməti isə səkkiz-on dollar arasında dəyişirdi; amma porsiyalar çox böyük idi. Yarısını sabaha saxlamaq, ya da ki, gecə yatmazdan öncə yemək olardı. Təkcə Malkolm yeməyini heç vaxt axıra qədər yeməz və özü ilə heç nə götürməzdi- yeyib doyandan sonra boşqabını masanın ortasına itələyərdi ki, həmişə ac olan Villem və Cey-Bi qalan yeməyi yeyə bilsinlər.

-Cey-Bi, aydın məsələdir ki, biz İyirmi beş ilə İkinin kəsişməsindəki küncdə yaşamaq istəmirik, - deyə Villem qısaca bildirdi. Lakin seçim etmək imkanımız yoxdur. Sən bilirsən axı, bizim pulumuz yoxdur.

-Mən başa düşmürəm, axı niyə hər şeyi olduğu kimi saxlamaq olmaz?- deyə Malkolm boşqabdakı göbələk və tofanı qovalayaraq Villem və Cey-Binin zillənmiş baxışları altında danışırdı. - O həmişə eyni şeyi sifariş verərdi: qatı qəhvəyi sousda qızarmış tofu ilə istridyə göbələyi.

-Sən ki, bilirsən, mən bunu edə bilmərəm, - deyə Villem dedi. Son üç ayda o bunu Malkolma azı on dəfə izah etmişdi. - Merrit öz dostu ilə gəlir, mən aradan çıxmalıyam.

-Nə üçün məhz sən?

-Çünki mənzili Merrit kirayələyir -  deyə Cey-Bi cavabladı.

-Bəs Malkolm səsləndi və susdu. O tez-tez əhəmiyyətsiz hesab etdiyi şeyləri unudurdu, amma ətrafındakılar onun huşsuzluğundan əsəbiləşəndə incimirdi. -Aydındır. O göbələyi masanın ortasına qoydu. -Bəs sən, Cud...

-Mən sizdə həmişəlik qala bilmərəm, Malkolm. Sənin valideynlərin gec-tez məni öldürəcək.

-Mənim valideynlərim səni çox istəyir.

-Bunu eşitmək xoşdur. Amma əgər tezliklə sizdən çıxmasam, məndən zəhlələri gedəcək.

Bu dördlüyün içində təkcə Malkolm hələ də evində yaşayırdı və Cey-Binin dediyi kimi, əgər onun da elə evi olsaydı, o da orada yaşayardı. Ona görə yox ki, bu ev xüsusi dəbdəbəsi ilə seçilirdi, ev baxımsız idi və cırıldayırdı.  Bir dəfə Villem özünü əldən salaraq məhəccərləri əli ilə yoxladı, amma bu böyük, əsl yüksək səviyyəli istsayd (Upper East Side) malikanəsi idi. Malkolmdan üç yaş böyük bacısı Flora bir müddət əvvəl yarımzirzəmi otaqdan köçmüşdü və Cud müvəqqəti olaraq orada yerləşmişdi. Malkolmun valideynləri otağı anasına məxsus ədəbi agentliyin ofisinə çevirmək istəyirdilər və bu o deməkdir ki, Cud özünə başqa bir variant tapmalıdır.

Öz-özünə aydın idi ki, onlar Villemlə birgə ev tuta bilərlər. Onlar kollecdə də bir otaqda qalırdılar. Birinci kursda onların dördü də bir yerdə qalırdı. Sərancamlarında Cey-Binin xalaları tərəfindən traylerdə gətirilmiş yazı stolu, stul, divan qoyulmuş beton divarları olan qonaq otağı, iki cüt ikimərtəbəli çarpayılar olan yataq otağı var idi. Otaq o qədər dar idi ki, aşağı mərtəbələri paylaşan Malkolm və Cud ayağa durmadan əllərini tuta bilirdilər. Malkomun ustündə Cey-Bi, Cudun üst mərtəbəsində isə Villem yatırdı.

-Ağlar qaralara qarşı- Cey-Bi dedi.

-Cud ağ deyil ki,-deyə Villem etiraz etdi.

-Mən də qara deyiləm, - deyə Malkolm əlavə etdi. Cey-Bini incitməmək üçün çox da ciddi şəkildə demədi.

-Qısası, - Cey-Bi göbələk qabını çəngəl ilə öz yaxınına çəkərək dedi: mən sizi mənimlə yaşamağa dəvət edərdim, amma sizin oradan nifrət etdiyinizi düşünürəm.

Cey-Bi Kiçik İtaliyada istifadə edilməyən, qəribə arakəsmələrə  bölünmüş və tikintisi tamamlanmamış yarımçıq otaqlara gedən böyük dəhlizləri olan çirkli damda yaşayırdı. Bu tikili əvvəllər tanıdıqları bir tələbə yoldaşına məxsus idi. Ezra rəssam idi, həm də istedadsız rəssam. Cey-Bi deyirdi ki, axı o nə üçün çalışmalıdır, onun işləməyə ehtiyacı yoxdur. Nəinki onun, hətta uşaqlarının, uşaqlarının da uşaqlarının pula, işə ehtiyacı olmayacaq: onlar heç kəsə lazım olmayan, əsassız, dəyərsiz əsərlər yaradacaqlar, amma özləri ürəyin istəyən ən yaxşı əsərləri əldə edəcəklər; onlar Menhettenin mərkəzində böyük tikililər, evlər əldə edə bilir və öz sənət nümunələri ilə onları eybəcərləşdirir, azad rəssam həyatından bezəndə isə - Cey-Bi Ezranın aqibətinin belə olacağına əmin idi - öz bankirlərinin yanına gedərək böyük pul alacaqlar. Onlar dördü birlikdə həyatı boyu bu qədər pulu görə bilməzlər (Malkolmdan başqa).

Hələ ki, Ezra ilə tanışlıq ona kömək olurdu; təkcə ona görə yox ki o, Cey-Bi və digər tələbə yoldaşlarına evində qalmağa icazə vermişdi- günün istənilən vaxtı evin ayrı-ayrı hissələrində dörd-beş adam görmək olurdu- həm də ona görə ki, Ezra ürəyiyumşaq və əliaçıq adam idi, tez-tez pulsuz şəkildə zəngin yeməkli, içkili və narkotikli məclislər təşkil edirdi.

Hazırladı:
Nərmin Cahangirova


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!