Bir udum vətən
Bu sərçələr yem dalınca
Tanrının yanından eniblər yanıma.
Son ümid, son güman kimi
Qonublar eyvanıma.
Hamı bir vaxt sərçə olur,
Hamı uçur dən dalınca.
Bir parça torpaq dalınca,
Bir udum vətən dalınca.
Düşür özündən xəbərsiz,
Lələk-lələk qanadları.
Yolur yağış qanadları,
Yolur külək qanadları.
Ürəyimə daman kimi,
Nə yaxşı ki, dən səpmişəm.
Məni görüb uçardılar,
Dəni dünəndən səpmişəm.
Hamı bir vaxt sərçə olur.
Hamı uçur dən dalınca.
Bir parça torpaq dalınca,
Bir udum vətən dalınca.
Hamı ürəyinə çəkilib
Nə beş il, nə on il, nə də ki, yüz il,
Bəlkə də daha çox,
bəlkə də min il.
Ara məsafimiz uzanır yaman,
Darıxır sinəmin altdakı dərd də,
Darıxır üzümdə qırışlar belə,
Darıxır bu yorğun baxışlar belə.
Ağzına su alıb həyət-baca da,
Ağzına su alıb qardaş-bacı da.
Hamı şirin-şirin darıxmağında,
Hamı ürəyinə çəkilib susub.
Onda hər şey tamam başqaydı
Onda ümidlərə söykənmək var idi,
Onda arzulardan iki əlli tutmaq olurdu.
Onda hər şey tamam başqaydı,
Onda bir təbəssümə hər dərdi unutmaq olurdu.
Onda hamıdan tez oyanmaq hünər idi,
Onda günəş daha erkən doğardı yer üzünə.
İndi?
İndidən danışma, danışma dostum,
İndi ayda-ildə bir düşürük onun izinə.
Sabahın adamıyıq
Nə sən dünənin adamısan,
nə mən bu günün adamı.
Biz sabahın adamıyıq əzizim,
sabahın adamı.
Dünənin də günahkarıyıq, bu günün də.
Təkcə, sabaha suçsuzuq.
O da ya qismət, ya gələ, ya gəlməyə...
Getmək havası
O nə getmək havası,
Bu nə vida tonuydu?
Görənlər deyərdi ki,
Ta dünyanın sonuydu.
Çox gedənlər görmüşəm,
Çox əlvida nidası.
Sinəmə də düşmür heç,
Ayrılığın havası.
Düşünürəm ki, kaş sən,
Gülə-gülə gedəydin.
Mən də inanmazdım heç,
Gələ-gələ gedəydin.
Daha gecdi, həm də çox,
Bilə-bilə getmisən.
Necə gözəl bilirsən,
Elə, elə getmisən.
Bütün olanlara əlvida
Bir də bir gün bütün olanlara əlvida,
Bütün suallara sükut cavabı.
Qulaqlarında gedənlərin ayaq səsləri,
Divarlarda hıçqırtı izləri.
Unutduğun ürəyinlə baş-başa səhəri gözləmək.
Bir gözün qapıda, bir gözün saatda.
"Nə bilirsən, bəlkə gəldi, nələr olmur ki, həyatda?"
Bütün ümidlər dümağ geyinir...
Bütün ümidlər dümağ geyinir,
Tanrıyla hər sabahkı görüşə.
Bütün ürəklər eyni ritmə aludə,
Bütün ürəklər eyni ahəngə uymuş.
Hamını eyni arzulardı əsir-yesir edən,
Hamı da eyni sözdən, eyni "yox"dan doymuş.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!