Tanınmış tənqidçi Cavanşir Yusiflinin “Mətn, işarə, məna” adlı yeni kitabı işıq üzü görüb

 

Edebiyyatqazeti.az xəbər verir ki, filologiya elmləri doktoru, professor,  ədəbiyyatşünas, tanınmış tənqidçi Cavanşir Yusiflinin  “Mətn, işarə, məna” adlı yeni kitabı işıq üzü görüb.

Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru, şərqşünas-alim Məsiağa Məhəmmədi, ön söz müəllifi filologiya elmləri doktoru, professor Elnarə Akimovadır.

Kitabın ön sözündə yazılır: “90-cı illərin dəyişən tarix və zaman keçidində dəyərlərin qorunmasında, ədəbi tənqidin formalaşmasında, onun yeni düşüncə vüsəti ilə dolğunluq qazanmasında Cavanşir Yusiflinin xidməti böyükdür. O zaman sovet xərabələri altından dikələn yeni dövr tənqidi üçün bu təhlillər qeyri standart, klişelərdən arınmış səciyyə kəsb edirdi. Günün tənqidi içindən baxanda onlar qəribə, özgə və yad idi, amma bu çağımızdan baxanda aktuallığı və orijinallığı göz önündədir. Avropa elmi-nəzəri düşüncəsinin hərəkət trayektoriyasının, estetik müəyyənliyinin yeni dövr tənqidimizin idrak və təhlil müstəvisinə gətirilməsində Cavanşir Yusifli mətnləri miqyaslı missiya daşıyıcısıdır”.

"Mətn, işarə, məna"  "AYB Kitab" layihəsi çərçivəsində “Mütərcim” nəşriyyatlında çap olunub. Kitab dörd bölümdən ibarətdir.

Qeyd edək ki, Cavanşir Yusifli AMEA Nizami Gəncəvi adına Ədəbiyyat institutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin baş elmi işçisi, AYB Bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin əməkdaşıdır. Monoqrafik araşdırma (“Gülüş və dünyanın sonu”, “Azərbaycan poeziyasında Əli Kərim mərhələsi”, “Bir söz söylə, bu dünyadan olmasın”, “Filoloji fantaziya”, “Ədəbiyyatda yaşamağın formulu” və sair), tənqidi məqalələr müəllifidir. A.Kamünün “Seçilmiş əsərləri”, T.S. Eliotun “Bəhrəsiz torpaq” poeması və esseləri, Jan Eşnozyn “Piano arxasında” romanını, F.Maksansın “Qar”, Eqzüperinin “Balaca şahzadə”, Patrik Züskindin “Ətriyyatçı” romanını, Marqaret Ətvudun “Yanmış evdə səhər yeməyi” şeirlər kitabını, Patrik Dövilin hekayələrini, Ç.Bukovskinin, Leo Butnarinin şeirlərini, Qaston Başlyar, Alən Rob-Qriyye, R.Bart, J.Derrida, M.Uelbek,  E.Kassirer, L.Bazən, J.F.Liotar, M.Unamuno, Borxes və başqalarının filoloji mətnlərini dilimizə çevirib. F.Hüseynin “Kəpənək dərsi” şeirlər kitabı onun tərcüməsində Amerikada çap ediilib. İki dəfə Prezident təqaüdünə və AYB-nin Əhməd bəy Ağaoğlu, “Ədəbiyyat qəzeti”nin Əli bəy Hüseynzadə mükafatlarına layiq görülüb.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!