Könül Arifin şeirləri

Könül Arif

 

A CAPİTE AD CALCEM

I

Əlimi kilsə divarlarına sürtürəm

Nə qədər pıçıldasam da xeyir-duaları

Şər çağıdı -

Buludlar ötür dağ başında kilsənin üstündən

Buludları yarır kilsə qülləsinin xaçı!

Buludlar haçalandı

Buludlar al-qandı!
 

Aç ovuclarını

Ovucların - göyərçin qanadlarıdı...
 

Ovuclarına sıx duaları

Və xaçdan daman qanı!

 

II

Sübh çağı yumub gözlərini, açıb qollarını

Günəşə doğru qaçarkən

            ayaqladığın o çörək qırıntıları

Daraşacaq vücuduna bir gün

Qarışqa misalı

Dalayacaq canını

 

Çörək qırıntılarıdı -

Canda qaçışan o min bir ağrı!!

 

III

Bir də görsən ki qəfildən

            günəş batdı - sübh çağı

Bir də görsən ki ayaqlar düşdü taqətdən

Qollar çarpazlandı

Bir də görsən ki güllətək açıldı havaya

Qarğaların qanadları

 

Demək ki ŞƏR qarışdı!!

Demək ki ayaqları tutdu çörək ahı!

 

Və daha qarğalar şığıyar al buludlardan taa

Canındakı ağrılara sarı.

 

IV

Yumma

Göyərçin qanadlarını

Şər çağı.

 

ŞƏHƏR ADLARI

Səfər elanları yayıldı.

Enib uçuş qiymətləri ovuc içinə.

 

İndi bütün şəhərlərin adı

"Onu unutmaq"dı:

 

Bakı - Onu unutmaq - Bakı

Bakı - Onu unutmaq - Bakı

Qəbələ - Onu unutmaq - Qəbələ

Gəncə - Onu unutmaq - Gəncə

 

REPRİZ![i]

I

Sevgi ilə əllərin arasında - sözlər

inciklik

göz yaşları...

 

Bir duzlu damla dəyib dağıldı

əlin üstünə.

Sevgiyə dartınan əlləri

gözlər çəkib saldı

nəm çökəkliyinə.

 

II

Sevgi ilə əllərin arasında

bu uzanıb-qısalan yolda - əşyalar...

Əllərə

və sevgilərə görə dəyişir bu əşyalar;

mən

bir qutu şokolad,

iki kitab xatırlayıram

sənin o isti...

mehriban... ağ əllərində,

mənsə...

..........iztirablı...

......................ucsuz-bucaqsız...

............................................."Tatar çölü"nü uzatmışdım sənə

barmaqları

aprelə dolaşan

bumbuz əllərimdə.

 

III

Sevgi ilə dodaqların arasında - əllər quruyar...

Dodağımla toxunsam sevgiyə

qupquru

izsiz torpaq gizildəyər çöllüklərdə.

 

Bircə mənnn...

...................bircəəə...

.............................bircə mən

            ölərəm o torpağın üstündə!

 

IV

Kölgəm -

məndən öncə uzandı torpağın üstünə...

 

Qabırğa ilə torpağın arasında - kölgə.

 

Torpağın üstündə

Qabırğa şəklində kölgə.

 

V

Sən

"bütün bunları yaz" deyirsən.

Mənsə

bunları yaşamaq, səsləndirmək istəyirəm.

 

Yaşamaq,

səsləndirmək

və ya

yazmaq arasında

qıvrılmaqdır ömür indi,

eynən yumub gözlərini

masanın bir ayağından o biri ayağına

qıvrılıb

quyruğunun ucunacan sürtünən o pişik kimi.

 

V

Bircə

səsləndirə bilmədiklərimi

rahatlıqla yaza bilirəm.

Məsələn:

"Mən səni...

................hələ də...

...........................sevirəm"

 

[i] fr. reprise - musiqidə notların

təkrarlanması

 

AD

Qəfildən açılan güllə kimidir

Bir ehtiyatsız dost dilində

Adının çəkilməsi

 

ORİQAMİ

Kağızdan düzələn gəmini

Dənizə atmaq kimidir

Qadının dünyaya gəlişi

 

ANA

Balaları qarnına sığınan ana dovşan

Qaçmır

Tirin ucuna zillədiyi baxışlarıyla

Titrəyə-titrəyə

Dayanıb dərinliyini ölçür

Ovçu ürəyinin

 

PENCƏK

Bir qadın vardı -

Havalıydı.

Axşamlar oğrun-oğrun

Zəmidəki müqəvvaya

Yemək aparırdı.

Demə,

Müqəvvanın çiyninə

İtkin oğlunun pencəyi salınmışdı.

 

Qadını görcək zəmidəki qarğalar

Qoynuna sıxıb yavrularını

Elə hey

Üzüyuxarı baxırdı.

Ağlayırdı qarğalar qadına,

Qarğa dilində

Ağlayırdı...

 

Sükut edirdi sünbüllər hər axşamçağı,

Qucurdu zəmi torpağı

Sinəsinə düşüb unudulan

Əzik-üzük buğdaları...

 

Ötürürdü küləklər bir-birinə,

Öpürdü küləklər cümlə-cümlə

Ana laylasını:

 

"Bu tikəni də ye, balam,

Ye ki, rahat yatasan.

Ağlayır, bax, qarğalar -

Hamısı da acdı ha,

Ye! Qalmasın onlara..."


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!