Edebiyyatqazeti.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda AMEA-nın Humanitar Elmlər Bölməsinin təşkilatçılığı ilə “Akademik Məmməd Cəfər Cəfərov və Azərbaycan humanitar elminin müasir problemləri” mövzusunda elmi sessiya keçirilib.
Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq elmi sessiyanın Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli “Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq keçirildiyini bildirib. Akademik İsa Həbibbəyli Məmməd Cəfər Cəfərovun hərtərəfli şəxsiyyət olmasından, onun bir ədəbiyyatşünas, tənqidçi kimi fəaliyyəti ilə birgə, dilçilik, folklor, estetika, teatrşünaslıq, tarix və digər sahələrdə də araşdırmalarından bəhs edib.
Akademik İsa Həbibbəyli əlavə edib ki, Məmməd Cəfər Cəfərov nədən yazırsa yazsın, o, ilk növbədə konseptual baxışlara malik olan nəzəriyyəçidir. Akademikin bu tipli tədqiqatlarına nümunə olaraq “Nizaminin fikir dünyası”, “Hüseyn Cavid” və digər əsərlərinin məziyyətlərindən danışıb. Həmçinin Məmməd Cəfər Cəfərovun öz məktəbini yaratması haqqında da fikir bildirib. Bunlardan başqa alimin “Get dolangilən, xainsən hələ” tragikomediyasının tapıldığını, çap olunaraq Naxçıvanda tamaşaya qoyulduğunu diqqətə çatdırıb. Araşdırmalar nəticəsində Məmməd Cəfər Cəfərovun 30-40 məqaləsinin, 100-ə qədər məktub və teleqramlarının əldə edildiyini də bildirib.
Sessiyada akademik Teymur Kərimli “Akademik Məmməd Cəfər Cəfərov və klassik ədəbi irs”, akademik Möhsün Nağısoylu “Akademik Məmməd Cəfər Cəfərovun dilçilik görüşləri” adlı elmi məruzələrlə çıxış ediblər. Digər alimlərdən filologiya elmləri doktorları Şirindil Alışanlı “Məmməd Cəfər Cəfərov və Azərbaycan ədəbi-nəzəri fikrinin problemləri”, Tahirə Məmməd “Məmmməd Cəfər Cəfərovun elmi irsi nəzəri baza kimi”, Vaqif Yusifli “Məmməd Cəfər Cəfərov tənqidçi kimi”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov “Məmməd Cəfər Cəfərovun teatrşünaslıq baxışları” mövzularında məruzə ilə çıxış ediblər.
Sonda akademik Məmməd Cəfər Cəfərovun ailəsi adından professor Ulduz Həşimova çıxış edərək tədbirin təşkili üçün təşəkkürünü bildirib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!