İnkaredilməzdir ki, bir neçə il əvvəl roman bumu yaşanan müasir ədəbiyyatımızda son illər güclü bir hekayə axını yaşanmaqdadır. Janrın çərçivələrinin geniş, sərhədsiz olması, müasir dövrün yaratdığı sərbəstlik baxımından son illərdə hekayəyə maraq daha da artmışdır. Təbii ki, 2013-cü ildə kanadalı hekayə yazarı Elis Manroya ədəbiyyat üzrə Nobel mükafatının verilməsi də janrın inkişafına təsirsiz ötüşmədi. Bu səbəbdən də çağdaş zamanımızda bir janr kimi hekayənin obrazını yaratmaq olduqca təqdirəlayiq bir hadisə hesab edilməlidir.
Adətən "romandan qoparılmış səhifə" adlandırılan hekayə həyatımızın mərkəzində olan, dövrümüzün, cəmiyyətimizin rənglərini bütün çalarları ilə əks etdirən, insani halların ən kiçik məqamlarını üzə çıxarmaq qüdrətinə sahib bir janrdır. Bununla belə 2016-cı ilin hekayə kollajına baxarsaq, sadaladığımız xüsusiyyətlərə tam mənası ilə cavab verə bilən əsərlərin çox da geniş saya malik olmadığını deyə bilərik.
Hər şeydən əvvəl qeyd etmək istərdim ki, ilin hekayə mənzərəsində sırf hekayə kitablarının çox da geniş sayda olmaması diqqəti cəlb edir. Ümumiyyətlə, Azərbaycan ədəbiyyatında hekayə kitabı çıxarmaq ənənəsi geniş yayılmayıb, bizim milli ədəbiyyatımızda ya şeir kitabları, ya da romanlar daha aktual hesab edilir. Halbuki, məhz hekayə janrı daşıdığı öncəliklər ilə oxucunu asanlıqla öz aurasına alıb onun şüuruna təsir etmək imkanına malikdir. Öncəki illərə nisbətən hekayə kitablarının sayında azalma özünü göstərir. İlin əsas hekayə kitabları Narıngülün "Qar çiçəyi", Seymur Baycanın "Gecikmiş hekayələri", Şəhriyyə Qəzənfərqızının "Sən gecikmə" toplularından ibarətdir. Lakin digər janrlarla qarışıq şəkildə hazırlanmış Mustafa Çəmənlinin "Üç yaşlı əsir", Günel Eyvazlının "Cadugər", Həmid Piriyevin "Şanapipik haqqında mahnı", Səyyad Aranın "Sazaq" toplularında daha çox öncəki illərin hekayələri, müsabiqələrə təqdim olunmuş əsərlər yer almaqdadır. Yeni hekayələr isə əsasən mətbu orqanlarda, qəzet və jurnallarda, internet portallarında daha çox çap olunur. Təbii ki, hekayənin əlçatanlığı baxımından beləsi daha əlverişlidir. Yəqin ki, çox az adam sadaladığımız kitablara göz gəzdirib, lakin Cavid Zeynallının "Coğrafiya müəlliminin pencəyi", Elçinin "Qəbiristanlıqda məhəbbət əhvalatı", Vüsal Nurunun "Tüklü sabun" və ya Çinarə Ömrayın "Çinar tərəzi" hekayələri qəzet və jurnal səhifələrindən oxuculara daha tez çatır. Bu məsələdə "Ədəbiyyat qəzeti"ndə keçirilən hekayə müzakirələri də əhəmiyyətli rol oynamış, janra həm yazıçıların, həm də tənqidçilərin diqqətini yönəltməyə müvəffəq olmuşdur. Eləcə də internet portallarından birində, 1905.az saytında yazarların iştirakı ilə keçirilən Azərbaycan hekayəsi adlı silsilə müzakirələr maraqlı detalları ilə diqqəti cəlb edir.
Müasir hekayələrimiz çağdaş dövrün nəbzini tuta bilirmi?- sualı hazırda bir çoxumuzu maraqlandırır. İlin mənzərəsindən baxarsaq, nə böyük həvəslə müsbət, nə də kəskin yox deyə biləcəyimiz hekayə nümunələri ilə qarşılaşırıq. Düzdür, il ərzində istər jurnallarda, istər də internet portallarında yaxşı hekayələrə təsadüf edirik. Sadəcə olaraq yaxşı hekayələr, lakin istərdik ki, yaxşıdan da daha artıq, insan düşüncəsinə təsir edə bilən, oxucunu arxasınca apara biləcək, başqa bir dünyanın qapılarını aça biləcək hekayələr də çox olsun.
Hekayə janrına marağın artma səbəblərindən biri də keçirilən müsabiqələrlə bağlıdır. Ötən il dördüncüsü keçirilən Beynəlxalq Mahmud Kaşğari hekayə müsabiqəsinin Azərbaycan üzrə seçmələrində Təranə Vahidin "Mən toz dənəsiyəm" hekayəsi birincilik qazanmış, əsas seçim mərhələsində isə bu hekayə həvəsləndirici mükafata layiq görülmüşdü. Kamran Nəzirlinin "Ölən uşağın xatirələri" hekayəsi isə Belarusiyada keçirilən Beynəlxalq "Rodnoy dom" ("Doğma ev") ədəbi müsabiqəsinin qalibi olmuşdur.
Bizim ədəbiyyatda hekayə müsabiqələri az keçirilir, lakin əsas ədəbi portallardan olan Kulis.az-ın sosial şəbəkədə elan etdiyi bu mənim hekayəm qısa hekayə müsabiqəsi böyük maraqla qarşılanmış, müsabiqəyə göndərilən 600-dən artıq hekayə içərisində Kəramət Böyükçölün "Qəpik" hekayəsi ən çox bəyəni qazanaraq lider olmuşdur. Kiçik bir məişət detalı üzərində qurulan bu hekayənin bədiilik və ya texnika baxımından qalib hesab edib-etməmək isə kifayət qədər mübahisəlidir. Ümumiyyətlə, bu kimi müsabiqələr çox da ciddi qəbul edilməsə də, janrın inkişafına təkan olması baxımından diqqətəlayiqdir.
Son dövr ədəbiyyatında yazarların qısa hekayəyə xüsusi diqqət yetirməsi də maraq doğurur. Müəyyən bir anı, hər hansı bir hisssi, həyat fraqmentini ehtiva edən qısa hekayələrdə böyük problemlər, xarakterlər axtarmaq absurddur. Bununla belə müəllifindən istedad və bədii təfəkkür tələb edən bir janr kimi maraqlı sənət təcrübələri hesab edilməlidir. Dünya ədəbiyyatında kifayət qədər diqqətdə saxlanılan qısa hekayə məsələsinə Üiliam Peden, Stiven Heller və b. kimi araşdırmaçı yazıçılar tərəfindən münasibət bildirilmişdir. Peden subyektiv olaraq, qısa hekayələri bir anda beyində yanıb-sönən işığa və ya pəncərənin açılıb-bağlanması anına bənzədir. Nəzər yetirdiyimiz ildə bu sahədə yaxşı qələm təcrübəsi olan İlqar Rəsulun qısa hekayələri diqqəti cəlb edir. Müəllifin bədii təfəkkürü və modern dünyagörüşü maraqlı hekayələrin ərsəyə gəlməsinə rəvac vermişdir. İlqar Rəsulun materialist düşüncə üzərində qurulan "Yol" hekayəsi maraqlı məzmun və kompozisiyası ilə diqqəti cəlb edir. Maddi maraqlar üzərində qurulan münasibətləri, inamı, əqidəni, dolayısı ilə sevgini, həyata baxışı ehtiva edən hekayədə Allahın və şeytanın yolu ibarələri insan xislətindəki işıq və zülməti təmsil edir. Dilemmalar qarşısında qalan insanın nəfsinə yenilərək inandığı, tapındığı əqidədən dönməsinin, zülməti seçməsi və bunu qəbullanmasının uzun-uzadı fikirlər, söz oyunu ilə deyil, qısa, lakonik fikirlərlə əks etdirilməsi maraqlı eksperiment kimi əhəmiyyət daşıyır. Müəllifin "Həmişəki zəng" hekayəsi isə həmişə hər şeydən narahat olan insanlarımızın həyatından götürülmüş bir fraqment üzərində qurulmuşdur. Hekayəni insanın öz-özüylə hesabatı da adlandırmaq olar.
" Doğuluruq, ayağımız yer tutunca ürəyimiz ata-anamızda qalır, bir az da bacı-qardaşımızda. Böyüyürük, əvvəl ürəyimiz sevdiyimizdə qalır, sonra da evləndiyimizdə. Yaşlanırıq ürəyimiz uşaqlarımızda qalır, bir az da işdə-gücdə. Yalnız sonumuzda ürəyimiz yerinə gəlir. O da döyünməyə yox, dayanmağa. Biz bu illər ərzində ürəyimizi yerində tapırıq ki, hələ bir qoruyaq da?! Sən də hər dəfə kiminsə ürək tutmasından öldüyünü eşitdiyində, tələsik zəng edib deyirsən ki, ürəyini qoru..."
Bədii ədəbiyyatımızda aktual problemlərdən olan - cəmiyyətimizin deqradasiyaya uğramış əxlaq qaydalarına, mənəvi aşınmalara daha çox hekayə müstəvisinə çıxarılaraq münasibət bildirilmişdir. Düzdür, müasir dövrümüzün çətinlikləri, yaşanılan hadisələr, televiziya ekranlarında, saytlarda verilən sarsıdıcı xəbərlər baxımından yanaşarsaq, belə bir meyil normal hesab olunmalıdır və Meyxoş Abdullahın "Günah", Vaqif Nəsibin "Qırmızı zəhər", Qəni Camalzadənin "Müdrik buqələmun", Aqşin Babayevin "Doktorant", Qərib Mehdinin "Əlavə sağlıq", Vüsal Qasımovun "Tənhalığın göz yaşları", Kamran Nəzirli "Qaranlıq oğruları" hekayələri daha çox hadisəçilik, təsvirçilik üzərində qurulsa da, müəlliflərinin çatdırmaq istədiyi fikirlərin əhəmiyyəti baxımından maraqlıdır.
Simvolik çalarlarla zəngin, metaforik üslubda yazılmış Ülviyyə Heydərovanın "İçərişəhərli", "Külək" hekayələri isə sanki bu mənəvi çöküntünün qarşısını almağa cəhd kimi dəyərləndirilə bilər. Ruhun müxtəlif formalarda insanlar arasında gəzişməsi, onların həyatına yön vermək məsələləri ədəbiyyat və kino sahəsində uğurlu priyom kimi dəyərləndirilir. "İçərişəhərli" hekayəsində dilemma var: İnsanlara yardım etmək üçün dünyaya göndərilən xeyirxah mələk və atanın canını almağa göndərimiş əzrayıl. Müxtəlif məkanlarda qarşımıza çıxan Mələyin insanlara yardım etməyə çalışaraq Natəvanı intihardan xilas etməsi, oğlunu və özünü öldürməyə çalışan qadının fikrini yayındırması həyatın, yaşamağın dəyərini anladır, həyat və ölüm haqqında düşünməyə təhrik edir, yaşantımıza göz gəzdirməyi labüdləşdirir.
Bu silsilədən olan Zeynəb Əliqızının "Ən yaxşı it" və Təranə Vahidin "Mən toz dənəsiyəm" hekayələri də şüur axını forması, metaforik çalarları ilə diqqəti cəlb edir. Nədənsə son zamanlar çağdaş ədəbiyyatımızın yazarları özünü ifadə vasitəsi kimi kafkavari addım atmağa cəhd edirlər. Daha çox imitasiya xarakteri daşıyan bu hekayələrdə insan kimi bacarmadığı, münasibət göstərə bilmədiyi, çəkindiyi bütün məsələlərə toz zərrəsi kimi, küçə iti kimi reaksiya vermək mümkün olsa da, aydın görünür ki, başqa bir varlığa çevrilən insan oğlunun əzabları, daxilindəki çaxnaşmalar heç də azalmır, əksinə, daha da dərinləşir, fəci bir hala çevrilir.
Hekayələrimizdə özünü göstərən başqa bir cəhət xarici ədəbiyyatın təsirindən doğan - xarici obrazlar yaratmaq meyli ilə bağlıdır. Tendensiya daha çox gənc yazarlarda özünü göstərir. Yadigar Ələkbərovanın "Dilənçinin bir günü", Elçin Toranın "Ölü kəpənək", Günel Eyvazlının "Mona Liza" hekayələri bu cəhətdən maraq doğurur. Xaç yürüşləri dövrünə gedib çıxan "Dilənçinin bir günü" hekayəsində ailə başçısının gedişi ilə yoxsulluq, səfalət içində olan, uşaqlarının aclığı ilə imtahana çəkilən qadının iztirabları, daxilindəki təbəddülatlar, inamını şübhə altına alması, Allahına üsyanı çox real təsvir edilmişdir. "Sən ədalətsizsən, Tanrı. Hardadı sənin rəhmin? Ərimi əlimdən almaqdamı, yoxsa uşaqlarımı ac qoymaqda?" Əslində isə burada əzilənlərin, yoxsuların heç də sahibsiz olmaması, dinindən asılı olmadan bir xeyirxahının var oluşu diqqətə çatdırılır. Səyyah İliya isə sanki müsəlman dünyasındakı Xızırın imitasiya edilmiş variantıdır. Burada bir sual yaranır: bizim müəlliflər hərtərəfli, koloritli, misal üçün Novruzəli, Xudayar bəy kimi mükəmməl milli obrazlar yaratmağa müvəffəq olublarmı ki, xarici xarakterlər yaratmağa cəhd edirlər? Fikrimizcə, yox. Çünki ötən il keçirilmiş sorğuda aydın oldu ki, hələ də ən yaxşı hekayə "Poçt qutusu" hesab edilir!
İlin hekayə mənzərəsində diqqət çəkən məqamlardan biri də nisbətən ironik çalarlarla zəngin, ideyanın alt-atda sıxışdırıldığı əsərlərin yazılmasıdır. Qərib Mehdinin "Rentabelli toy", "Əlavə sağlıq" hekayələrində vaxtı keçmiş toy rituallarından, yerli-yersiz təriflər üzərində qurulan sağlıqlardan, Əlövsət Bəşirlinin "Tərif" hekayəsində haqqı olmayan adamların yüksək dəyər görmələri və zamanı gəldiyində qaldırıldıqları yeddinci qatdan yerə çırpılmalarının məqbul olduğundan, Qəni Camalzadənin "Müdrik buqələmun" hekayəsində Həşim Güllünün simasında müasir insanın bitməyən mal-dövlət hərisliyindən, idarələrdəki özbaşınalıqlardan, macəra formasında yazılmış İmir Məmmədlinin "20 qəpiklik əhvalat" hekayəsində kiçik bir məişət hadisəsinin necə böyük hadisələrə səbəb ola biləcəyindən təsvir edilməsi yazıçılarımızda satirik ruhun sönmədiyini, cəmiyyətimizin bəlalarını ifşa etmək cəhdlərini nümayiş etdirir.
Çoxlu sayda ədəbi nümunələr içərisində, əsasən realizm prinsipləri ilə yazılan, əhvalat təhkiyəsi üzərində qurulan mətnlər çoxluq təşkil edir. Məzmunçuluq, hadisələri az qala təfərrüatı ilə nəql etmək uzun illərdən bəri Azərbaycan hekayəsinin qanına, canına hopmuşdur və bu ənənə indi də davam edir. Süni, quraşdırma süjet xətti, obrazların düşüncə tərzinin nəzərə almayıb onları az qala filosof kimi təqdim etmək cəhdi bu hekayələrin əsas bədii qüsuruna çevrilir. Mənsur Mattın "Utanc", Cəlil Cavanşirin "Yarımçıq hekayə", Əjdər Olun "Qədir", Səxavət Sahilin "Gülverənin toyu", İmir Məmmədlinin "Vaxtsız qonaq", Şəhriyyə Qəzənfərqızının "Bu da belə" hekayələri bu kimi çatışmazlıqları ilə diqqət çəkən, sxematik qəhrəmanlar üzərində qurulan mətnlərdir.
Diqqət çəkən məqamlardandır ki, bizim ədəbiyyatımızda pessimizim, həyatın çətinlikləri altında əzilən, daima itirən, məğlub olan insanlar, həyatlar hekayə predmetinə çevrilir. Halbuki, bugünkü müəllifdən tələb olunan başqa şeydir. Müasir yazıçılar qorxmadan, çəkinmədən həyatın reallıqlarını ifadə edən, insanın hər şeyə qadir ola biləcəyini göstərə bilən hekayələr də yazmalıdır. Çünkü cəmiyyətimizin buna- inama, ümidə ehtiyacı var. Misal üçün Cavid Zeynallının "Dərd qapını tapmır" adlı hekayəsi nisbətən yeni mövzuda, həmçinin psixoloji məqamların üstünlüyü ilə yazılmış mətndir. Hekayədə müasir ədəbiyyatda aktual olan yuxu motivindən daha fərqli bir şəkildə, xalq ədəbiyyatındakı nümunələrin modifikasiyaya uğramış variantından istifadə olunmuşdur. Şifahi ədəbiyyatımızda yuxuda alma görmək muradına yetmək kimi yozulsa da, Məsudun yuxusundakı alma ona bədbəxtlik gətirir. Müəllifin məqsədi insanın mənfiyə köklənməsi ilə həyatını cəhənnəmə çevirməsi və öz bədbəxtliyinə səbəb olması mesajını ötürməkdir. "Daima fikirləşirdi ki, görəsən bəla niyə bu qədər gecikir. Görəsən qapını tapmaq o qədərmi çətin olub ki, dərd bu qədər ləngiyir?" Eləcə də Rövşən Yerfinin "Qeyri-adi köç" hekayəsində müasir dövrümüzün ən aktual problemi sayılan intihar hadisələrinin baş vermə səbəbləri araşdırılır, sosial və ictimai problemlərin insan həyatında açdığı yaralar və bu yaraların verdiyi əzablar real bədii lövhələrlə əks olunur. Çox qəribədir ki, istər-istəməz intihar edən Şəmilə haqq qazandırırsan. Çünki cəmiyyətdəki nöqsanlar, onu xilas edəcək heç bir "saman çöpü"nü olmaması bu adddımı labüdləşdirir. Həytımızda yüzlərlə belə nümunələr çəkmək olar.
Alpay Azərin sənət və siyasətin qarşıdurması və sənətin siyasi ideologiyaya təsir etmə gücünü ortaya qoyan "NATO və Rembrand" hekayəsi, Xumar Ələkbərlinin mənəvi dəyərlərin pozulması nəticəsində nəsil faciəsini anladan "Haram" hekayəsi, şərəf və mənliyini işinə qurban verən professorun peşimanlığı üzərində qurulan "Köləliyin ilk günü" hekayəsi, insan əzablarının, peşmançılığının ifadəsi kimi Mübariz Örənin "Şpaqat vəziyyəti" hekayəsi də oxucu diqqətini cəlb etməyə yönəlmiş hekayələr kimi dəyərləndirilə bilər.
2016-cı ilin hekayə nümunələrindən danışarkən ədəbi prosesdə mühüm yer tutan bir sıra hekayələr də var ki, məhz yaşamalı olduğumuz müharibə şəraitini, vətən və vətənpərvərlik mövzusunu qabardır. Mövcud şəraitlə, daha doğrusu, bir il öncə baş vermiş, tariximizə aprel döyüşləri kimi düşmüş, onlarla şəhidimizin qanı bahasına qazandığımız kiçicik qalibiyyət yazarlarımızı da riqqətə gətirmiş və maraqlı hekayələrin yaranmasına şərait yaranmışdır. Bu baxımdan İlqar Atabəyli "Qəlpə", Samirə Əşrəf "Müharibə bitən gün", Kamran Nəzirli "Sevgi ağ rəngdə olur", "Telman Nəzərli "İşğal", "Puçur yeli", Elçin Hüseynbəyli "Atəş səsləri qulağımda", Mərziyyə Nəcəfova "Şairin səsi", Rəşad Bərgüşadlı "Qara buludlar" hekayələrində müharibə anlayışına fərqli baxışlar sərgiləyir. Əksər hekayələr öncəki illərdə olduğu kimi, ənənəvi qaydada döyüş, erməni işğalı əsasında yazılsa da, müharibə insanının daxili dünyasına, döyüşdən sonrakı həyatına işıq tutan, hər kəsin özünün yaşadığı, ictimaiyyət üçün maraqlı olmayan məqamların işıqlandırılması baxımından maraqlı hekayələr də yazılmışdır. Hekayələrində psixoloji məqamların üstünlüyü ilə seçilən Kamran Nəzirlinin Şairənin dilindən verilən, İlqarın həyat hekayəsi üzərində qurulan "Sevgi ağ rəngdə olur" hekayəsi işıqlı gələcəyə, xoşbəxtliyə ümid notları ilə köklənmiş bir əsərdir. Müxtəlif zaman paralellərində -müharibə dövrü və müasir zaman kəsimində baş verən hadisələrlə inkişaf etdirilən hekayədə müharibədə gözlərini itirən gəncin məhz sevgisi, ailəsinin, sevdiyinin qayğısı ilə həyatını yenidən başlaması təfərrüatları ilə təsvir edilmişdir. Hekayədə təsvirçilik güclü olsa da, İlqarın qaranlıq dünyası ilə Şairənin ağ sevgisi arasındakı paradoksallıq diqqəti cəlb edir. Müəllif burada hərbiçinin deyil, bu ağır həyatı yaşayan qadının diliylə yaşananları anladaraq ümidini ifadə edir. "Bir gün mənim ağ sevgimin gözlərini də açacaq".
Qarabağ müharibəsinin hər iki mərhələsini- həm 90-cı illər hadisələri və aprel döyüşləri ehtiva edən Samirə Əşrəfin "Müharibə bitən gün" hekayəsində də bir qadının iztirabları, nakam sevginin unudulmaz xatirələrində yaşayan qadının həsrəti ifadə olunmuşdur. Müharibə hekayələri də bir daha göstərir ki, istənilən döyüş, müharibə ilk öncə qadının- ananın, həyat yoldaşının, sevgilinin, ata həsrətli kiçik qızların həyatını alt-üst edir, şüuraltında dərin izlər, sağalmaz yaralar buraxır.
Hekayə yazarlarımızdan biri Natiq Məmmədli müsahibələrindən birində "Bizim ənənəvi ladımız var və bütün ədəbi mətnlərimiz bu lad üstündə yavaş-yavaş, yırğalana-yırğalana inkişaf edib. Bu da tənqidi realizmdir. Bizim hekayələr də elə onun üstündə yaranıb" - deyərək yazıçılıq metodunu aydın ifadə etmişdir. Həqiqətən də, müəyyən mərhələlərdə yazıçılarımız maraqlı eksperimentlər etsə də, son dövr ədəbiyyatımızda realizm meyilləri daha da aktuallaşmışdır. Lakin qeyd etməliyik ki, əksər hekayələrimiz realist planda yazılıb, strukturunda ənənəvi təhkiyə texnikasından istifadə edilsə də, orijinal təhkiyə poetikası ilə seçilən, maraqlı kostruksiyada, postmodern düşüncə prinsipində yazılmış hekayələrimiz də var. Mübariz Cəfərlinin fləşbeklərlə müxtəlif zaman və məkan kəsişmələrində anlatmağa çalışdığı, gözəgörünmələrlə şüurunu, mənini açdığı "Div və cırtdan" seriyasından olan "Kiçik adam", "Böyük adam" hekayələri, Kamal Abdullanın öz yazı üslubuna sadiq qalaraq şüur axını, qəhrəmanının daxili dünyası üzərində qurduğu "Hacı Mir Həsən ağa Səyyah" hekayəsi, Vüsal Nurunun "Luvrda hadisə", mətn içində mətn konstruksiyası ilə yazılmış Kamran Nəzirlinin "Yatan gül və ya Jozefinanın bənövşəsi", Qan Turalının dialoqlar üzərində qurulan, fəlsəfi mühakimələrin ağırlığı ilə seçilən "Gecə zəngi" hekayələri maraqlı mətnlər kimi dəyərləndirilməlidir.
Hekayəni asan forma hesab edənlər yanılırlar. Halbuki, o heç də asan forma deyil. Hər bir hekayənin özünün məxsusi bir dili var və bu dilin sirri-sehri bütün hekayə boyu özünü göstərməlidir. Psixoloji məqamların, həyat və ölüm haqqında insan düşüncələrinin yer aldığı, şüur axınının ön planda olduğu, dilinin sehrinə daldığımız mətnlərdən biri də Səyyad Aranın "Sazaq" hekayəsidir. Həyatın bərkinə-boşuna düşmüş, əzab-əziyyətli günlər keçirsələr də bir-birindən ayrılmayan dörd qocanın narahat ovqatı, nigaranlığı, dostlardan birinin son günlərini yaşaması reallığı, ölüm xofu oxucuya da təsirsiz ötüşmür, o sazaq istər-istəməz insanı titrədir. "Dincliklərinə rəxnə düşmüşdü. Nə yeyib-içdiklərini bilmirdilər. Cəfərin xəstələnib yatağa düşməsi hamısını sarsıtmışdı. Təsbehin sapı qırılmışdı. Dəc pozulmuşdu. Ona görə də heç nə axıracan getmirdi. Hər şey - mövzu, məqsəd, niyyət yarımçıq qalırdı, bitmirdi. "Demək növbə mənə də gəlib çatır". Vahimələndilər.
Qəfil hamsının içini canavar dili kimi sərt bir sazaq yalayıb keçdi.
Bir dəstə qarapaltarlı, qarakəlağayılı arvad Cəfərgilə tərəf diklənirdilər.
Al günəşin altında dördü də büzüşərək xəfif- xəfif titrəyirdilər. Elə bil qış geri qayıtmışdı, üşüyürdülər".
Hekayə janrına olan marağın ifadəsi ölkəmizdən kənarda çap olunan toplularda da özünü göstərir. 2015-ci ildə Türkiyədə "Qarabağ hekayələri", 2016-cı ildə isə Azərbaycan Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin ən iri beynəlxalq layihələrindən biri kimi "Müasir Azərbaycan hekayəsi antologiyası"nın Misirdə işıq üzü görməsi olduqca sevindirici haldır. Azərbaycan ədəbiyyatını ərəb dünyasına ilk dəfə təqdim edən bu irihəcmli (400 səh.) topluda XX əsrdə yazıb-yaratmış yazıçıların hekayələri yer almışdır. İstanbulda çıxan "Türk ədəbiyyatı" aylıq fikir və sənət jurnalının avqust nömrəsində isə Kamran Nəzirlinin "Yarpaqlar töküləndə" hekayəsi dərc edilib. Hekayəni türk dilinə tanınmış yazıçı və tərcüməçi İmdat Avşar çevirib. Müasir hekayələrimzin bu şəkildə təbliğatı və fərqli mühitdə, fərqli dünyagörüşündə qəbul edilməsi qürurvericidir.
Folknerin belə bir fikri var: "Bizim zəmanəmizin faciəsi hamımızın kütləvi şəkildə cismani qorxu içərisində yaşamağımızdadır, biz o qədər çoxdan bu vəziyyətdəyik ki, artıq onunla barışmışıq. Onun üçün yalnız bir sual qalır: Məni haçan məhv edəcəklər? Buna görə də müasir gənc yazıçılar insan qəlbinin özü ilə münaqişədə olması ilə bağlı sorunları unudublar, halbuki əsl ədəbiyyatı məhz bu problemlər doğurur, yalnız onlar barədə yazılanlar dəyərli ola bilər. Yazıçı qorxu deyilən şeyi həmişəlik unutmalı, öz yaradıcılıq emalatxanasından sevgi, şərəf, qürur və fədakarlıq kimi köhnə, əbədi, universal, həqiqətlərdən savayı, - çünki bunlarsız istənilən əsər ölüdür, unudulmağa məhkumdur - qalan hər şeyi atmalıdır." Yazarlarımızdan ədəbiyyata məhz bu şəkildə yanaşmanı, demək istədiklərini, yazmaq istədiklərini cəsarətlə qələmə almağı, dövrün nəbzini tutan, reallıqlarımızı, çətinliklərimizi ifadə edən, lakin çıxış yolunu da göstərə bilən əsərlər yazmaqlarını arzu edirik.
Nərmin Cahangirova
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!