Edebiyyatqazeti.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Uşaq və Gənclik Ədəbiyyatı Yazarlar Birliyinin və digər qurumların birgə təşkilatçılığı ilə VI Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumu keçirilmişdir. AMEA Mərkəzi Elmi Kitabxanasının konfrans zalında təşkil edilən tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açıb. Akademik bildirib ki, artıq altıncı dəfə təşkil olunan bu simpozium Bican Veysəl Yıldızın Türkiyədə rəhbərlik etdiyi Uşaq və Gənclik Ədəbiyyatı Yazarlar Birliyinin iştirakı ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, Azərbaycan Milli Konservatoriyasının, AMEA Memarlıq və İncəsənət İnstitutunun və digər qurumların birgə səyləri ilə hazırlanıb. Simpoziuma Türkiyədən, Rusiyadan, Qazaxıstandan, Makedoniyadan, Pakistandan, Kpirdən və digər ölkələrdən qonaqlar qatıldığını deyib.
Əlavə edib ki, “bugünki konfrans 18 oktyabr Azərbaycanın dövlət müstəqilliyinin ildönümünə təsadüf edir. Möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı siyasət nəticəsində aparıcı ölkələrdən birinə çevrilmiş müstəqil Azərbaycanda yeni nəslin yetişdirilməsi qarşımıza qoyulan dövlət səviyyəli əsas problemlərdən biridir. Yeni nəslin hazırlanmasında isə uşaq ədəbiyyatı, uşaq musiqisi, folkloru, təsviri incəsənəti əsas amillərdən biridir. Bu işin elmi müstəvidə öyrənilməsi üçün inkişafına təkan verilməlidir. Müstəqillik dövrünün artıq yeni tipli uşaq ədəbiyyatı yaranmalıdır. Ədəbiyyat İnstitutunda da uşaq ədəbiyyatının öyrənilməsi istiqamətində mühüm işlər görülür. Həmin işlər çərçivəsində Uşaq ədəbiyyatı şöbəsi yaradılıb”.
İnstitutun direktoru İsa Həbibbəyli Uşaq ədəbiyyatının təbliği istiqamətində böyük xidməti olan Bican bəyi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının “Ədəbiyyatşünaslığa dəstək” diplomu ilə təltif edib. Ardınca Azərbaycan Milli Konservatoriyasının Gənclər Xorunun ifasında iki mahnı səsləndirilib.
Sonra Uşaq və Gənclik Ədəbiyyatı Yazarlar Birliyi İdarə Heyətinin Sədri Bican Veysəl Yıldız çıxış edərək Azərbaycanda təşkil edilən bu simpoziumun həm uşaqlar, həm də ədəbiyyat üçün faydalı cəhətlərindən bəhs edib. O bildirib ki, “Uşaq və Gənclik Ədəbiyyatı Yazarlar Birliyi 2013-cü ildə qurulub, ilk konfransını 2014-cü ildə gerçəkləşdirib. Əsas işimiz türk və islam dünyasının uşaq ədəbiyyatı nümunələrinin toplanıb nəşr edilməsini həyata keçirməkdir. Biz türklər Azərbaycandan danışarkən “Can Azərbaycan” deyərik. Bu səbəbdən də ilk xarici simpoziumumuzu Azərbaycanda təşkil etdik”. Sədr simpoziumun təşkilində xidmətlərinə görə fərqlənən şəxsləri təltif edib.
Tədbirdə əsas təşkilatçılardan biri olan Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Hüseynova çıxış edərək simpoziumun davamı olaraq Konservatoriyasının Gənclər Xorunun konserti olacağını əlavə edib. Eyni zamanda AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtegin Salamzadə çıxışında bilirib ki, təşkilatçılar sırasında bizim institutun da öz töhfəsini verməsi sevindiricidir. Simpoziumun açılışı İnstitutumuza məxsus rəsm əsərlərindən ibarət sərgi ilə başladı.
Simpoziumda xarici qonaqlardan pakistanlı Abdul Fareed Brohi, Şimali Kiprdən Esra Kan da çıxış ediblər. Həmçinin Azərbaycan şairlərindən Zahid Xəlil, Yusif Nəğməkar, Qəşəm İsabəyli, İbrahim Yusifoğlu və Sevinc Nuruqızı çıxış edərək uşaq ədəbiyyatına aid şeirlərindən nümunələr oxuyublar. Tədbirdə uşaqların nümayəndəsi olaraq Məmmədhəsən Məmmədov Cabir Novruzun “Kaş millətdə ruh yaşasın” şeirini səsləndirib.
Daha sonra Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Elnarə Akimova qeyd edib ki, şöbəmizin yaranmasının bir illiyi dekabr ayında tamam olacağına baxmayaraq, artıq ortada nəzərəçarpan nəticələr var. Sonda Uşaq və Gənclik Ədəbiyyatı Yazarlar Birliyi Azərbaycan Təmsilçisi, filologiya elmləri doktoru Mərziyyə Nəcəfova təşkilatçılar adından təşəkkürlərini bildirib. Simpozium müxtəlif mövzularda məruzələrlə plenar iclaslarda davam edib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!