Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda Nizami Gəncəvi adına parkın açılması və orada dahi mütəfəkkirin heykəlinin ucaldılması planlaşdırılır.
Bu barədə ilkin razılaşma Xarkov şəhər meri Gennadi Kernes ilə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev arasında keçirilən görüşdə əldə edilib.
A.Xudiyev bildirib ki, səfirlik Xarkov şəhərində Azərbaycana dair parkın açılmasında maraqlıdır.
“Azərbaycan ilə Ukrayna arasında bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də uğurlu birgə layihələr həyata keçirilir. Hər iki ölkənin regionları arasında əməkdaşlıq daha da gücləndirilməlidir”, - deyə səfir əlavə edib.
G.Kernes öz növbəsində bildirib ki, Xarkov şəhərində metropolitenin yenilənməsi, yeni metro xətlərinin açılması, parkların salınmasında Azərbaycan şirkətlərinin iştirakında maraqlıdırlar. “Xarkovda infrastruktur layihələrin reallaşmasında Azərbaycan şirkətlərini iştirak etməyə çağırıram. Biz bilirik ki, Azərbaycanda uğurlu infrastruktur layihələr həyata keçirilir. Azərbaycan modelinin Xarkovda tətbiqində maraqlıyıq”, - deyə mer əlavə edib.
Görüşdə azərbaycanlı tələbələrin Xarkovda təhsil məsələləri və digər qarşılıqlı maraq doğuran mövzular müzakirə olunub. /Azərtac/
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!