Bəzən düşünürəm, söz ona görə göndərilib ki, onunla mənəvi borclarını ödəyəsən. Heç nə ilə ödənilməyəcək mənəvi borclarını. İlləri vərəqləyəndə onların səhifələrindən söz borcum olanlar boylanır. Bir dünya haqqı yalnız sözlə ödəniləcək insanlar... Qaçay Köçərli, Ələkbər Salahzadə və bu dünyadan apardıqları ilə o dünyanın haqq mizan-tərəzisindən üzüağ keçə biləcək digərləri. Çox az sayda biriləri. Çox az sayda... Və Bəhruz Axundov. Ömür kitabı saysız-hesabsız kitablarla naxışlanan biri. Cild-cild, qalaq-qalaq kitabların hər sətri, hər səhifəsi üçün əsəb, can, güc-qüvvət xərcləyən naşir. Kağızı atlas, tirmə, ləl-cəvahirat kimi sığallayan, onunla danışan, əhvallaşan, dərdləşən insan. Çoxları onu Əjdər Xanbabayevlə müqayisə edir. Müasirləri... Mənim üçünsə kitab Bəhruz Axundovdan başlayır: kitaba qayğı, kitaba hörmət, kitaba ilahi eşq, kitaba bir ömür bağışlamaq istedadı...
Çox tələbkardı. Onunla işləmək olduqca məsuliyyətli idi. Əlinə götürdüyü yazıda səhvləri o dəqiqə görürdü. Adamı heyrətə salacaq qədər tez. Bircə dəfə göz gəzdirməklə. Ani bir nəzər salmaqla. Hər dəfə ona aparacağın işi nə qədər diqqətlə oxusan belə, iradlarının haqlı olduğunu özlüyündə təsdiqləyirdin. O, gördüyü işi özününkü etməyi bacarmışdı. O qədər özününkü ki, məsləyi ilə arasında heç bir pünhan qalmamışdı. Və dönüb olmuşdu arzularının, amallarının naşiri. Təmənnasız etdikləri, etməsə, olmazları olduqca çox idi. Həddindən artıq çox. Hər kitaba ömrünün bir neçə səhifəsini bağışlayardı. Qızırğalanmadan, təəssüflənmədən, səhhətinə, sağlığına acımadan. Kiminsə bacarığına, istedadına inandısa, inandı demək. Bu istedadı həvəslə təqdim edəcəkdi. Gələcəyinə inana-inana, görülən işə etibar edə-edə...
Bir dəfə söhbət əsnasında dedim ki, "Əlifba" yazmışam. Bağçayaşlı uşaqlar üçün. Dərsliklərin çapa hazırlandığı zamandı. Nəşriyyatda iş həddindən çox idi. Buna baxmayaraq, günü sabahdan "Əlifba" üzərində işə başlandı. Bir kitabı işləməyə bir qrup rəssam dəvət etdi. Hər gün maraqlandı. Gec getdi, tez gəldi. Oturdu. Çiyin-çiyinə işlədik. Saatlarla müzakirə etdik. Çox böyük vaxt və iş tələb edən kitab - "Bapbalaca əlifba" 15 gün ərzində işıq üzü gördü. Nəfis tərtibatla, gözəl işlənmədə... Bu kitab haqqında həmişə həvəslə danışdı... Yəqin ki, uzun illər körpələrimizə xidmət göstərəcək bu kitabla neçə-neçə nəsillər yetişəcək və hər bir körpə məmnuniyyətindən Bəhruz Axundov ruhuna bir təşəkkür hopacaq...
Həmişə deyərdi:"Şənbəni, bazarı evdə necə otururlar, başa düşmürəm. Mən qala bilmirəm". Gəlişigözəl sözlər deyildi. Darıxırdı. Şənbəni, bazarı... Yatdığı yuxunu belə çox görürdü özünə. Sabaha saxlamadan çalışırdı. Saatlarla kompyüter qarşısında əyləşir, yorulmaq bilmədən hər şeyin ən gözəl olanını əldə edirdi. Saat səkkizə, doqquza, ona qədər işləməli olsa belə... Çünki sabahın daha ciddi işləri vardı. Onunçün hər gördüyü yeni iş əvvəlkindən daha məsuliyyətli, daha ciddi idi. İstəyir böyük akademik nəşr olsun, istəyir bir çap vərəqi həcmində uşaq kitabı. Bəhruz Axundov nəşriyyata ayağını qoyandan hamı üçün, sözün əsl mənasında, iş başlayırdı, ta evə gedənədək. Bir-bir otaqların telefonu səslənir və mütləq hal-əhval tutulandan sonra əldəki işin vəziyyəti soruşulurdu. Bir ordu insanı işlətmək, məşğul etmək qabiliyyəti var idi Bəhruz Axundovda. Yaxşını görmək, pisi uzaq tutmaq, gözəl olanadək cilalamaq, parıldatmaq, arıtmaq bacarığı vardı. Bəzən ağrıda-ağrıda parıldatmaq, sürtə-sürtə cilalamaq, sonda öz işinin ustası kimi yetişən işçi və işçisinin işinin nəticəsini məmnunluqla seyr edən direktor. İllərin təcrübəsi onun qəlbində kitaba "Məcnundan füzun aşiqlik istedadı" doğurmuşdu. Onun böyük kitab sevgisi adi sevgi deyildi. Sevgi istedadı idi. Böyük ehtiramla kitaba əlahəzrət kitab demişdi. Bütün gücü-qüvvəsi ilə kitabın xidmətində idi...
Külək pəncərəni çırpırdı. Kitab şkafındakı əl boyda kitablardan birini örtülməsin deyə pəncərənin ağzına qoymuşduq. Hər işə gələndə qapıları açıb salam verməmiş keçməzdi. Bizim də otaqda illərin yol yoldaşı, məsləkdaşı Məsudə xanım oturduğundan bu qapını mütləq açardı. Adəti üzrə, qapını açıb salamlaşan kimi ilk gözünə dəyən pəncərənin arasındakı kitab oldu. Təəssüfünü bildirdi. Nəşriyyat işçilərinin kitaba münasibətindən qayğılandı. Hiss olundu ki, bizdən gözləmədiyi bir məsələymiş. İrəli keçib kitabı götürdü, sığalladı:"Müəllifi kim olmasından asılı olmayaraq, kitab hər zaman kitabdı". Aparıb kitabı əvvəlki yerinə qoydu... Və çıxdı...
Böyük bir ailənin başçısı idi. Onların, yüzlərin içindən seçib ətrafına cəmlədiyi, bütün görüşlərdə həvəslə "mənim ailəm" deyə qiymətləndirdiyi sevimli kollektivinin hər bir üzvünün xeyrində-şərində mütləq iştirak edərdi. Qayğıya qala-qala, böyük əhvali-ruhiyyə yarada-yarada. Hər kəsin yanında olmağı bacarırdı. Hər birinin evini evi, ocağını ocağı hesab edə bilirdi. Kollektivinin hər üzvünə doğma münasibəti ilə çox rəhbər işçilərin etmədiyini etməyi bacarırdı. Bir ailədə körpə dünyaya gələndə, bir ailə məzun sevinci yaşayanda, ildönümlərində, ad günlərində mütləq Bəhruz müəllimin təbriki, xeyir-duası olardı. Hamı çətinə düşəndə məhz ona arxalana bilərdi. Ona güvənərdi. Onunla məsləhətləşərdi. Qədim kişilərə xas bir ağayanalıq, alicənablıq, mərdlik daşıyardı özündə. Yeri gələndə güvəniləcək ilk insan ola bilirdi kollektivinin hər bir üzvü üçün. Heç nəyi və heç kəsi unutmazdı. İşdəki nöqsanı heç kimə və heç nəyə bağışlamadığı kimi.
Vazkeçilməziydi Ağdam. Özünə, özgələrə, hər kəsə bağışlamadığı yarası, nisgili idi. And yeriydi, Məkkəsi, Mədinəsiydi Ağdam. Böyük şövq və məhəbbətlə, inanılmaz məsuliyyət və qayğıyla düzənlədiyi onlarla kitab sərgisindən sonuncusu oldu Ağdamda düzənlədiyi Kitab bayramı. Yazağzı yollandı ora... Bəri-bəzəyi özündən olan Ağdama. Yaşıl çəmənliklər qoynunda hər şeydən xəbərsizmiş kimi arın-arxayın uçuşan kəpənəklər diyarına... Səslər və duyğular səltənətinə... Günəşin bol məkanına... Yağışın çiçək-çiçək səpildiyi yerə. Bir tərəfi yaralı, bir qolu üzülü Ağdama... Özü dərdli olsa da, əli kitab paylı qonağını gülümsər qarşıladı. Elə bil duymuşdu nə isə. Elə bil bilirdi ki, ona qucaq dolusu kitabla gələn qonaq bir də gəlməyə bilər. Bu torpağın günəşindən, mehindən, hətta yağışından da pay ayırdı ona. Narın yaz yağışına da qonaq etdi, bu yağışın torpaqdan qaldırdığı çiçək ətrinə də... Ağdam astaca ağladı qonağını. Yağış zümzüməsi ilə, damcı pıçıltısı ilə ağladı. El üçün qənimət adamı. Arxa ola biləni, dayaq ola biləni. Oxşadı. Zümzüməsi qayğılıydı, yağışı göz yaşlarına bənzəyirdi, parıltılı və ilıq... Ağladı... Və yola saldı. Bəhruz Axundov da ömrünün son Ağdam çiskininə düşdü, Ağdam dumanına bələndi. Bu dünyadan köç etməkçin əzəlinə qayıtdı... Əzəlinə vida etdi... 2 il öncə... Yəqin ki, illər sonra narın yağış çiləyəndə, damçılar daşa-torpağa dəyib şüşə kimi çiliklənəndə Ağdam səmalarının minlərlə qonağı arasında kitab aşiqinin də ruhu olacaq... Yazağzı... Mütləq olacaq... Bir arzu keçdi ürəyimdən. Təki azad səmalarda dolaşsın nigaran ruhlarımız. Bir ağrısı azalsın, bir dərdi ovunsun, bir arzusu o dünyalarında çin olsun!
İş otağınadək qalxdığı hər pillə həyatının pillələri idi. Bu pillələrdə illərin zəhməti, yuxusuz gecələr, çətinliklər, ağrılar, acılar da vardı, görülən işdən alınan zövq, səadət də. Heç nə asanlıqla başa gəlməmişdi. Heç nə heç kimdən miras qalmamışdı. Heçdən başlamışdı. Heçdən qurmuşdu. Bünövrəsinə zəhmət, alın təri, yuxusuz gecələr hörmüşdü və respublikanın kitab nəşri sahəsində danılmaz xidmətləri olan bir nəşriyyatı - "Təhsil" nəşriyyatını hasilə gətirə, inşa edə bilmişdi. Bu nəşriyyatın daşına-divarına belə məsuliyyət, intizam, səriştə, qabiliyyət hopdurmuşdu. Elə bir məsuliyyət və səriştə ki, onun yoxluğunda belə bu məkanda görülən hər işi nəfis, zövqlü, sevilən, arzuolunan edə biləcək. Çünki burada Bəhruz Axundov ruhu dolaşır. Haqq dünyasının təmənnasızlarına başqa nə arzu edə bilərik ki... Ruhu hər zaman rahat olsun. Məkanı cənnət...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!