Edebiyyatqazeti.az xəbər verir ki, Nəsimişünas alim Səadət Şıxıyevanın “Nəsiminin lirikası: irfani mündəricə və poetik zinətlər” kitabı işıq üzü görüb.
Monoqrafiyada Nəsiminin poetik irsinin tədqiqi tarixinə nəzər salınır, bu kontekstdə nəsimişünaslıqda mövcud olan mübahisəli məsələlərə münasibət bildirilir, şairin irfani düşüncəsinin ifadəçiləri olan başlıca məcaz və motivlər araşdırılır. Onun söz sənətindəki yerini göstərən və bədii təxəyyülünün imkanlarını açıqlayan poetik fiqurlar ənənə və fərdiyyət kontekstində dəyərləndirilir. Kitab mütəxəssislər, ali məktəb müəllimləri, tələbələr və ümumiyyətlə, Nəsimini sevənlər üçün nəzərdə tutulmuşdur.
Monoqrafiyanın I fəslində həmin illərdə yazılmış tədqiqat əsərləri faktiki material əsasında və xronoloji ardıcıllıqla təhlil edilir, eləcə də XX əsr nəsimişünaslığı barədə dolğun təsəvvür yaratmaq niyyəti ilə Türkiyə, İran və digər ölkələrdə qələmə alınmış tədqiqatlarda Nəsimi irsinin öyrənilmə səviyyəsindən bəhs edilir.
II fəsildə “Nəsimi lirikasının başlıca irfani məcaz və motivləri”ni incələyən tədqiqatçı araşdırma nəticəsində gəldiyi qənaətləri “Nəsimi şeirində folklor motivlərinin irfani interpretasiyası”, “Hürufilik təlimi və Nəsimi hürufiliyinin özəllikləri”, “Nəsiminin təsəvvüfi-lirik səciyyəli şeirlərində eşq anlayışı”, “Spesifik irfani termin-məcazlar və anlam tutumları”, “Təsəvvüfün ənənəvi motivlərinin Nəsiminin düşüncə sistemində yeri”, “Təsəvvüfi anlayışlar: ənənə və fərdiyyət” bölmələri üzrə qruplaşdırır.
Bu yöndə araşdırma aparılması isə nəticə etibarilə şairin divan və təsəvvüf şeiri tarixindəki yerini dəqiq müəyyən etməyə, onun yaradıcılığında fərdi özünüifadələrin daha güclü olduğunu aşkara çıxarmağa yardım edir. Bütün bu məsələlərə monoqrafiyanın “Nəsiminin söz sənətkarlığı” adlı III fəslində işıq salınır. Bu güclü işığın yaratdığı aydınlıqda Nəsimi şeiriyyəti “Mənəvi və üslubi-mənəvi fiqurlar”, “Üslubi fiqurlar” kimi istiqamətlərdə incələnir.
Qeyd edək ki, ötən gün Azərbaycan- Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzində kitabının təqdimat mərasimi keçirilib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!