Körpə dənizim... - Gülsadə İbrahimlinin şeirləri

"Daha heç nə önəm daşımır!.."
İnandığın gerçəklərin alnına soyuq su vurmaqdı...
Gecənin bir yarısı kiminsə səslənməyinə,
Səksənib yerində donmaqdı;
paklandığın bir günahın boynuna ip keçirib,
ayağının altındakı kətili təpikləməkdi...
Gələcəyi olmadığın birinin keçmişində ölməkdi
bu nida.
"Ədalətsizcə çıxarılmış bu qərar,
Ammalaşmaqdır"...
Əslində bu sevməkdi,
Taa, ən başından sevməkdi!
Əlvida,
Dörd divarlıq
Üç saatlıq,
İki bədənlik,
Bir qadınlıq "cehiz məhəbbətim".

QADINI OLASAN

Sevirəm kimsəsiz küçələri,
Aylı gecələri,
Qarlı gecələri,
Yarlı gecələri...
Yürüyəsən yol boyu,
Uşaqtək tullanıb göləklərdə
Yaxasın isladasan yolların.
Dolaya küləklər bədəninə qolların,
Əlləri sığallaya saçlarını sahibsiz rüzgarların.
Ən sevməli qadını olasan
Qışların,
Baharların.
Doldurub ciblərinə qırıq ümidlərini,
Günün stresini,
İşin yorğunluğunu
Yeriyəsən yol boyu...
Addım səslərinə diksinə dalğınlığın,
Tuta qolundan
"Gəlməyəcəyin bildiyin".
Sıxıb belindən basa ürəyinə kimsəsizliyini...
Baxa gözlərinə qeybə çəkilmək istərcəsinə...
Qəh-qəhə çəkəsən bütün ağrıların xatirinə,
Diksinə yol qırağındakı körpə gülüş səsinə,
Baş çatlada anasının "dəlidir" kəlməsinə.
Eeee, nə oturmusan yerində?
Çıx gecə gəzməsinə.
Bəlkə hansısa yolda
Qovuşdu həsrətimiz.

UŞAQKƏN DAHA GÖZƏLİYDİ

Hər şey mən uşaqkən daha gözəliydi, qızım!
Mən uşaqkən rəngli televizor yoxdu məsələn,
Doğrular bu qədər çılpaq və cəsarətlə
                                  deyilmirdi ekranlarda.
Bildiyimiz tək yalan tv-lərin
                       süslənmiş doğrularıydı,
Tanıdığımız tək oğru
Kəndin qarpız oğrularıydı.
İndi ümidlər oğurlanır,
Zəfərlər oğurlanır,
Doğrular oğurlanır
Ömürlər oğurlanır, balam.
Mən kənd qızıydım,
Səndən daha çox gətirmişdi bəxtim,
Mehriban qonşularım vardı,
Çörəyini bölən,
Ürəyini bölən.
Kasıbçılıq o vaxt da vardı, körpəm,
Amma ciblər kasıbdı
Vicdanlar yox,
O vaxt adamlar azdı, insanlar çox.
Təndir çörəyi qoxardı anam,
Evimiz atama bənzərdi,
Atam kəndimizə.
Çöl uşağıydıq,
Azad böyütdük ürəyimizi.
İndi küçə uşaqları çoxalıb,
öldürür ümidlərimizi.
Çox söz də bilməzdik əslində,
Dilimiz tutmazdı "Terror",
"Sui-qəsd",
"Təcavüz"sözünü.
İndi cinayətlər qızardır insanlığın üzünü.
Mən səndən daha şanslıydım, qızım,
O zaman dünya daha çox yaşanacaq yerdi,
İnsanları sevərək böyümüşdüm,
İnanmağı öyrətmişdi anam,
İndi öyrədə bilmirəm sənə inanclarımı...
Ehtiyatlı ol ,balacam,
Dünya indi nağıllarda gözəldir.

KÖRPƏ DƏNİZİM

Mənim körpə dənizim,
Dolaşır ayağıma dalğalar uşaq kimi.
Atılam qucağına,
Yox olam sularında
budağından ayrılmış sərsəri yarpaq kimi.
Mənim dəli dənizim,
Sənə küsəm,
İnciyəm.
Sən bilmirsən bəlkə də,
anlamırsan sevgimi,
mən sənin sahilində itirdiyin inciyəm.
Gəl barışaq,
Sən dolan saçlarıma yolumu gözləyən tək.
Mən cüt dodaq arası dalğa öpüm gözündən.
Yosun qoxum,
Dalğa qoxum...
Sən qoxum.
Gəzdirsin bədənimdə Xəzri ilıq nəfəsin,
Öldür bu dəli qızın səndə ölmək həvəsin.
Təngiyən dalğaların dincin alsın dizimdə.
Gözlə məni, Xəzərim,
Gözlə məni yerində,
Abşeronun dibində.
Dəyişmə ünvanını,
Yazdım,
Al oxu məktubumu Qağayı dimdiyindən.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!