Cavanşir Yusiflinin "Mətn. İşarə. Məna" kitabı təqdim olundu

 

Edebiyyatqazeti.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin "Natavan" klubunda çağdaş ədəbiyyatşünaslığımızın dəyərli nümayəndəsi, tənqidçi və tərcüməçi professor Cavanşir Yusiflinin "AYBKitab" layihəsi çərçivəsində işıq üzü görmüş "Mətn. İşarə. Məna..." kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə Yazıçılar Birliyinin katibliyi, tanınmış ədəbiyyatçılar, gənc yazarlar, müəllifin tələbələri və media nümayəndələri iştirak ediblər.

AYB katibi Rəşad Məcid Birliyin katibliyi adından yeni kitab münasibətilə müəllifi təbrik edib: "Uzun müddətdir ki, Cavanşir Yusiflinin kitabı çap olunmur. Yadımdadır, onun son kitablarından biri Əli Kərimlə bağlı idi. Biz də tez-tez o kitaba müraciət edirdik. Cavanşir Yusifli ədəbi prosesdə o qədər fəaldır ki, fikrimcə, bu kitabda çap olunan yazılar onun yaradıcılığının bəlkə də beş faizidir. Arzu edirəm ki, yaxın gələcəkdə onun daha həcmli kitablarını çap edək. Çünki Cavanşir Yusifli bizim ən sanballı və dəyərli tənqidçilərimizdən biridir".

AYB katibi İlqar Fəhmi çıxışında söyləyib ki, Cavanşir Yusifli ədəbi mühitimizdə fəallığı ilə xüsusi seçilir: "Əminliklə demək olar ki, ədəbiyyatımızda onun toxunmadığı sahə, məsələ olmayıb. Hələ 2000-ci illərin əvvəllərindən - onu tanıyandan onda bu hərtərəfliliyi hiss edirdik. Bəzi tənqidçilər üçün adətən, yazı, mətn ikinci planda olur, sanki öz intellektuallığını göstərməyə çalışır. Cavanşir Yusifli isə öz mənini obyektivlikdən arxada saxlaya bilir, eqosuna qalib gəlir. Bu xüsusiyyətinə görə onun mətnləri hər zaman öz sanbalıyla fərqlənir".

Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair və tərcüməçi Səlim Babullaoğlu Cavanşir Yusiflini ilk növbədə çağdaş ədəbiyyatımızı dünya ədəbiyyatı kontekstində təhlil edən ədəbiyyatşünas kimi səciyyələndirib: "Bu yaxınlarda Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində onun tərcüməsində iki sanballı kitab çap olundu. Onun müraciət etdiyi müəlliflər tamamilə fərqli yazıçılardır. O, "Dünya ədəbiyyatı" dərgisinin də fəal tərcüməçilərindəndir. Mən ona yorulmazlıq, müvəffəqiyyət arzu edirəm".

Tənqidçi, professor Vaqif Yusifli müəllif haqqında öncə qardaşı, sonra isə ədəbiyyatşünas kimi söz açıb: "Cavanşir ancaq onu düşündürən problemlərdən yazır. O, dünya ədəbiyyatıyla çox sıx bağlıdır. Namizədliyi də, doktorluğu da dünya ədəbiyyatıyla bağlı olub. Bütün bunlar, eləcə də onun fransız və ingilis dillərini əla bilməsi onun tərcüməçilik fəaliyyətinə də təsirsiz qalmayıb.

Tənqidçi kimi öz üslubu var. Bütün kitablarında Cavanşir özünü çox gözəl ifadə edir. O, bir tənqidçi, ədəbiyyatşünas kimi öz yerini, mövqeyini müəyyənləşdirib. Mən ona can sağlığı, könül xoşluğu arzu edirəm".

Cavanşir Yusiflinin yazılarını sükutun içində hayqırış adlandıran professor Vaqif Sultanlı deyib ki, onun məqalələri ədəbiyyat nəzəriyyəsi üçün çox gərəklidir: "O, yazılarında nəzəri qəliblərə sığmır, sözdən başlayır, sözün fəlsəfəsinə varır. Onun yazıları başdan-başa müqayisəylə doludur. Müqayisədən kənarda isə elm yoxdur. O, bizim ədəbiyyatımızı dünya ədəbiyyatı ilə müqayisə edir. Təkcə ədəbiyyatdan, insandan yazmır, dünyadan yazır”.

Tənqidçi, filologiya üzrə fəlsəfə doktoru Elnarə Akimova hələ 2000-ci illərin əvvəllərində Cavanşir Yusifli haqqında "Yeni düşüncənin vüsətilə" adlı məqalə yazdığını deyib: "Onun yazılarının qarşısında hər zaman "yeni" sözünü işlətmək olur. Çünki o, çağdaş ədəbi prosesi o qədər aktiv şəkildə izləyir və yazılarında adekvat münasibət bildirir ki, onun dediyi söz hər zaman öz yeniliyini qoruyub saxlayır".

Xalq şairi Sabir Rüstəmxanlı çıxışına C.Yusiflinin onun haqqında yazdığı kitabla başlayıb: "Mənim haqqımda 13-14 kitab yazılıb. Onların içərisində obyektə orijinal və müstəqil yanaşması, yüksək peşəkarlıqla qiymət verməsi baxımından Cavanşir Yusiflinin kitabı çox fərqli idi.

Cavanşir və Vaqif Yusifli qardaşlarının ədəbiyyatımızda, ədəbi tənqidimizdə çox böyük xidmətləri var. Cavanşir Yusifli mətnə yuxarıdan baxmağı, nəzəriyyəylə ədəbi mətni qovuşdurmağı bacaran tənqidçidir. Cavanşirin ədəbiyyata yanaşması, ədəbiyyatımızda az işlənmiş sahələrə meyli onu göstərir ki, o, həm milli, həm dünya ədəbiyyatını və nəzəriyyəni çox gözəl bilir. Nəzəri bazaları yüksək olan tənqidçi nəsli var. Onların başında duran adlardan biri də məhz Cavanşir Yusiflidir".

Daha sonra tənqidçi, ədəbiyyatşünas Rüstəm Kamal, filologiya üzrə elmlər doktoru Yaqub Babayev, yazıçı Şərif Ağayar, "Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru Seyfəddin Hüseynli, şair Fərid Hüseyn, AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı Mehman Həsən və başqaları çıxış edərək Cavanşir Yusiflinin həyatı, fəaliyyəti, yeni kitabları haqqında müsbət fikirlərini səsləndirib, müəllifə uğurlar arzulayıblar.

Sonda çıxış edən Cavanşir Yusifli ədəbiyyat və çağdaş ədəbiyyatşünaslıq, mətn və məna haqqında fikirlərini bölüşüb. Müəllif yeni kitabının "aybKitab" layihəsindən çapına görə AYB rəhbərliyinə minnətdarlığını ünvanlayıb, tədbirdə iştirak edən qonaqlara təşəkkürünü bildirib.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!