“Nizami Gəncəvi almanaxı”nın birinci cildi çapdan çıxıb

 

Edebiyyatqazeti.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsi tərəfindən “Nizami Gəncəvi almanaxı”nın birinci cildi nəşr edilib.

“Kaspi nəşrləri” seriyasında işıq üzü görən almanax akademik Həmid Araslının 110 illik yubileyinə ithaf olunub.

Almanaxın elmi redaktoru AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Birinci cildin redaksiya heyətinə akademik Teymur Kərimli, AMEA-nın müxbir üzvü Nüşabə Araslı (elmi məsləhətçi), professor İmamverdi Həmidov, dosent Aygün Bağırlı, dosent Zəhra Allahverdiyeva (məsul redaktor) daxildir. Nəşrin məsul katibi Hürinisə Bəşirova, koordinatoru Məsumə Nuriyevadır.

Birinci cild akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Nizami Gəncəvi: sənətin qüdrəti və əbədiyyəti” sərlövhəli yazısı ilə açılır. Nəşrdə Ədəbiyyat İnstitutunun əməkdaşları ilə birgə ümumilikdə 16 tədqiqatçının mövzu ilə bağlı məqalələri yer alıb. Almanaxdakı məqalələr Nizami Gəncəvinin həyat və yaradıcılığına dair mühüm problemlərin həllinə yönəlib.

Qeyd edək ki, Nizami Gəncəvi almanaxlarının nəşr ənənəsi 1940-cı ildən başlayıb.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!