Edebiyyatqazeti.az xəbər verir ki, ötən həftə “Hədəf Nəşrləri”nin 10 illik yubiley tədbiri keçirilib.
Tədbirdə çıxış edən "Hədəf Nəşrləri"nin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq “Hədəf Nəşrləri”nin 10 il ərzində keçdiyi yola nəzər salıb, nəşriyyatın həyata keçirdiyi layihələr barədə məlumat verib. Şəmil Sadiq qeyd edib ki, “Hədəf Nəşrləri” MMC 2009-cu ildə təsis olunub. Fəaliyyətə başladığı ilk ildən nəşriyyat Azərbaycanda orta təhsilə dair əlavə və metodik dərs vəsaitlərinin çap olunmasını əsas istiqamət kimi qəbul edib. Həmin ildə bütün fənlər üzrə işıq üzü görən əlavə dərs vəsaitləri (nəzəri hissə) və test topluları (praktik hissə) qısa vaxtda kitab bazarında “Hədəf Nəşrləri” kimi yeni qurulmuş bir təşkilata yüksək reytinq gətirərək istər təhsil müəssisələri, istərsə də çoxsaylı müəllim-şagird kontingenti arasında imic formalaşdırıb. Yüksək təcrübəli müəllif heyəti tərəfindən hazırlanan bu kitablar Azərbaycanın bütün ərazilərində təhsil alanların böyük marağına səbəb olub.
Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, APA İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızı, Milli Məclisin deputatı Fazil Mustafa, Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Cihan Özdemir və digər çıxış edənlər “Hədəf Nəşrləri”nin uğurlu fəaliyyətindən danışıb və nəşriyyatın kollektivinə uğurlar arzulayıblar.
Tədbirdə nəşriyyatın fəaliyyətinə dəstək verən media və ictimaiyyət nümayəndələri, yazıçı və tərcüməçilər təşəkkürnamə ilə təltif ediliblər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!