Azərbaycan ədəbiyyatı və dramaturgiyasının bənzərsiz simalarından olan Hüseyn Cavidin adı milli hüdudları aşaraq çoxdan dünya ölkələrini dolaşmaqdadır. Bu gün Hüseyn Cavidin ölməz əsərləri dünyanın müxtəlif dilləri və ölkələrində tərcümə və nəşr edilir, pyesləri Azərbaycandan uzaqlarda səhnələrə qoyulur və dərin rəğbət qazanır.
Dahi şair 1882-ci il oktyabrın 24-də anadan olub və Cavidlər ocağı üçün əlamətdar olan bu ayda adətən Azərbaycan boyu müxtəlif silsilə ədəbi-mədəni tədbirlər keçirilir. Bu il Azərbaycan və dünya oxucusu Hüseyn Cavidin 137 yaşının tamam olması ərəfəsində daha bir sevindirici hadisə ilə qarşılaşıb. Azərbaycan Respublikasının Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfirliyinin təşəbbüsü ilə Cavid yaradıcılığının ən parlaq nümunələrindən olan “İblis” əsəri ilk dəfə olaraq Monteneqro dilinə çevrilərək nəşr edilib. Qeyd edək ki, Monteneqroda və onun paytaxtı Podqoritsa şəhərində Hüseyn Cavid irsi və şəxsiyyətinə maraq böyükdür. Azərbaycan dövləti və hökumətinin dəstəyi ilə Podqoritsa şəhərindəki “Kral” parkında Hüseyn Cavidin abidəsi ucaldılıb. Hüseyn Cavidin “İblis” əsərinin Monteneqro dilinə çevrilərək nəfis şəkildə buraxılan kitabı isə şübhəsiz ki, onun bu qədim Balkan ölkəsində daha artıq tanınması və sevilməsinə yeni təkan verəcəkdir.
Bu münasibətlə oktyabrın 22-də Podqoritsa şəhərindəki Monteneqro Universitetində kitabın geniş müzakirəsi və təqdimatı keçirilib.
Əvvəlcə bir qrup tədbir iştirakçısı “Kral” parkına gələrək, Monteneqro xalqının görkəmli oğlu, dünya miqyasında tanınmış naşir Bojidar Podqoriçaninin və Hüseyn Cavidin burada ucaldılmış abidələrini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Monteneqronun ən böyük təhsil ocağı sayılan Monteneqro Universitetində keçirilmiş mərasimi açıq elan edən universitetin prorektoru Boris Vukiçeviç tədbir iştirakçılarını salamlayaraq Monteneqro oxucularına heç də yad olmayan Hüseyn Cavid yaradıcılığı ilə öz ana dillərində tanış olma imkanı yaradan şəxslərə minnətdarlığını bildirib. Tədbirin onun təmsil olunduğu universitetdə keçirilməsindən son dərəcə məmnunluğunu ifadə edən prorektor iştirakçılara uğurlar arzulayıb.
Mərasimdə çıxış edən Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri, “İblis”in Monteneqro nəşrinə müfəssəl müqəddimənin müəllifi Eldar Həsənov öncə 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Podqoritsada yerləşən qədim tarixə malik “Kral” parkında Cavidin abidəsinin ucaldılmasından söz açaraq, bu abidənin Monteneqro xalqının görkəmli oğlu, dünya miqyasında tanınmış naşir Bojidar Podqoriçaninin abidəsi ilə yanaşı ucaldılmasının iki xalq arasında nəcib amala – dostluğa və humanizmə xidmət etdiyini vurğulayıb.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin birbaşa müdaxiləsi və səyləri nəticəsində hələ sovet dövründə Cavidin cənazəsinin Sibirdən, uzaq İrkutsk vilayətindən vətənə gətirilib doğulduğu torpaqda dəfn edildiyini vurğulayan səfir Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə Cavid irsinin tədqiqi və təbliği sahəsində tamam yeni bir mərhələnin başlandığını bildirib.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov Hüseyn Cavidin həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış edərək onun dünya ədəbiyyatı və mədəniyyəti tarixindəki mühüm yeri barədə mərasim iştirakçılarına geniş məlumat verib: “Zahirən Hüseyn Cavidlə bizi ayıran zaman sərhədi çox da böyük deyil. O, XIX əsrin sonlarında doğulub, XX əsrin birinci yarısında yaşayıb. Cavidi bizə əyani şəkildə göstərən kinoxronika da yadigar qalıb. Lakin əsərlərini oxuduqca Cavid bizə həm də çox köhnə bir klassik, yüz illər öncə yaşamış qədim filosof kimi görünür. Heç səbəbsiz deyil ki, onu dünya ədəbiyyatının ən məşhur simaları ilə müqayisə etmiş, Azərbaycanın və Şərqin Şekspiri adlandırmışlar. Bunun səbəbi Cavidin poeziyasındakı dərinlik, müdriklik, fəlsəfədir. Cavid bilgin müəllimləri olmuş, mükəmməl təhsil görmüş bir ziyalı idi. Yeniyetməlik illərində doğulub yaşadığı, ilk təhsilini aldığı Naxçıvandan İrana səfər etmişdi. Orada həm fars dilini və Şərq ədəbiyyatını öyrənmiş, həm də həyat təcrübələri qazanmışdı. Sonra 1905-ci ildə Türkiyəyə səfər etmiş, 5 il İstanbul Universitetinin Ədəbiyyat fakültəsində ali təhsil almış, Rza Tofiq, Tofiq Fikrət kimi yol, məktəb yaradan görkəmli filosof və ədiblərdən dərs almışdı. Vətəni Azərbaycanın Sovet İttifaqının tərkibinə daxil olduğu, deməli, dəmir pərdə arxasında yaşadığı zamanlarda xarici ölkələrə çıxış imkanları çox məhdud idi. Lakin Hüseyn Cavidin bəxti gətirmişdi. Cavid o qədər böyük ədəbi nüfuz sahibi idi ki, onu 1926-cı ildə hökumətin qərarı ilə gözlərini müalicə etdirmək üçün uzun müddətə Almaniyaya ezam da etmişdilər. Çox həmvətənləri üçün qapalı olan Avropanı və Avropa həyatını yaxından görüb müşahidə etmək ona nəsib olmuşdu. Beləliklə, aldığı dərin biliklər, geniş mütaliəsi və içərisindən keçdiyi coğrafiya Hüseyn Cavidi varlığında həm Şərqi, həm Qərbi birləşdirən düşüncə sahibinə çevirmişdi, ona bir çox həqiqətlərə üstdən, panoramda, geniş miqyasda baxmaq imkanı yaratmışdı. Ona görə də ədəbi yolunun lap başlanğıcından onun bəhs etdiyi mövzular və mətləblər milli çərçivədən kənara çıxaraq ümumbəşəri əhəmiyyət daşıyırdı. Onun zəngin palitrası olan əsərlərinin mövzuları, süjetləri və qəhrəmanları yalnız Azərbaycandan deyil, Qafqazdan, Yaxın və Orta Şərqdən, Asiya və Avropadan gəlirdi. Onun qəhrəmanları yalnız həmvətəni, soydaşı olan Azərbaycan türkləri deyil, bütövlükdə insan idi, onun daxili azadlığının tərənnümü idi”.
Cavidin Birinci Dünya müharibəsi dövründə yaranmış “İblis” əsərinin məziyyətlərindən bəhs edən akademik Rafael Hüseynov diqqətə çatdırıb ki, faciələr müəllifi olmuş, öz həyatı da faciələr silsiləsindən ibarət Cavidin Sibirdə dustaq olarkən yazdığı son dramının adı “Allah” idi. Bundan əvvəlsə o, “Peyğəmbər” və “İblis” pyeslərini yazmışdı. Yəni bu üç əsərlə mütəfəkkir şair insanın bütün varlığı və ruhu ilə ömrü boyu cazibəsində, təsirində olduğu üçbucaq haqqında fəlsəfi-poetik epopeya yaradıb. Cavidin bütün yaradıcılığı xeyirlə-şərin, işıqla-zülmətin, istiqlalla-istibdadın mübarizəsinin ifadəsidir. Bu əbədi qarşıdurma isə ən bariz şəkildə məhz onun bu 3 əsərində əks olunub.
Bu Cavid incisinin Monteneqro dilinə tərcüməsi və nəşrinin ölkələrimiz və xalqlarımız, ədəbiyyatlarımız və mədəniyyətlərimiz arasında əlaqələrin inkişafında mühüm hadisə olduğuna diqqət yönəldən Rafael Hüseynov “İblis” pyesini öz ana dilində məharətlə səsləndirmiş Draqana Pantovitsə təşəkkürünü bildirib. Bunun ardınca Rafael Hüseynov təqdimat mərasiminin keçirildiyi 22 oktyabr tarixinin bir başqa cəhətdən də çox təsirli olduğunu söyləyib: “Cavidin oğlu Ərtoğrol, müasirlərinin və bizə yadigar qalan irsinin təsdiqinə görə, istedadda atasından geri qalmayan bir yaradıcı idi. Vur-tut 24 illik qısa ömür yaşamış Ərtoğrol Cavidin romansları, müxtəlif bəstələri, şeirləri, araşdırmaları, rəsm əsərləri bu gün də heyranlıq doğurur. Oktyabrın 22 onun doğum günüdür. Atasının şah əsəri “İblis”in Monteneqro dilinə tərcüməsinə həsr olunmuş mərasim keçiriləndə isə sadəcə onun növbəti doğum günü deyil, həm də 100 yaşı tamam olur”.
Sonra mərasim iştirakçılarına Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin “Ədəbi kino salnamə” şöbəsinin hazırladığı, Hüseyn Cavidin həyat və yaradıcılığının müxtəlif anlarının əks olunduğu, Ərtoğrol Cavidin müəllimi Üzeyir Hacıbəylinin xatirəsinə həsr etdiyi musiqi əsəri ilə müşayiət olunan videoçarx nümayiş etdirilib.
Monteneqronun tanınmış yazıçıları akademik Sreten Vuyoviç, Qoran Sekuloviç, Çetinya Kitabxanası İcraiyyə Şurasının üzvü publisist Bojidar Proroçiç, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu, gənc dramaturq Draqana Tripkoviç Hüseyn Cavidi dramaturq, şair, ictimai xadim və dahi şəxsiyyət kimi səciyyələndirəcək geniş yaradıcılığından və həyatından danışıblar.
Tədbir Monteneqro KİV-lərində geniş işıqlandırılıb.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!