Xalq şairi Musa Yaqubun yeni şeirlər kitabı işıq üzü görüb

 

Edebiyyatqazeti.az xəbər verir ki, Mədəniyyət Nazirliyi tərəfindən Xalq şairi Musa Yaqubun şeirlərindən ibarət “Gərək bu sözümü daşlara yazam” adlı yeni kitabını çap edilib.

Kitab şairin 80 illik yubileyi münasibətilə işıq üzü görüb. Nəfis tərtibat və yüksək dizaynla çap olunmuş “Gərək bu sözümü daşlara yazam”da ustad şairimizin gənc yaşlarından indiyədək qələmə aldığı, dillər əzbərinə çevrilmiş çoxsaylı şeir və poemalarının bir qismi toplanılıb. 500 tirajla 456 səhifədə çap olunmuş kitab “Renesans-A” çap evində işıq üzü görüb. Buraxılışa məsul Nazirliyin əməkdaşları Aslan Cəfərov və Ələddin Əsədzadədir.

Filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadənin (Daşlara yazılan söz) “Ön söz” yazdığı kitabın redaktoru, jurnalist-publisist Nəzirməmməd Zöhrablıdır (Şairlik Yaradandan payıdı Musa Yaqubun).

Şairin yaradıcılığının böyük bir qisminə - əsas komponentlərinə ekskurs sayılacaq nəşr şeirlərdən ibarət beş hissəni və poemalar adlı bir bölümü əhatə edir.

Qeyd edək ki, kitab Mədəniyyət Nazirliyinin xətti ilə ölkəmizin bütün kitabxanalarına paylanılacaq.

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!