Ruzbeh Məmmədin şeirləri

 

Bir də məndən uzaqda
ayaqların üşüsə,
qışda olan işdi də
elə də çox böyütmə
mən sənsiz üşüyürəm.

Birdən olar uzaqda
gördün qəfil darıxdın
uzaqda elə hamı
darıxar da, noolsun,
mən sənsiz darıxıram.

Birdən gördün küçəniz
səni ovutmur daha,
qızım, ümid eləmə,
gedən adamlar geri
bir də qayıtmır daha...

Bir də narahat olma
mən indi çox yaxşıyam.
Ayaqların üşüsə
lap belə pis darıxsan
götür ayaqlarını
gəl bizdə də üşüsün,
gəl bizdə də darıxsın.

*  *  *

Əynimi divardan asılmış kimi hiss edirəm
kimsə əksikdir, çatmır elə bil baxıb gülməyə
ha getdin, ha qaldın
mən qürurlu, heç sənə də getmə demərəm
noolacaqsa səndən sonra olsun
səndən sonra mənə hər şey olsun, sən bilmə.

Bir kişinin unudulmuş təkliyisən
gecə-gündüz xatırlanırsan
mən belə istəmirəm,
mən istəmirəm dodaqlarıma yaxın olsun
bədənin,
daha istəmirəm əllərin olsun sevincim
istəmirəm qadınım olsun kimsə...

Uşaq tək divar arxasından boylanıram
bir rədd ol de, çəkilim gedim
qayıdarsan bu yaz, bu yaz qayıdarsan
gör başqa haram ağrıyır -
bilərsən səni necə unutmuşam.
Boylan sıxıldığım divarları uçurt, get,
arxanca qışqırım rədd ollll,
bəlkə qayıdasannnn
baxma ki, bəzən kişi kobudluğuyam,
           qadınsı susmaqlarım da var.
Mənə başqa heç nə lazım deyil,
                       vallah heç sən də
öləziyən əllərini görmək istəyirəm,
                       bir və ya bir neçə dəfə.
Qayıtsan üç kəlməlik sözlə qayıtma,
nifrət edirəm köhnəlmiş hər şeyə
məni bilirsən,
insafsız adamam, neçə yol ağlatmışam səni
bunca bildiklərindən sonra qayıtmaaa
-qayıttt- sevgi- gedib qayıtmaqdı,
                       qayıdıb ağlamaqdı.

Atamın qayıdışına

Atama məktub

İlk dəfə sənin kitablarını görəndə
                       onda darıxdım
bir səhər ayılıb gördüm ki,
           kitablarınla bizi tərk etmisən.
Bax, mən onda ilk dəfə tərk edildim,
o gündən mən qorxaq böyüdüm.
Kəndçimiz - Elgün təkcə sən olanda
                       məni qorxuda bilmirdi
əgər yadımda düz qalıbsa bir qış günü
                       tərk etmişdin bizi.
Evimizin yanından axan arxın yanında
                       oynayanda eşitdim,
sonra mən hər gün eşitdim ki,
ata yoxluğu ilk övlad üçün çətin olurmuş.
Gəl məsləhət verim, atalar tərk edəndə
                       oğullar çəlimsiz olur.
Mən ən çox Gülnarla ağlayırdım,
və deyirdim ki, ağlama, sənin
                       yaşın çatmır ağlamağa.
Məndən bir yaş böyük idi ona görə
qadınlar da kişi olmadıqca baxımsız olur
və elə ona görə də anam da qocaldı.
Siz qocaldıqca mən də qocaldım
ki, sizi tək qoymayım övladlıq borcu üçün.
Daha bizim yapışmağa yerimiz qalmamışdı.
Həm də qadınlar kövrək olur,
bacılarımı mənə buraxıb getmişdin,
mən onda anladım ki, qadınlar müqəddəsdir.

Sənin qalstuklarını vurub əynimdən
           yekə köynəklərini geyinirdim.
Ata qoxusunu dayılarda axtarmaq çətindi,
əşyalara hopmuş qoxuda kövrəkliyi
                       öyrənmək isə işgəncədi,
sonra sənin əl radion, bir də şərflərin
                       daha çox xatırladırdı səni.
Bilirəm, məndən utanırsan
hamıya döyüldüyüm üçün.
sən istəyirdin ki, mənlə fəxr edəsən.
Mən isə heç vaxt səni sevindirə bilmədim,
oğulluq borcumu tez-tez qocalmaqla
                       yerinə yetirirəm.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!