Moskvada Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

 

Rusiya Dövlət Humanitar Universitetində (RDHU) görkəmli ədib İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Rusiya ilə Azərbaycan arasında humanitar əməkdaşlıq: tarixi-mənəvi ənənələr və müasirlik” mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbirdə Rusiya Dövlət Duması MDB İşləri Komitəsinin sədri Leonid Kalaşnikov və RDHU-nun prezidenti Yefim Pivovarın təbrik məktubları oxunub. Universitetin prorektoru İrakli Bolkvadze tədbiri açaraq bildirib ki, Azərbaycan ilə əməkdaşlıq universitetin prioritet istiqamətlərindən biridir. RDHU-da xeyli sayda azərbaycanlı tələbə- həm Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri, həm də müxtəlif proqramlar çərçivəsində Moskvaya gəlmiş gənclər təhsil alır. Postsovet ölkələri və regional tədqiqatlar kafedrasında artıq 10 ildən çoxdur ki, Azərbaycan dili tədris olunur, ölkənin tarixi, mədəniyyəti, iqtisadiyyatına dair kurslar keçirilir. Səfir Polad Bülbüloğlu universitetin daimi fəxri qonağıdır.

Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov, Beynəlxalq Avrasiya İnkişaf Assosiasiyasının sədri Elçin Əsgərov, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin dosenti İsmayıl Ağakişiyev və başqaları xatırladıblar ki, bu il Azərbaycanda “Nəsimi ili” elan olunub. Dahi Azərbaycan şairinə həsr olunmuş konfransın Moskvada keçirilməsini rəmzi hadisə adlandıran natiqlər iki ölkə arasında humanitar əlaqələrin tarixindən danışaraq, qeyd ediblər ki, Azərbaycanın bir çox elmi, mədəni, təhsil ənənələri Rusiya ilə bağlıdır.

Siyasi Tədqiqatlar İnstitutunun baş direktoru Sergey Markov Rusiya-Azərbaycan əlaqələrinin möhkəmlənməsində dövlət başçılarının rolunu qeyd edərək bildirib ki, prezidentlər Vladimir Putin və İlham Əliyev arasında gözəl şəxsi münasibətlər mövcuddur. “Onlar hər ikisi çox yaxşı humanitar təhsil alıblar – İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu, Vladimir Putin isə Leninqrad Universitetinin hüquq fakültəsini bitirib, müasir beynəlxalq siyasətə dərindən bələddirlər”, - deyə S.Markov bildirib.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!