Millətin varolma mübarizəsində Ülvi Bünyadzadə - Lütviyyə Əsgərzadə yazır

 

1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Azərbaycan xalqı azadlıq eşqi ilə, əliyalın rus ordusunun qarşısına çıxdı. 70 il itaət göstərmiş xalqın ayağa qalxması, azadlıq istəyi ilə meydanlara çıxması "böyük qardaşımız" bildiyimiz kəsləri hiddətləndirdi, sovet ordusu döyüş hissələrini geniş xalq kütlələrinə qarşı yeritdi. Bu, Azərbaycanda misli görünməmiş faciənin - 20 Yanvar faciəsinin yaşanmasına səbəb oldu. Xalqımızın rus tankları önündə mübarizliyini, məğrurluğunu və əyilməzliyini nümayiş etdirdiyi 20 Yanvarda qanlı faciə yaşandı, günahsız insanlar qətlə yetirildi. Xalqımızın mümkünsüzü mümkün edərək özünü təsdiq etdiyi 1990-cı ilin qanlı 20 Yanvarı, eyni zamanda, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil oldu. Qan bahasına olsa da, uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyimizə qovuşduq. Xalqın azadlığını, şərəf və ləyaqətini uca tutan Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldı. Azərbaycan xalqının sınağa cəkildiyi, qəhrəman oğulların əbədi yaşamaq naminə ölümə qənşər gedərək şəhid olduqları o müdhiş gecə - 20 Yanvar xalqımızın qan yaddaşına çevrildi. Şəhidlərimiz 20 Yanvarı xalqımızın müstəqillik, istiqlal və hürriyyət uğrunda apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk etdilər. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, "Bu təcavüz xalqımızı mənəvi cəhətdən cox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya bilmədi, qürurunu sındıra bilmədi, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı. Tariximizin bu səhifəsi imperiya güllələrinin səsindən açılsa da, şəhidlərimizin qanı ilə əbədi olaraq yazıldı. Bakımızın sinəsində "Şəhidlər xiyabanı" yarandı. Şəhid bacısı, AMEA-nın müxbir üzvü Könül xanım Bünyadzadə Azərbaycanın rus tankları altında əzildiyi, ancaq qalxıb dirçəldiyi 20 Yanvarı xarakterizə edərək yazır: "Sovet İmperiyası özünü qoruyub saxlamaq istəyirdi. Bütün bunlar siyasi proseslər idi. Bütün belə proseslər qanlı qurbanlar tələb edir. Mən buna fəlsəfi cəhətdən yanaşıram. İlk uşaq doğulanda ağlaya-ağlaya doğulur. 20 Yanvarda da bütün Azərbaycan ağladı. Çox qurbanlar verdik. 20 Yanvarda yeni Azərbaycan doğuldu. Böyük qurbanlar hesabına... Azərbaycan ağlaya-ağlaya yenidən doğuldu." "Azərbaycanın yenidən doğulduğu" 20 Yanvarda şəhid olanlar arasında gənc, ömrünün baharında olan, 1989-cu il sentyabr ayının 10-da ana torpağı, doğma xalqı qarşısında övladlıq borcunu şərəflə, ləyaqətlə yerinə yetirəcəyini vicdan borcu bilərək öz müqəddəs "And"ını yazmış Ülvi Bünyadzadə də vardı...

Ülvi Bünyadzadəni iç dünyasına yol salmaq, hisslərini, vətən eşqi ilə alışıb-yanan gənc qəlbinin həyəcanlarını duymaq üçün yazdığı şeirlərdən tanımaq həm duyğuludur, həm də qürurlu. 20 yaş yaşamasına baxmayaraq 1990-cı ilin 20 Yanvarında, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədiyi müdhiş gecədə, həlak olaraq Azərbaycanın tarixinə parlaq səhifə yazan, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açan vətən oğullarından olan Ülvi Bünyadzadə də özündən sonra zəngin irs qoyub gedib. Bu mənada, A.Səhhətin "məsləkim tərcümeyi-halımdır" sözləri Ülvinin boyuna biçilib.

1969-cu ildə Ermənistan SSR-in Basarkecər rayonu Kəsəmən kəndində anadan olan Ülvi Bünyadzadə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsinin II kurs tələbəsi idi. Şeirlər yazır, tərcümələr edirdi. Haqsızlığa, ədalətsizliyə qarşı barışmaz idi. Ülvi "ülviləşən məsləki", eyni zamanda tərcümeyi-halı olan "And"ında yazır: "Mən, Bunyadzadə Ülvi Yusif oğlu, həyatımda ilk və son dəfə öz vicdanım qarşısında and içirəm: bir elin, bir millətin adını təmsil etdiyimi heç zaman unutmayacağam; Azərbaycan torpağının qürurdan, qeyrətdən yoğrulmuş adını müqəddəs tutacaq, bu ada ləkə vurmaq istəyən bütün ünsürlərə qarşı duracağam; öz azərbaycanlı varlığıma, vicdanıma, məsləkimə, əsil-nəcabətimə, damarlarımda axan azərbaycanlı qanına layiq oğul olacaq, qorxaqlığı, alçaqlığı, yaltaqlığı özümə yaxın buraxmayacaq, nəyin bahasına olursa-olsun, öz azərbaycanlı "mən"imi təsdiq edəcəyəm. Əgər vədimə xilaf çıxsam, qoy anamın südü, elimin çörəyi mənə haram olsun, Vətən üzü görməyim". "And"ında da göründüyü kimi, "damarlarında axan azərbaycanlı qanına layiq oğul olmaq və öz azərbaycanlı "mən"imi təsdiq edəcəyinə and içən Ülvi artıq öz yolunu seçmişdi". Başdan-başa istedad olan Ülvi Bünyadzadənin yaradıcılığını 200-dən çox şeiri, "Ömür yolu" poeması, "Qansızlar" povesti (hər iki əsər Əfqanıstanda döyüşən həmvətənlərimizə həsr olunub), 40-a yaxın hekayəsi, 5 pyesi, 20-yə yaxın dünya ədəbiyyatından orijinal tərcümələri (ingilis və rus dillərindən), 7 ədəbi və ictimai məzmunda məqaləsi, bibisi Almaza (professor Almaz xanım Ülvi), dostları Məhəbbət və Cavidə yazdığı xeyli məktubları və s. əhatə edir. Şeir yazdığı kimi, musiqi ilə də həmdərd, aşina olan Ülvinin güclü musiqi duyumu da vardı. O, qarmon, tar, saz, piano, kamança və s. musiqi alətlərində çalmağı bacarırdı. Bir çox milli musiqi alətlərimizdə gözəl ifaları ilə məktəbdə keçirilən ayrı-ayrı yığıncaqlarda, görüşlərdə müəllim və şagird kollektivinin dərin rəğbətini qazanmışdı. Ülvinin musiqi istedadına heyranlığını mərhum şair Elman Həbib bir məqaləsində belə dilə gətirir: "Ülvi. Onunla qardaşımgildə tanış olmuşduq. Qardaşımla Ülvinin əmisi Hüseyn həkim qonşu idi. Ad günündə, xudmani məclisimizdə hərə öz sözünü deyirdi... kimsə dedi, Ülvi pianoda bir xalq mahnısı çalsın. O, utancaq-utancaq qalxıb piano arxasına keçdi. Ülvi həmin andan yaddaşımda yaşamağa başladı. 18 yaşı vardı. Qonur gözləri, çatılmamış, qartal qanadları kimi gərilmiş qara qaşları ağbəniz çöhrəsinə bir qədər kölgə salanda qəribə ciddi görkəm alardı. Məclis boyu ağzını açıb bir kəlmə kəsməyən bu gəncin sinəsi altında necə sirli xəzinə varmış, Allah!

...Ülvi yadımda beləcə qalıb. 18 yaşında, bığ yeri yenicə tərləyən bir cavan, yeniyetmə kimi, bir də xalqımızın dərdini müdrikcəsinə ürəyinin dilində danışan istedad sahibi kimi. O vaxt məclisdə heç birimiz bilmirdik ki, Ülvi həm də şairdir". Bəli, Ülvi həm də şair idi. Öz taleyini yazan şair. Taleyini, başına gələcəkləri duyan Ülvi, sanki şeirlərində taleyini misralara pıçıldayırdı. Hələ 13 yaşında ikən öz yaşıdlarına ithaf etdiyi şeirində "gələcəyə qaranquş" olacağını dilə gətirən, "həyat üçün doğulan Ülvinin "Vətən üçün ölməliyik" hökmünü verməsi insanın qəlbini riqqətə gətirir. Ülvinin "poetik yaradıcılığının özül daşı" olan şeirdəki bu misraları oxuyanda 13 yaşında şahlıq taxt-tacına sahib olmaq üçün döyüşə atılan Şah babamız Xətaini anmamaq olmur:

Döyüşlərdə yoğrulmuşuq,

Gələcəyə qaranquşuq.

Həyat üçün doğulmuşuq,

Vətən üçün ölməliyik!

Poeziyaya bu duyğularla gəlmişdi, Ülvi Bünyadzadə. Hansı hiss idi, 13 yaşlı Ülviyə bunları yazdıran? Təbii ki, Vətən, millət eşqi, Azadlıq, müstəqillik duyğusu. Ülvi Bünyadzadənin yaradıcılığı şəxsiyyətini, şəxsiyyəti yaradıcılığını xarakterizə edir. Gənc Ülvinin əsərlərində əsas xətt olaraq vətən müqəddəsliyi, azadlıq duyğusu və qeyrətli vətəndaş oğul obrazının tərənnümü əsas yer tutur. Qəlbində baş qaldıran Milli Azadlıq eşqinin müqəddəs yolda çarpışmaqla məşələ dönəcəyinə inanan Ülvi "70 il ərzində gəldiyimiz "hamarlanmış yol" yox, milli mənliyini təsdiqləyən, vətən şərəfini ucaldan yol, cığır olmalıdır" düşüncəsində idi. "Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik" idealı ilə yaşayan Ülvi Bünyadzadə üçün yolun fəlsəfəsi buradan başlayır. Ülvi yolu tanıyan yolçu idi. O "hamarlanmış yol"la getməkdənsə, özü yol açmaq, millətinə, vətəninə yol olmaq istəyirdi. Çıxdığı yolu da bilirdi, nə üçün yola çıxdığını da... "Görəsən, hayana gedir bu yollar? - deyən, uzun yollara çıxmaqdan qorxmayan, ancaq yolun sonunu görə bilməyən, daha doğrusu, yolun nəhayətsizliyindən yorulan Ülvi yazır:

Görəsən, hayana gedir bu yollar?

Vallah, qınamayın, sona çatınca

Ayağı demirəm, ürək yorular.

Bunları yazanda Ülvi yolun başında idi. "Görəsən, hayana gedir bu yollar?" - deyərək öz-özündən sual edən Ülvinin həyat yolunun sonunda şəhidlik vardı. Sanki o, bu yolun sonundan da xəbərdar kimi, "o biri ucunda "ölüm" olduğunu bilsə belə, yola çıxmaqdan qorxmadığını bəyan edirdi:

Bu yolun, acısından, ağrısından,

"Ölüm" adlı yuxusundan mən qorxmuram.

Yollar saysız,

Yollar sonsuz,

Yollar ötür,

Dünənimdən,

bu günümdən,

sabahımdan ötür keçir.

Mən qorxmuram uzaq yola çıxmaqdan...

Ülvinin elə misraları var ki, sanki o, "olum"la "ölüm"arasındakı missiyasını bilir, taleyini, "atasına", "anasına oğul ola bilməyəcəyini", "bir ocağın çırağı ola bilməyəcəyini" dilə gətirir:

Atama oğul deyiləm,

Anama oğul deyiləm.

Bu ocağın kor çırağı,

Yanmayacaq işığıyam.

Ülvi Bünyadzadənin missiyası "atasına", "anasına oğul", "bir ocağın çırağı ola bilmək" - deyildi, Azərbaycan adlı bir ölkənin, bir elin, bir xalqın "oğlu" olmaqdı. Bir evdən çıxıb bir elin oğlu olan, vətən uğrunda şəhid olan Ülvi Bünyadzadə vətənə oğul oldu. Bütün azərbaycanlı anaların övladına, əzizinə, and yerinə, qürur yerinə çevrildi.

Ülvi Bünyadzadənin yüksək duyğularla Əfqanıstan döyüşçülərinə həsr etdiyi poemanı oxuyanda adama elə gəlir ki, poema Əfqanıstan döyüşçülərinə deyil, Qarabağa yazılıb.

Aman qardaş, doğrudurmu deyirlər,

Gecə-gündüz qan tökülür yurdumda.

Qarabağın tarixini danırlar,

Məscid uçur,

dam sökülür yurdumda.

Qarabağdı mənim dinim-imanım,

O torpağın nişanəsi, iziyəm.

Məni belə aciz görmə qəbirdə,

Qəbirdə də Qarabağın özüyəm.

XX əsrin sonlarında torpaqları işğal olunan Azərbaycan Ülvinin misralarında belə möhürlənir.

Ülvi Bünyadzadə poemada "millətimizin başına açılan oyunları poetik, dərd bükümlü, dərd sətirli nəğmələrlə anladır. Şairin poetik sənətkarlığı, fitri istedadı öz işini görmüşdü. Bu əsər ona görə təsirli, ona görə axıcı və birnəfəsə oxunur ki, sanki hər kəsin içində alovlanan ocaqdan götürülmüş çınqıllar tonqalıdır". Şəhid bibisi, professor Almaz xanım Binnətova "Karabağ Benim Dinim - imanım" (Ülvi Bünyadzadenin Yaratıcılığında Karabağ Motifi) adlı məqaləsində yazır: "Ülvi bu poemanı uzaq Sibir torpaqlarında yazarkən, Bakıda Topxana uğrunda mitinqlər gedirdi... Bakıda gedən mitinqləri Ülvi Bakıdan onun ünvanına göndərilən mətbuat vasitələrindən öyrənirdi". Və ordudan tərxis olunan Ülvi Bakıya gələr-gəlməz mitinqlərə qoşulur. Azadlıq üçün meydana axışan xalqı ilə birlikdə olur. Əliyalın Sovet ordusunun qarşısına çıxanlar arasında gənc cəngavər Ülvi Bünyadzadə də vardı. O gecə Ülvi şəhid oldu. AMEA-nın müxbir üzvü, şəhid Ülvinin bacısı Könül Bünyadzadə Femida.az-a verdiyi müsahibəsində gəncliyin fəlsəfəsini xarakterizə edərək deyir: "Gerçəkliklə, yaşadığı cəmiyyətlə uyuşmayan ruh özü də bilir ki, bu qeyri-adi bərabər bir mübarizədir. O, narahatdır, qorxur, lakin içindəki ilahi hiss daha güclüdür. Bu, əliyalın düşmənin üzərinə yeriyən qəhrəmanın qorxusudur. Bu, insanlığa yönəli, acizlikdən doğan bir nifrət deyil. Bu, inkişafa, ucalığa qarşı duran quruluşa nifrətdir. Bu, geriliyə, müqəddəsliyə təhlükə yaradan hər şeyə üsyandır. Bu, içindəki bütün nuru, işığı heç cürə bütövlükdə insanlara çatdıra bilməyən özünə qarşı üsyandır...".

Millətin "varolma və yoxolma" mübarizəsi olan 20 Yanvarda azadlıq mücahidləri əliyalın rus tanklarının qabağına çıxdı. 20 yaşlı Ülvi Bünyadzadənin yolu Şəhidlik adlı yüksəklikdə son buldu.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!