Ales Karlyukeviç Belarus Respublikası informasiya nazirinin müavini, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü
Yuliya Aleyçenkonu Azərbaycan oxucularına təqdim edərkən ilk növbədə bir cəhəti qeyd etmək istərdim: onun bədii axtarışları enerji və azad düşüncələrlə doludur. Şəxsən mən Yuliya Aleyçenkonu hər dəfə böyük məmnuniyyətlə oxuyur, şeirlərindən xüsusi zövq alıram. Hərdən mənə elə gəlir ki, o, dünyaya sadəcə yeni gözlə baxmır. O, həm də ona görə yazır ki, dünyanı dəyişdirmək istəyir.
Yuliya Aleyçenkonun poeziyasında günəş, işıq, külək... var. Lakin bütün bunlar təbiətdən gələn xaotik şəkillər deyil, mürəkkəb, ağır həyatla təmasdan yaranan sevinc, fərəh hissləridir. Yuliyanın Belarusda hələlik bircə şeirlər kitabı çapdan çıxıb: "Ecazkar güsgücük altında". Kitabda ənənəvi və sərbəst vəzndə yazılmış şeirlərlə yanaşı, onun tərcümələri də yer alıb: gənc şairə Xorxe Karero Andrade (Ekvador), Madhad Prasada Himire (Nepal), Sergey Matveyev (Udmurtiya), Agagəldi Allahnəzərov (Türkmənistan), Li Xe, Van Qoç Jen (Çin) kimi tanınmış şairlərin əsərlərini Belarus dilinə tərcümə edib. Bunlar Yuliyanın tərcüməçilik fəaliyyətinin yalnız bir hissəsidir. Hazırda Belarusun qəzet və jurnallarında çeçen, kalmık, mari, Azərbaycan, rumın və digər xalqların şairlərinin əsərləri onun tərcüməsi ilə dərc olunur və ya dərc olunmaq ərəfəsindədir.
Yuliya Aleyçenko həm də Bakıya həsr etdiyi essenin müəllifidir. Bu esse gənc şairənin Azərbaycana səfərindən sonra yaranıb. Mətndə Azərbaycan ölkəsinin zəngin mədəniyyəti və tarixinə müəllifin heyranlığını ifadə edən emosional, heyrətedici sətirlər az deyil. Yuliya Belarusun Minsk şəhərində yaşayan və işləyən azərbaycanlı tanınmış rəssam Kamil Kamala da şeir həsr edib.
Yuliyanın tərcümeyi-halı barədə bir neçə kəlmə: 21 dekabr 1991-ci ildə əfsanəvi nasir, dramaturq, şair Vladimir Korotkeviçin doğulduğu Orşda anadan olub. Belarus Dövlət Universitetinin filoloji fakültəsini bitirib. Sonra magistraturada təhsilini başa vurub. Hazırda BDU-da aspiranturada oxuyur. "Polımya" (1922-ci ildən çıxır) ədəbi-bədii jurnalının məsul katibi vəzifəsində çalışır. Şeirdən başqa Yuliya hekayələr, ədəbi-tənqidi məqalələr və resenziyalar da yazır. Təsviri sənət və mifologiya ilə maraqlanır. Səyahəti, maraqlı adamlarla mübahisə etməyi xoşlayır.
Mən bu gənc istedadlı Belarus şairəsinə həyat və yaradıcılıq yollarında xoşbəxtlik arzulayıram.
Yuliya Aleyçenkonun işığı
Elə yaşamalıyam ki...
Mən qaynayan qəlbimin oduna
adi,
boz kül səpim gərək,
Çünki o
bir gün
yenə alovlanıb
məni külə döndərəcək.
Mən nəğməli baharımın
səsini
Reproduktorun
səsinə qatım gərək,
Çünki onları
amansız kütlə
eşidə biləcək...
Mən elə yaşamlıyam ki,
heç nə olmayıb sanki.
Heç nə baş verməyib!
Həyat dənizi
hələ böyüməmiş
zəif məxluqları
sahilə tullayır çünki...
Sənin oxuya
bilməyəcəyin kitab
Hər səhər
Kəhrəba rəngli
çay dənizində
Sən öz filosof gəmilərini
görürsən.
Hər günorta
Yorğun gözlərin
hərfləri
böcəklər kimi
qaçışan görür:
onlardan
kolleksiya yığırsan.
Hər axşam
Mənim saçlarımı
nəvazişlə tumarlayırsan.
Amma fikirlərin
hardasa səyahət edir,
Hardasa...
itkin düşmüş Hiperboryada.
Mənsə...
Əsirəm,
sənin hər toxunuşundan
titrəyirəm lap...
Kitab olmağa qorxuram -
Sənin oxuya bilməyəcəyin kitab...
Tərcümə etdi: Kamran Nəzirli
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!