Furqanın şeirləri

Bəxt

Ən əvvəl ağac idim mən,

sonra salfet kağızı oldum,

indi zibilqabına atılıram...

Halbuki

hansısa kitab rəfinə də

qoyula bilərdim...

 

Özünəqəsd

Gecənin sükutunu

yorğan kimi yox,

asfalt kimi çəkib üstünə

daş yuxuya gedib şəhər...

 

Xatirələrini

ağ neft kimi töküb üstünə

qəsd edir özünə-

yata bilmir bir nəfər...

 

Tərs şeir

Bura zibil atmayın

yazılan yerə atılır

məhəllənin bütün zibilləri...

 

Siqaret çəkmək qadağandır

yazıldığına görə

siqaret qutusunu

yan-yörəsinə baxıb

çıxarır cibindən

yaşlı dayı...

 

Əlillərə, qocalara,

uşaqlı qadınlara yer verin

söyləməsinə baxmayaraq

metrodakı qadın səsinin,

qucağındakı körpəylə

yıxılmamağa çalışır

bir ana...

 

Və mən də həmin vaqonda

qapılara söykənib

yazıram bu şeiri...

 

Son söz

Bu gün bir şeir yazıb,

bir hekayə oxuyub,

bir film izləyib məni...

Deyəsən, bitmişəm!

 

Qurbağalar

Akvariumdan xəbərsiz quşlar,

qəfəsdən xəbərsiz balıqlar varsa

qurbağalar xoşbəxtdir...

 

Ölüm

Gedənlərin

geri dönməməsi deyil,

gələnlərin geri dönməsidi

ölüm...

 

Heyrət

Küləyi heyrət bürüyüb:

nə gözəl əsir insanlar?

 

Son

Bütün gedişlərin sonu həmişə

ya matdı, ya heç-heçə...

məğlubiyyət dönmək istəyidi-

keçmişə...

Bir də bütün gedişlərin əvvəli var,

canım-gözüm...

İçdən gələn səs-

yəni, nəfs...

 

Ad günüm üçün

Hələ canım üstümdədi,

yük altındayam hələ...

Göy üzü var başım üstdə,

kök altındayam hələ...

 

Yaşamaq kiminə asan,

kiminəsə zülümdü...

Bu gün ad günüm deyil ki...

bu gün mənim ilimdi...

 

Görəsən mən öz ömrümün

harasında durmuşam?!

Sərhəddəyəm, iki ilin

arasında durmuşam...

 

Bütün yollar qırılır

Ümidlərim tükənib,

yenə bir qab verərsən...

Ehtiyat yığmaq üçün

mənə bir qab verərsən...

 

Bütün yollar qırılır-

hər tərəf yarımçıqdı...

Yaman tez sürüşürəm,

xəyallarım palçıqdı...

 

Mənə bir şeir yaz, dost,

hopum hərflərinə...

Bir az ürək-dirək ver,

yaz nisyə dəftərinə...

 

Hamıya

Zaman heç yana getmir,

elə saatda qalır...

Çünki itirilənlər

həmişə yadda qalır...

 

Ürəyim nələr çəkir,

nə bilsin ürəksizlər?!

 

Ha yana gedirəmsə

bütün atdığım izlər

ayağım altda qalır...

Heç kəsə

 

Hər gün bir kərpic ucalan

bu qəm ev deyil hələ...

Üstünə güllələr yağan

bu can ov deyil hələ...

 

Guya nə üçün yazıram,

yoxdu bu şeirin ardı...

Mən sıxıram dişlərimi,

dünya dişin ağardır...

 

Hardan biləsən...

Çapıqları küləkləri qarğıyan

budaqların mehistəməz halından

daha betər olmaq belə olurmuş...

 

Sızım-sızım sızıldayan, ağrıyan

xəzəl olmuş yarpaqların xalından

daha betər solmaq belə olurmuş...

 

Sən hardan biləsən, hardan biləsən

payızların mənə çəkdirdiyini?!

 

Qorxu

Təzəcə oyanıb, qalxıb

birfəsillik yuxudan,

çiçəkləyən ağaclartək

titrəyirəm qorxudan...

 

...Yadındamı, keçən il də

lopa-lopa qar yağdı,

əriklərin çiçəyini qurutdu?!

gör indi ağaclar da

mənimtək necə qorxur...

 

Gör necə də bənzəyir

adamlara ağaclar,

ağaclara adamlar...

 

...Sən də insafsız olma!

o bumbuz ümidsizliyi

bir də yadıma salma...

 

Bir qocanın saatsaza dedikləri

Gəl zamana tərif verim,

sən də otur, qulaq as…

Divardakı saatlardan

birin götür, qulaq as…

 

Saatlar məcburdu vaxtın

leşini daşımağa…

Elə vaxt olur vaxt olmur

başını qaşımağa…

 

Ölərmi əqrəbi geri

dönsə saatlarının?!

Mən günlərimi sayıram,

sənsə saatlarını…


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!