Tural Turanın şeirləri

Kişmişi gülüş

Dilində asılan intihar ipləri
Dodaqlarında qırılar.
Əkizi var, oxşarı yox;
Bu nə gülüşdür, ilahi,
Yarı var, yarı yox...

Ətəyinə düşən saçlarından
Asılıbmış kişmişi gülüşün.
Fərqinə indi vardım.

Su üstünə sərilmiş Ay işığına
"küsülü buta" olub bizimki.
Yüyrək gülər dodaqları,
nə dili göstərər, nə dişi.
Tanrının uşaqlıq iksiridir bəlkə,
Qovrulmuş kişmişi gülüşün?!

Hər gözə görünməz,
...bir az ürkəyi, bir az bəmi -
bir az da kirmiş - kirmiş.
(Dodaqlar da gərilərmiş
kişmiş-kişmiş...)
Gülüşdü də, gülüşlərin ən möhtəşəmi.

P.S. Yenə ürəyim tutdu,
Dilindən uzaq, bir kişmişi gülüş göndər,
Yenə dilaltdım bitib...

Çöl-çöl yerişim quruyur...

Bu gecə soyuq keçəcək Tanrı,
yaylama,
yorğanı çək başına.
Bilməzsiniz,
bütün ölümsüz tanrılar,
donub ölür öz qışına.
...Sənə baxınca Allah haqqı,
yorğanda düşüm quruyur.
Önümə basdırdığım
çöl-çöl yerişim quruyur.
Dodağından iplədiyin
edamlıq
öpüşüm quruyur.
Bu gecə ayrı gecədi,
bilirəm,
yatmayır döşünə...
Tanrı, Tanrı balasısan,
baş ucundakı pencəyini
bürələ,
yaxşı-yaxşı bük
açıqda qalan başına.

Sazağı keyitmir heç kimi,
Soyuğu diri gecədi...
Yorulanda qurdların oxumağına
                                  qulaq kəsil,
Bir dinlə, gör nə duru gecədi.
Çöl-çöl yerişim quruyur.
İşıqlar üstümə hürür
Şöləsi zəncir qırıb işıq gələn tərəfin,
işıqlar üstümə hürür.
Burma dolaq yolların
mən axtaran
o bakirə kələfi,
sinib qaya dalına
azıb qalmağımı güdür.
Mənsə varıb gedirəm.
Kəsə, qırdırmasına,
elə yarıb gedirəm...

Alnımıza yazılan yalnız mənzil başıdı...
Möhrünü vuranadək bu
                      "Kufə yazısı"nın,

it hürər, adam keçər.
Gözün duzlu su içər.
Yol tamam olmayınca
Deyərlər əkə, deyərlər
bu dərviş də naşıdı...

Əzraillə qoşulub qaçan adam

Arxasınca su çilə yazılarımın,
Su düşsün, oxunmasın bir hərfi belə.
Addımı yalınçıq, yolluğu yarım
Əzraillə qoşulub qaçan adamam...
Çoban idim, təsəvvüf,
Alim oldum, varsağı şeir oynatdı məni.
Ayağımın altında qurd dişi,
Başımın üstündə ağ sac.
Nə əriştə oldu məndən,
Nə də əriştəyə umac.

Tanrının sorğu-sualı bitib,
Əzrailin qoluna girib gəlirəm.
Allah bilir, zənbildəmi, bələkdəmi
Tanrının yanından ömür sürüb gəlirəm.

Bir nəfəslik ölüm

Bir dinclik istərəm,
Allah, bir nəfəslik ölüm kimi.
Bir gün sərgidə yaş tökən,
didilmiş bir kilim kimi.

İçimdə nə səsdi, Allah,
pıçıldadı, kəsdi… Allah;
ömür birnəfəsdi, Allah,
Dizidə bir bölüm kimi…

Ver bircə nəfəslik ölüm,
ölsün bu həvəslik ölüm!
Sonra gəlim yenə ölüm,
nəfəs - nəfəs… özüm kimi…

Koxanəbidən məktub

Burada gülüşlər hədəf taxtasına çönüb,
Gülən pəncərəsindən vurulur
                       Koxanəbidə.
Kişmişi gülüşlər də elə
                       daxma-daxma sönüb.
Başımız ayazısa,
şaqqanağa da qoyacağıq abidə.

Sir-sifətimiz şəhid nəşindən hamilə qalır,
and olsun.
Tösöylər gülüşdən də tutur bala.
Gülüş dərib göndərin yanağınızdan,
başınıza dönüm.
Erkək-dişi göndərin, bəlkə çoxala...
Göndərin,
Gülüşünüz avand olsun.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!