Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan olunması ilə əlaqədar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) bu ölkədə dahi şairin yaradıcılığına həsr olunmuş silsilə tədbirlər keçirir.
“Nəsimi ili” çərçivəsində növbəti tədbir dekabrın 4-də Özbəkistan Milli Elmlər Akademiyasının (ÖMEA) Nəvai adına Ədəbiyyat İnstitutunda “Mən əbədiyyət üfüqlərində doğan eşq günəşiyəm” adlı beynəlxalq elmi konfrans olacaq.
AMM və ÖMEA-nın birgə layihəsi ilə reallaşacaq beynəlxalq elmi konfransda Özbəkistan və Azərbaycanın tanınmış elm, ədəbiyyat xadimləri, nəsimişünas alimləri iştirak edəcək.
Tədbir çərçivəsində mərkəzin sərgi salonunda “Nəsimi yaradıcılığı rəsmlərdə, fotolarda, əlyazmalarda” adlı sərgi açılacaq.
Dekabrın 6-da isə AMM-də “Məndə sığar iki cahan” adlı şeir müsabiqəsinin qaliblərinin mükafatlandırılması, habelə “Canımı qıldım fəda...” adlı təntənəli poeziya axşamının keçirilməsi nəzərdə tutulub.
Tədbirlərdə Azərbaycandan filologiya üzrə fəlsəfə doktoru, nəsimişünas alim Səadət Şıxıyeva, Nəsiminin vətənindən isə Şamaxı-İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elnur Hüseynov, gənc şair və alimlər Fərid Hüseyn və Kərimulla Məmmədzadə iştirak və çıxış edəcəklər.
Tədbirdə bu ilin may ayında elan edilmiş “Məndə sığar iki cahan” adlı şeir müsabiqəsinin Özbəkistan və Azərbaycandan olan qaliblərinə AMM-nin fəxri diplomları və pul mükafatları veriləcək.
Qeyd edək ki, müsabiqəyə hər iki ölkənin şairləri Nəsimi yaradıcılığına həsr etdikləri, habelə dahi şairin dəstixəttinə, üslubuna yaxın yazdıqları şeirlər təqdim olunub. Toplanmış bu şerlər əsasında “Menga sig‘ar ikki jahon (she’rlar)” adlı kitab çap edilib və tədbir çərçivəsində bu nəşrin təqdimatı da keçiriləcək.
Bundan başqa, “Nəsimi ədəbiyyat günləri” çərçivəsində AMM-nin təşəbbüsü ilə Mukimi adına Özbəkistan Musiqili-Dram Teatrının hazırladığı və dahi şair İmadəddin Nəsimiyə həsr etdiyi tamaşanın nümayişi nəzərdə tutulub.
AMM-nin reallaşdırdığı “Nəsimi ədəbiyyat günləri” layihəsinə Azərbaycan və Özbəkistanın Mədəniyyət nazirlikləri, ölkəmizin Özbəkistandakı səfirliyi, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti, TÜRKSOY, hər iki ölkənin Milli Elmlər akademiyaları, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universiteti, Özbəkistanın “Kitab dünyası” və Azərbaycanın “Kaspi” qəzetləri müvafiq dəstək göstərir.
“Nəsimi ədəbiyyat günləri”nin bağlanış mərasimi Özbəkistanın Xalq Çalğı Alətləri Ansamblının ifasında dahi şairin şerlərinə yazılmış musiqi əsərləri, habelə Azərbaycan bəstəkarlarının mahnılarından ibarət konsert proqramı ilə başa çatacaq. /Azərtac/
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!