XAN LAÇINA GEDƏ BİLMƏDİ AĞA LAÇINLI
Üçcə dəfə gördüm Ağa Laçınlını-
ağa kişi kimi;
sözünün ağası kimi;
Ağa Laçınlı kimi.
Söhbətinin dadı qaldı damağımda -
bal kimi;
şəkər kimi;
şərbət kimi.
Sonra araya vaxt düşdü-
ayrılıq kimi;
hicran kimi;
həsrət kimi.
....Çiçəklərin ballanmağını
arılardan qabaq duyurdu
Ağa Laçınlı.
Laçın dağlarından
şirə toplayıb kitab şanlara
hörürdü Bakıda...
Auditoriyalarda bal daddırırdı
tələbələrinə...
Sonra karxana auditoriyalardan
beçələrini uçururdu:
şirə çəkməyə, bal toplamağa...
...On beş il xan Laçına gedə bilmədi,
Ağa Laçınlı:
şirə çəkməyə, bal toplamağa.
Bakıda mayasını yedi və...
VAĞZAL GƏRAYLISI
Uzun ayrılıqlar vağzallardan başlayır...
Qatarların, təyyarələrin...
çiyinlərində daşınır şəhərlərə...
Vağzallarda doğulur,
daşınır ayrılıqlar.
...Divarların yaxasına
mıxlanmış tablolar
alın yazımız sanki.
Böcək gözlü işıqlar tale
yolumuzu aydınlaşdırır.
Yellənən əllər və "hələlik" sözü
ayrılığın təsdiqidi burda.
Hər qərib baxışın rəsmi cızılır
vağzal divarlarına.
Gedənlərin dilində vağzal bayatısı
ikicə kəlmə-
"mən getdim...."
TORPAĞA BİR TABUT SÖZ BASDIRDILAR...
Məmməd Aslanın xatirəsinə...
I
İnsanlar bir tabut söz qaldırdılar,
bu sözün altında hər ürək dözməz.
Torpağa bir tabut söz basdırdılar...
çəkəcək canına sözün qanını,
yeyib dadlanacaq, sözü, şeiri,
gözü doymayacaq bu şirin daddan.
...Torpağa bir tabut söz basdırdılar...
indi kəpənəklər sözə qonacaq,
arılar şirəsin sözdən çəkəcək.
ürəkdən çəkəcək, gözdən çəkəcək.
Bu məzar söz adlı bar gətirəcək,
çiçək bitirəcək, gül bitirəcək...
Burda "göyərəcək, hər kəlmə, hər söz".
II
Uca kürsülərdən şeir deyirlər,
"söz satıb" nə qədər çiçək alırlar,
şairlər güllərdən şirə çəkirlər,
şeir hörürlər...
...Şairlər üzünə söz tutub ölür.
Söz tutub üzünə gedir şairlər,
haqqın dərgahına və ayağına...
Bir az yüngül olur şair cəzası,
sözə bağışlanır nə günahı var...
....şair öldü!
PAYIZ ADAM
Payız adam,
bu fəsil sənin çiyinlərindən
nimdaş plaş kimi asılı qalıb.
Qış kürkünü görmədim.
Dörd ildi gözlərimdə
bir fəsildə qalmısan:
bomboz rəngdə.
Payız adam!
Bu fəsil əynində köhnəldi sənin.
Ürəyinə qabqardığın
heydən düşmüş arzularınla
can üstə olan xatirələrinə yol gedirsən.
Hələlik...
ŞƏKİLLİ ŞEİR
Mənə şəkil göndərdin...
o şəklin içində hər şeyin
öz şəkli var:
baxışın öz şəkli var,
ürəyin öz şəkli var.
Ağrının öz şəkli var,
göynəyin öz şəkli var...
Mənə şəkil göndərdin...
...bilirsənmi gəlişi
heç hansı ana düşdü?!
sənsizliyin ağrısın çəkən
məqama düşdü.
Mənə şəkil göndərdin,
nə rəngli şəkildi...
Bomboz ağrılarıma
duz basar, "məlhəm" olar...
Göyərər ağrılarım,
qaysaqlamaz, nəm olar.
Bundan belə hər dəfə
o şəklə baxanda
xumarlanar gözlərim,
baxışlarım dəm olar...
ETİRAF
Dünən doyunca vurdum,
sənsizliyin sağlığına.
Vüsal məni çağırmışdı,
hicranın qonaqlığına.
İçim, çölüm çox azad,
dərdim, qəmim kəm idi.
Bütün sevdalı başlar,
dünən yəqin dəm idi.
Nə qoxun burnumdaydı,
nə adın yaddaşımda.
Sərxoş olmaq arzusu,
dolanırdı başımda.
Bilmirdim ki, mən səni,
belə tez unudacam.
...Dünən dünəndə qaldı,
bu gün sənə möhtacam.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!