"Elçin. Yazıçının yaradıcılıq yolu"na ön söz - Nizami CƏFƏROV

Nizami CƏFƏROV

Elçin, heç şübhəsiz, müasir Azərbaycan (və dünya) ədəbiyyatının fenomenidir…  Onun yarım əsrdən artıq bir dövrü əhatə edən zəngin yaradıcılıq yolu, əlbəttə, bir tədqiqatın və ya tədqiqatçının  az- çox mükəmməl bir şəkildə əhatə edəcəyi miqyasdan çox- çox kənara çıxdığına görə, belə bir təsəvvür yaranmasın ki, "Yazıçının yaradıcılq yolu"nun müəllifi  həmin "yol"un bütün  dövrlərini, mərhələlərini ideya- estetik təfsilatı ilə ehtiva etmək gücündə və ya iddiasındadır; əsas məqsəd ondan ibarətdir ki, böyük  yazıçının yaradıcılıq yoluna ümumi bir nəzər salınmaqla, onun  əsərləri (o əsərlər ki, çoxu dəfələrlə təhlil olunmuş, ədəbi- ictimai mühitdə müzakirələr  doğurmuş, geniş oxucu kütləsinin marağına səbəb olmuş, dünyanın müxtəlif dillərinə tərcümə edilmiş və başlıcası, əksəriyyəti Azərbaycan  ədəbiyyatının - yalnız Azərbaycan ədəbiyyatınınmı? - klassik fonduna daxil olmuşdur) yarandığı xronoloji ardıcıllıqla ən ümumi məziyyətləri baxımından araşdırılsın.

Lakin xüsusi olaraq qeyd etməliyik (və bunu oxucu da kitabın ilk səhifələrindən aydın hiss edəcək) ki, tədqiqatın strateji obyekti Elçinin bədii yaradıcılığının mətnidir. Və yarım əsrdən çox yaşı (təkamül tarixi!) olan bu mətnin özünəməxsus xronoloji-sinxron mərhələləri (dialektik stadiyaları) ilə yanaşı, eyni  dərəcədə özünəməxsus diaxron metafizikası da mövcüddür.

Əlbəttə, hər hansı mükəmməl yaradıcılıq  mətnini, eləcə də Elçin mətnini "dış" yox, "iç struktur"dan (daha dərin subyektiv və ya "intim" qatlardan) öyrənməyə cəhd etmək, ümumiyyətlə, qarşıya metodoloji baxımdan belə bir mübahisəli (hətta "şübhəli") məqsəd qoymaq da bir iddiadır… Ancaq nə edək ki, az və ya  çox dərəcədə ciddi tədqiqatda  bu və ya digər dərəcədə iddiasız keçinmək  də mümkün deyil. Və nəzərə alınmalıdır ki, müasir filoloji (geniş mənada  tekstoloji) araşdırmalarda "mütləq həqiqət"lə  "mübahisəliliy"in (eləcə də "şübhəliliy"in) nəinki qarşı-qarşıya dayanması, bir çox hallarda olduqca səmimi "dialoq"u  mövcuddur… Ona görə də Elçinin  ayrı- ayrı əsərlərinə, yaradıcılıq yolunun ayrı- ayrı dövr və ya mərhələlərinə,  eləcə də ümumən yaradıcılığına hər dəfə yeni səviyyədə bütöv bir mətn kimi baxarkən müasir filoloji fikrin normativ, yaxud klassik kanonlarını, poetexnoloji tədqiqat üsul və anlayışlarını geniş tətbiq etməklə  yanaşı, tədqiqatçı-araşdırıcı subyektivizmi qarşısında müəyyən meydan  açmaqdan da çəkinmədik. Daha doğrusu, çəkinə bilmədik… Elçin mətni özünün müxtəlif  təzahür səviyyələrində tədqiqatçıya həm normativ miqyaslarda təhlil aparmağa, həm bu normativlərə yenidən baxmağa, həm də hər cür normativin fövqünə qalxaraq virtuozluq göstərməyə hərtərəfli imkanlar verir desək, səhv eləmərik. 

Məlum olduğu kimi, "Elçinin yaradıcılığı" anlayışı nə qədər genişmiqyaslıdırsa, o qədər də çoxşaxəlidir: Elçin yazıçıdır, ədəbiyatşünas- alimdir, publisistdir, ictimai xadim (və dövlət xadimi)dir - bu sahələrin hər birində böyük nüfuz qazanmışdır. Ancaq özünün də dəfələrlə etiraf etdiyi kimi, ilk növbədə yazıçıdır…

Müsahibələrinin birində deyir:

"İlyas Əfəndiyevin ən böyük vəzifəsi yazıçılıq, ən böyük kabineti isə evindəki iş kabineti idi. O heç kommunist partiyasının üzvü də deyildi və bu, Sovet İttifaqında onun səviyyəsində bir yazıçı üçün çox nadir hadisə idi. Ancaq iş belə gətirdi ki, mən lap gənc yaşlarımdan ictimai həyatın içində oldum, vəzifələr daşıdım. Ancaq mən hansı vəzifəni daşımağımdan asılı olmayaraq, aydın məsələdir ki, ilk növbədə yazıçıyam"…

Lakin "bu kitabda söhbət yazıçı Elçindən gedir" demək heç də o mənaya gəlmir ki, Elçinin  yazıçılığı onun alimliyindən, publisistliyindən, ictimai (və dövlət) xadimliyindən tamamilə  təcrid olunur. Əslində, bu, prinsip etibarilə, mümkün deyil… Hər şeydən əvvəl ona görə ki, Elçinin yazıçı istedadında onun alimliyi də, publisistliyi də, ictimai (və dövlət) xadimliyi də fitri bir inersiya ilə öz təbii ehtivasını tapır.

Nəhayət, bir məsələni də xüsusi olaraq qeyd etmək lazımdır: Elçinin yazıçı üslubuna onun alimliyi, publisistliyi, ictimai  (və dövlət) xadimliyi nə qədər təsir edirsə, insan (şəxsiyyət!) kimi son dərəcə səmimiliyi, ünsiyyətcilliyi, ədəbi istiqanlılığı da o qədər (bəlkə də, daha çox) təsir göstərir…

Elçinin yazıçı istedadının arxasında xeyli dərəcədə zəngin, mənalı, mükəmməl bir həyat yolu (və təcrübəsi)  dayanır… Əvvəla, İlyas  Əfəndiyev kimi böyük bir yazıçının ailəsində dünyaya gəlmiş, çox kiçik yaşlarından qaynar ədəbi mühitdə olmuş, ölkədə gedən mürəkkəb ictimai-siyasi, mənəvi-ideoloji prosesləri yaxından izləmişdir. Orta məktəb, universitet  təhsili, Akademiyada elmi tədqiqat işlərilə ardıcıl məşğul olması, dissertasiya müdafiəsi, gənc yaşlarından - 1975-ci ildən  Azərbaycan Yazıçılar İttifaqının katibi seçilməsi Elçinin tərcümeyi- halının ilk mərhələlərini təşkil  edir… Azərbaycanın dövlət müstəqilliyi  ərəfəsində - 1987-ci ildə o, ölkənin mədəni- ictimai  (hətta demək olar ki, siyasi) tarixində çox əhəmiyyətli rol oynamış "Vətən" Cəmiyyətini yaradaraq ona  uğurla rəhbərlik etmiş, xalqın taleyinin həll olunduğu illərdə həm Cəmiyyətin sədri, həm də millət vəkili kimi geniş ictimai fəaliyyət göstərmişdir… 1993-cü ildən isə Azərbaycan Respublikası Baş nazirinin  müavinidir… Və bütün bu mövqelərin hamısında Elçin həmişə ilk növbədə mənsub olduğu  millətin layiqli övladı, böyük ziyalısı, ölkəsinin təəssübkeş vətəndaşıdır…

Yazıçının yaradıcılıq yolunu araşdırarkən diqqəti cəlb edən ən mühüm, hətta  strateji məsələlərdən biri onun hansı ədəbi nəslə mənsub olmasıdır ki, bu baxımdan Azərbaycan ədəbiyyatşünaslığında çoxdan qərarlaşmış "altmışıncılar", yaxud "yeni Azərbaycan nəsri" anlayışları diqqəti cəlb edir.

Akademik Nərgiz Paşayeva yazır:

"Yeni Azərbaycan nəsri" dünyaya, insana, gerçəkliyə, cəmiyyət hadisələrinə köklü, əvvəlkindən fərqli münasibətilə seçildi, zamanın dəyişən, yeniləşən ab-havasına uyğun olaraq həm məzmun, həm də forma- sənətkarlıq baxımından seçilən əsərlər ortaya qoydu.

Hər şeydən öncə, bu əsərlərdə cəmiyyət həyatı idillik  boyalardan xilas olmağa başladı, gerçəkliyin mürəkkəb, təzadlı tərəfləri, sərt həqiqətləri əks etdirildi, təsvirlərdə reallıq hissi gücləndi, fərdi üslubların özünüifadəsinə meydan açıldı, daxili konfliktlər - iki "mən" arasında mübarizə, psixologizm, şəxsiyyətin mənəvi dünyası bütün incəlikləri ilə nəsrə gəldi".

Akademik İsa Həbibbəyli göstərir ki:

"Bir sənətkar kimi Elçinin başlıca xidməti  ədəbiyyatı ideoloji buxovlardan xilas edib onu  həyata, insanlara, mənəviyyata yaxınlaşdırmaqdan,  daha doğrusu, ədəbi fikrin adi həyat hadisələri ilə qaynayıb- qarışmasına nail olmaqdan  ibarətdir. Elçin sadə insanların  adi həyatını, təbii psixologiyasını, yaşadığı gerçək həyat tərzini öz  axarında, ədəbiyyatda, ideologiyada olduğu kimi  deyil, həyatda olduğu kimi yüksək bədii- estetik səviyyədə və böyük uğurla qələmə almışdır".

Elçinin özü isə bu barədə tam səmimiyyətilə demişdi:

"…Mən ədəbi tənqidi də ədəbiyyat naminə yazmışam, sistem naminə heç nə yazmamışam. O, başqadır ki, bəzi publisist yazılarda konyunktura elementləri, Lenindən, Brejnevdən sitatlar olurdu, amma bu, bir paravoz rolu oynayırdı. Bunu başa düşmək lazımdır. Hamı bu söhbətdən çəkinir, nəyisə gizlədir. Amma gizlətməli bir şey yoxdu burda. "Kommunist" qəzetində mənim bu tipli bir yazım çap olunurdusa, bu bir yaşıl işığa çevrilirdi ki, məsələn, "Ölüm hökmü"nü, "Mahmud və Məryəm"i, "Ağ dəvə"ni, hekayə və povestlərimi çap etdirə bilim. Lakin publisist yazılardan fərqli olaraq, bədii əsərlərimdə, ədəbi tənqiddə heç vaxt kompromisə getməmişəm, nə  yazmışamsa, vicdanımın səsiylə, düşüncəmə görə yazmışam və bu gün də belədir".

Əlbəttə, Elçinin də daxil olduğu "altmışıncılar" - "yeni ədəbiyyat" əvvəlki ədəbiyyatdan həm məzmun, həm də formaca fərqli yeni üslub təqdim etdi ki, bu barədə keçmiş Sovetlər Birliyi ədəbiyyatşünaslığında ətraflı bəhs olunmuşdur. Bununla yanaşı, ədəbi dövriyyədə "Elçin üslubu" adlanan kifayət qədər populyar (və mükəmməl) bir anlayış da var ki, həmin  anlayışı Nərgiz Paşayeva aşağıdakı şəkildə izah edir:

"Elçinin fərdi, tamam orijinal üslubunu səciyyələndirən əlamətlər arasına, ilk növbədə, bu üslubun emosionallığını, ondakı analitik məzmunu, sətiraltı ironiya ilə lirikanın vəhdətini qeyd etməliyik. Bu baxımdan Elçinin üslubu  Azərbaycan ədəbiyyatında analoqu olmayan tamam yeni bir bədii- estetik hadisədir". 

Elçinin bədii yaradıcılığının janr diferensiallığı da onun ümumi yaradıcılıq istedadının çoxşaxəliliyi qədər diqqəti cəlb edir: hekayə, povest, roman, dram… Və bu diferensiallıqda aydın görünən bir özünəməxsusluq: hekayədə, povestdə, romanda, dramda… "Elçin janrı"!..

Qeyd edək ki, bu sonuncu bizim kəşfimiz deyil, Azərbaycan ədəbiyyatşünaslığında (elçinşünaslıqda!) tez- tez rast gəlinən bir anlayış- ifadədir.

Elçinin müəllimi, elmi rəhbəri olmuş professor Mir Cəlal vaxtilə yazırdı:

"Mənim müşahidəmə görə, Elçin müasir ədəbi gənclər içərisində inkişafa meyilli və ədəbiyyat  cəbhəsindəki vəzifə və məsuliyyətini dərk edən cavanlardandır. Savad və bilikdən başqa, Elçin öz üzərində çox işləyən, ədəbiyyatımızın və yazıçılarımızın qeyrətini çəkən cavanlardandır.

…Elçin ədəbiyyata peşə üçün yox, amal üçün gəlib".

İlk gənclik illərindən ədəbiyyata sonsuz bir məhəbbətlə (və ən əsası, istedadla!) xidmət edən yazıçı Azərbaycan ədəbiyyatının  "altmışıncılar" adlanan nəslinin ən görkəmli nümayəndələrindən biri olaraq tanındı və xüsusilə 70-ci illərdə o zamankı Sovetlər Birliyi (Ümumittifaq) miqyasında "yeni ədəbiyyat"ın (xatırladaq ki, bu ədəbiyyat artıq "sovet ədəbiyyatı" deyildi) öndə gedənlərindən olduğu üçün nüfuzlu ədəbi mükafatlara layiq görüldü.

Akademik Bəkir Nəbiyev göstərir ki:

"Elçin geniş dünyagörüşünə malik,  dünya ədəbiyyatına yaxından bələd olan yazıçıdır, lakin  onun öz məxsusi orijinal bədii üslubu var.

…Elçin romanlarında, povestlərində, hekayələrində həmişə, hətta hakim ideologiyanın fironluq etdiyi Sovet dövründə belə, həqiqəti  yazmış… Leninin, Kirovun yalançı surətlərini yaratmağa uymamış, bədii ədəbiyyatın əzəli və əbədi mövzularına sadiq qalmışdır. Onun əsərləri xalqın qəlbindən xəbər verdiyi üçün, xalqın da qəlbinə yol tapmışdır".

Elçin  yaradıcılığını, özünün məşhur ifadəsilə desək, "bir küll halında" dəyərləndirən məşhur anlayış - oppozisiyalar var ki, onlardan ən populyar  olanları bunlardır: dərinlik və miqyas; millilik və ümumbəşərilik; fərdiləşdirmə və ümumiləşdirmə; ənənəvilik və novatorluq; mistisizm və gerçəklik…

Həmin anlayış-oppozisiyalar yazıçının güclü, enerjili fəlsəfi təfəkkürünün təbii təzahürüdür…

Xalq şairi, akademik Bəxtiyar Vahabzadə yazır:

"Elçin nə dərəcədə oxucuların dərin rəğbətini qazanmış professional bir yazıçıdırsa, o dərəcədə də yüksək səriştəli professional  tənqidçi və ədəbiyyatşünasdır… Mən Elçinin keçmiş ümumittifaq mətbuatında - "Literaturnaya qazeta", "Voprosı literaturı", "Drujba narodov", "Literaturnoye obozreniye" kimi nüfuzlu və çoxtirajlı qəzet-jurnalların səhifələrində tez-tez dərc etdirdiyi yüksək səviyyəli və milli  təəssübkeşlik baxımından qiymətli məqalələri ilə həm klassik, həm də müasir Azərbaycan ədəbiyyatının təbliğindəki ciddi xidmətlərini xüsusi qeyd etmək istəyirəm".

Elçinin yaradıcılığının, o cümlədən yaradıcılıq yolunun 70-ci illərdən, yəni az qala başlanğıc dövründən bu və ya digər formalarda və miqyaslarda araşdırıldığını nəzərə alsaq, bu gün  təxminən əlli illik bir tarixi olan "elçinşünaslıq"dan, onun müəyyənləşmiş nəzəri əsaslarından, prinsiplərindən və  problemlərindən danışmaq tamamilə təbiidir. 2013-cü ildə nəşr edilmiş "Biblioqrafiya"sı  ilə ötəri tanışlıq da göstərir ki, Elçin haqqında  müxtəlif millətlərə mənsub 500- dən artıq tədqiqatçı - müəllifin müxtəlif dillərdə yazılmış minlərlə əsərləri işıq  üzü görmüşdür ki, bu, bütöv bir kitabxana deməkdir.

Odur ki, Elçinin yaradıcılığını öyrənən hər hansı tədqiqatçının faydalana biləcəyi kifayət qədər zəngin material vardır. Ancaq əsas mənbə yenə də heç şübhəsiz, onun bənzərsiz, mükəmməl və tükənməz ədəbi  istedadıdır.

Yazıçının yaradıcılıq yolunu müxtəlif dövrlərə, mərhələlərə bölmək təcrübələri olmuşdur və onların hər birində müəyyən əsas, yaxud prinsip vardır… Lakin fikrimizcə, akademik Nərgiz Paşayevanın təqdim etdiyi bölgü daha  əsaslıdır:

"1960-cı illərin sonu, 70-ci illər, 80-ci illərin əvvəli… Elçinin artıq XX əsr Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil olmuş "Qatar. Pikasso. Latur. 1968", "On ildən sonra", "Baladadaşın ilk məhəbbəti", "Parisdə avtomobil qəzası" və s.  kimi hekayələri, "Bir görüşün tarixçəsi", "Toyuğun diri qalması", "Dolça" kimi povestləri meydana çıxdı…

1980-ci illər… Müasir mövzular ustası kimi tanınan yazıçı gözlənilmədən tarixə müraciət edir, folklordan bəhrələnərək fəlsəfi-romantik "Mahmud və Məryəm" romanını oxucuların ixtiyarına verir…

…"Mahmud və Məryəm" romanı ilə Elçin yaradıcılığının ikinci mərhələsi başlayır, bir-birinin ardınca "Ağ dəvə", "Ölüm hökmü"  romanları yaranır…

…Elçinin yeni povestinin - "Bayraqdar"ın  timsalında sanki XXI əsr Azərbaycan nəsri həm forma, həm də məzmun çalarları etibarilə XX əsrin nəsri ilə vidalaşır, öz inkişafına doğru irəliləyir…"

Nərgiz Paşayeva Elçin yaradıcılığını dövrləşdirərkən xüsusilə keçən əsrin 90-cı illərindən  etibarən dramaturgiya sahəsində böyük uğurlar qazandığını da, haqlı olaraq,  mühüm amil hesab edir.

Bununla belə, böyük yazıçının yaradıcılıq yolu ilə tanış olanlara məlumdur ki,  Elçinin yaradıcılıq təkamülünün kəskin sərhədləri yoxdur; xüsusilə o mənada ki, məsələn, 2000-ci illərə aid elə əsərləri vardır ki, onların ideya-estetik, bədii-texnoloji "kök"ləri nəinki 80-ci, hətta  bəzən 60-cı illərə gedib çıxır… Ona görə də həmin "yol"u dövrlərə, mərhələlərə ayırmaq ona, ümumiyyətlə, bir bütöv kimi baxmaq ehtiyacını istisna edə bilməz.

Elçin ədəbiyyata hekayəçi kimi gəlmiş, 60-cı, 70-ci illərdə bu janrın böyük ustası olaraq məşhurlaşmış, sonrakı onilliklərdə də hekayə yaradıcılığını yüksələn (və məhsuldar templə) davam etdirmişdir. Lakin 70-ci illərdə povest, 80-ci illərdə  roman, 90-cı illərdə isə dram onun bədii təfəkküründə hekayə ilə ciddi rəqabətə girməklə daha çox önə çıxıb  yazıçının janr axtarışlarının stabil impulslarını təyin etməklə yanaşı, yaradıcılıq yolunun mərhələlərini də müəyyən eləmişdir.

2000-ci, eləcə də 2010-cu illərin təcrübəsi göstərdi ki, Elçin həmişə olduğu kimi, yenə də hekayədən güc alır… Və yenə də heç bir "janr kompleks"i yaşamadan povestə, romana, drama keçməklə "yazıçının yaradıcılıq  yolu" barədəki ənənəvi (və kifayət qədər elmi) dövrləşdirmə stereotiplərinə, əgər belə demək mümkünsə, tabe olmur.

Heç şübhəsiz, böyük yazıçı-mütəfəkkir bundan sonra da hələ neçə illər Azərbaycan (və dünya) ədəbiyyatını zənginləşdirən dəyərli əsərlər yazacaq… Və Elçin yaradıcılığının həm bugünkü, həm də gələcək araşdırıcıları mövcud dövrləşdirmələrə yenidən baxıb, onu daha da təkmilləşdirməyə çalışacaqlar…

Əsas odur ki, Azərbaycan (və ümumən dünya) ədəbiyyatının klassik bir hadisə-fenomeni var: Elçinin yaradıcılığı!.. Və əsas bir də odur ki, bu yaradıcılığın diaxroniyası ilə sinxroniyası arasında çox güclü (və təbii!) əlaqə mövcuddur…


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!