“YENİ QAZAX ŞEİRİ ANTOLOGİYASI” Ankarada işıq üzü görüb

Azərbaycan, Qazaxıstan və Türkiyə yazarlarının ortaq işi.

 

Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) və Avrasiya Yazarlar Birliyinin ortaq işi olan “Yeni Qazax Şeiri Antologiyası” Türkiyə türkcəsində gün üzü görüb.

Qardaş ölkə Qazaxıstanın yeni nəsil şairlərinin şeirləri toplanmış, qardaş Türkiyənin paytaxtı Ankara şəhərində gün üzü görən antologiya barədə, Türkiyədə yaşayan həmvətənimiz, yazıçı-tərcüməçi Oktay Hacımusalı məlumat verib.

“Bəngü” Nəşrlər Evində işıq üzü görmüş antologiyanın koordinatoru və mətnləri çevirən Oktay Hacımusalı bildirib ki, çağdaş qazax ədəbiyyatının yeni nəsil şairlərinin yaradıcılığından örnəklərinin toplandığı antologiya, yaxın dövr türk ədəbi tarixində bir ilk sayıla bilər.

Oktay Hacımusalı nəfis antologiyanın araya-ərsəyə gəlməsində zəhməti olan Azər­bay­can Atatürk Mərkəzinin şöbə müdiri, DGTYB Məsləhət Şurasının başqanı Əkbər Qoşalıya, Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Öməroğluna, eyni zamanda, çap xərclərini qarşılamış “Okuklu Holdinq”in qurucu başqanı Yılmaz Okukluya öz təşəkkürünü bildirib və qeyd edib ki, qarşı aylarda antologiyanın Türkiyə və Qa­zaxıstanda təqdimat mərasimləri keçiriləcək.

Əlavə edək ki, tərtibçiləri qazax yazarları Tanagöz Tolkınqızı və Dövran Kaseinov olan “Yeni qazax şeiri antologiyası”nın naşiri Yaqub Öməroğlu, məsləhətçiləri Əkbər Qoşalı və Akberen Elgəzək (Qazaxıstan Yazıçılar Birliyi başqanının I müavini), rəyçiləri Millət vəkili dr. Cavanşir Feyziyev və Askar Turqanbaev (Qazaxıstanın TÜRKSOYdakı təmsilçisi), redaktoru Əzizə Qayadır (Türkiyə).

Ankarada çıxan antologiya 2017-ci ilin dekabrında Bakıda DGTYB tərəfindən nəşr edil­miş, (Azərbaycan və Qazaxıstanda) geniş təqdimat törənləri keçirilmiş eyni adlı antologiya əsa­sında hazırlanıb.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!