Edebiyyatqazeti.az xəbər verir ki, Ufa şəhərində Başqırdıstan Respublikasının yaranmasının 100 illiyi və Başqırdıstanın Xalq şairi Mustay Kərimin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən “Qızıl Kuray” Beynəlxalq jurnalistlər müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Müsabiqəyə Rusiya Federasiyasının bir çox bölgələrindən, eləcə də Azərbaycan, Türkiyə, Çexiya, Kanada, Çin və digər ölkələrdən 100-dən çox yazı təqdim olunub.
Yeddi nominasiya üzrə keçirilən beynəlxalq müsabiqənin münsiflər heyətinə Rusiya Federasiyası Jurnalistlər Birliyinin sədri Vladimir Solovyov rəhbərlik edib.
Müsabiqədə azərbaycanlı yazıçı-jurnalist, “Ulduz” jurnalının baş redaktorunun müavini Təranə Vahid “Yamantau dağı, başqırd nəğmələri və kuray çiçəyinin sirri” (“Гора Ямантау, башкирские песни и тайна цветка курай”) adlı araşdırma yazısına görə jüri tərəfindən birinci yerə layiq görülüb.
“Qızıl Kuray” mükafatını Təranə Vahidə Başqırdıstan Respublikasının Mədəniyyət naziri Amina Şafikova təqdim edib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!