Edebiyyatqazeti.az xəbər verir ki, 18 oktyabr 2019-cu ildə qardaş Türkiyənin Tokat şəhərindəki ATATÜRK Mədəniyyət Sarayında TİKA (Türk İşbirliyi və Koordinasya Agentliyi) dəstəyi, Tokat Valiliyi, Tokat Bələdiyyəsi, TÜRKSOY, DünyaDER (Dünya Yazarlar və Aydınlar Dərnəyi) təşkilatçılığı ilə “I Türk Dünyası Şairlər Buluşması” gerçəkləşib.
Türk dünyası ədəbiyyatı, sənəti, mədəniyyəti, türk birliyi və bərabərliyinə xidmət edən tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, Türkmənistan, QKTC, İraq, Quzey Makedoniya, Suriya və Türkiyənin özündən şairlər, ədəbiyyatşünaslar, sənət adamları iştirak edib.
“Biz dünya coğrafyasını ədəbi əsərlərlə süsləyən gözəl türkcəmizin çağdaş zənginliklərini də Anadolunun alimlər, şairlər və mütəfəkkirlər şəhəri olan Tokatımızda buluşturmanın xoşbəxtliyini yaşayırıq. Gün, “dildə, fikirdə, işdə birlik” günüdür. Birliyimiz, hüzurumuz, xoşbəxtliyimiz daimi olsun; gələcəyimiz güclü bir türk birliyinə qovuşsun! Türk Dünyası Şairlər Buluşmasının xeyirlərə, uğurlara vəsilə olmasını diləyirik!” – təşkilatçıların ortaq istəyi bu cümlələrlə ifadə olunub.
Tokat Valisi Dr.Ozan Balcı, Bələdiyyə başqanı Əyyub Əroğlu və başqa yetkililərin qatıldığı tədbirdə şairlər şeir oxuyub, sənətçilər türk dünyası ünvanlı şərqilər, türkülər ifa edib.
Ağ zanbaqlar şəhəri Tokatda düzənlənən I Türk Dünyası Şairlər Buluşmasında Azərbaycanı Atatürk Mərkəzinin şöbə müdiri, şair-publisist Əkbər Qoşalı təmsil edib.
Tokat valisi, Tokat bələdiyyə başqanı, Tokat Mədəniyyət-Turizm İdarəsi müdiri ayrı-ayrılıqda qonaq yazarları qəbul edib, fikir mübadiləsi aparıb, onlara Tokatlı ustaların əl işlərindən ibarət hədiyyələr bağışlayıb.
Türk ölkə və topluluqlarından Tokata dəvət olunmuş şairlər Tokat Mədəniyyət-Turizm İdarəsi əməkdaşlarının və evsahibi təşkilatlardan “DünyaDer” başqanı, şair-publisist Osman Başın müşayiəti ilə Sivasın, Tokatın görməli yerləri, muzeyləri ilə, o cümlədən dünyanın 8-ci möcüzəsi sayılan Tokat Ballıca Mağarası ilə də tanış olub. Tokatdakı liseylərdə qonaq şairlərlə keçirilən görüşləri özəlliklə fərqləndirmək olar. Hər bir qonaq şair bir liseydə müəllim-şagird heyəti qarşısında çıxış edib, öz ölkəsinin ədəbiyyatı, mədəniyyəti, tarixi barədə danışıb, dinləyicilərin suallarını cavablandırıb.
Azərbaycanı təmsil edən Əkbər Qoşalı, “Tokat Mərkəz İMKB Sosial Bilimlər Liseyi”ndə keçirdiyi görüşdən danışaraq, qardaş ölkənin 435 şagird, 34 müəllimi olan bir təhsil ocağında məhz 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü çıxış etməsini təsadüf yox, təvafüq adlandırıb, Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlətin məhz Türkiyə olduğunu xatırladıb; tarixi sınaq məqamlarında Azərbaycanın Türkiyəyə, Türkiyənin Azərbaycana qardaş əli uzatmasından söz açıb. – “Gələcəyə baxışı “Türk milli təhsilinin məqsədləri işığında, ölkədəki eyni təmayüllü məktəblər arasında seçilən və keyfiyyətini isbatlamış özünəməxsus, təsirli, dərəcəli bir lisey olmaq” missiyası “Çevrəsi ilə anlayışlı, yüksək keyfiyyətli, nizamlı, sosial bilimlər sahəsini sevən və fərqlilik təmin edə biləcək əxlaqlı, ərdəmli sosioloqlar yetişdirmək” olan bir ocaqda görüş keçirmək, kitab mübadiləsi aparmaq Tokat səfərinin ən yaddaqalan məqamlarından oldu.
Elə başa düşürəm, gələcəkdə də, qardaş ölkələrdə olarkən yalnız rəsmi auditoriyalarda, festival, konfrans zallarında deyil, orta məktəblərdə də görüş keçirib, çıxış etməyi nəzərdə tut-maqda fayda var. Yeniyetmələrin beyni hələ ağ vərəq kimidir və onların onda biri belə eşitdiklərini unutmasa, bu bir qazancdır.
Biz bir-birimizi sevirik, amma daha yaxından tanımaqla bağlı hələ görülməli xeyli işimiz var.” – Ə.Qoşalı belə deyib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!