Edebiyyatqazeti.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin və onların əsərlərinin digər ölkələrdə tanıdılması və təbliği məqsədilə 2016-cı ildən etibarən “Azərbaycan Kitabının Dünyada Tanıdılması” layihəsi həyata keçirilir.
Cari ildə layihə üzrə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 5 poemasından ibarət (“Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə”) “Xəmsə”sinin türk dilində nəşri başa çatdırılıb.
Nazirlikdən bildirilib ki, dekabrın 6-da Milli Kitabxanada tanınmış elm və ədəbiyyat xadimlərinin iştirakı ilə “Xəmsə”nin təqdimat mərasimi keçiriləcək.
Qeyd edək ki, şair-tərcüməçi Yurtseven Şenin tərcüməsində “Zengin Yayıncılık” nəşriyyatı tərəfindən nəşr olunan kitabların ilk növbədə Türkiyədəki elmi kütləvi kitabxanaların, ali təhsil ocaqlarının və s. aidiyyəti qurumların kitab fonduna daxil edilməsi nəzərdə tutulur.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!