Daşkənddə böyük özbək yazıçısı Abdulla Qədirinin 125 illik yubileyi keçirilib. Tədbirdə Özbəkistanın elm, ədəbiyyat və incəsənət xadimləri iştirak ediblər.
Yubiley mərasimində Azərbaycan Yazıçılar birliyinin katibi Firuz Mustafa “Abdulla Qədirinin yaradıcılığı Azərbaycan ədəbiyyatı kontekstində” mövzusunda çıxış edib. O bildirib ki, yazıçının “Ötən günlər” əsəri Azərbaycanda məşhurdur və bir neçə dəfə çap olunub. Əsər Azərbaycanda ilk dəfə 1928-ci ildə işıq üzü görüb, romanı Azərbaycan dilinə Bakıda yaşayan özbək əsilli Xalid Səid Xocayev tərcümə edib.
F.Mustafa Abdulla Qədirinin ölkəmizdə nəşr olunan digər əsərləri haqqında da məlumat verib.
Mərasimdə çıxış edən şair və yazııçılar Abdulla Qədirinin özbək ədəbiyyatının inkişafındakı xidmətlərindən danışıblar. Yazıçının nəvəsi Xandəmir Qədiri babasının 125 illik yubileyini keçirilməsində əməyi olanlara minnətdarlığını bildirib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!