Edebiyyatqazeti.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, professor Vüqar Əhmədin yeni monoqrafiyası çap olunub. Filologiya elmləri doktoru Vüqar Əhmədin “Salatın Əhmədlinin bədii publisistikası” adlı monoqrafiyası İnstitut Elmi Şurasının 19 sentyabr 2019-cu il tarixli 7 saylı qərarı ilə nəşr edilib.
Kitabın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Qürbət Mirzəzadədir. Rəyçiləri isə Azərbaycan Dövlət Teleradiosu QSC-nin sədri, filologiya elmləri doktoru Rövşən Məmmədov və filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayevadır.
“Gənclik” nəşriyyatında işıq üzü görən kitabda yazıçı-publisist Salatın Əhmədlinin yaradıcılığında publisistikanın yeri və mövqeyi fakt və materiallar əsasında təhlilə cəlb olunur. Monoqrafiyanın birinci fəsli “Azərbaycan publisistikasında Salatın Əhmədlinin yeri və mövqeyi”, ikinci fəsli isə “Salatın Əhmədlinin publisistikasında milli tarixi yaddaş, dil, ədəbiyyat və sənət məsələləri” adlanır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!