Edebiyyatqazeti.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Beynəlxalq Türk Akademiyasının Azərbaycan nəşrlərinin təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq türk dövlətləri arasındakı dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayıb. Akademik bunun ən gözəl nümunələrindən biri kimi Bakıda keçirilən Türk Sammitini misal çəkib. Çıxışda vurğulanıb ki, “Azərbaycan türk dünyasına inteqrasiya baxımından çox böyük töhfələr verib. Müstəqil Azərbaycan türk dünyasının ən aparıcı dövlətlərindən biridir və türk dünyası ölkələri ilə bir yerdədir. Bu, ulu öndərimiz Heydər Əliyevin açdığı böyük strateji yol olub. İndi isə Azərbaycan Prezidenti İlham Əliyevin dəstəklədiyi və uğrunda mübarizə apardığı böyük yoldur. Artıq türk dövlətlərinin iqtisadi, mədəni, elmi, ədəbi birliyi bu ölkələrin hər birinin inkişafına özünün sanballı töhfələrini verir.
Akademik İsa Həbibbəyli əlavə edib ki, bu gün keçirilən kitab təqdimatı dünən başa çatan türk dövlətlərinin zirvə tədbirinin işığında elm adamlarının atdığı addım, türk dövlətlərinin apardığı ortaq siyasətin bir nümunəsidir. “Bu gün biz Beynəlxalq Türk Akademiyasının çap etdiyi Azərbaycana aid kitabların təqdimatını keçiririk. Beynəlxalq Türk Akademiyası gənc qurumdur. 2008-ci ildən rəsmi olaraq fəaliyyətə başlayıb. Mən dəfələrlə onun Astanadakı iqamətgahında olmuşam. Onların çap etdirdiyi kitablardan böyük bir kitabxana yaratmaq olar. Bu işlərinə görə Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəliyə minnətdarlıq bildirib, uğurlar arzulayırıq” – sözləri ilə akademik çıxışını yekunlaşdırıb.
Sonra Beynəlxalq Türk Akademiyasının daimi katibi Asxat Kesikbayev də çıxışı zamanı görülmüş işlərin türk birliyinə xidmətin tərkib hissəsi olduğunu qeyd edib. O da Bakıda keçirilən Türk Sammitində türk dövlətlərinin başqanlarının çox önəmli tarixi qərarlar verdiklərini bildirib. Həm Azərbaycanın, mən də AMEA-nın türk dünyasında öz yeri və rolu olduğunu vurğulayıb. Təqdimatı keçirilən beş kitab haqqında fikirlərini bölüşüb.
İlk məruzəçi tarix elmləri doktoru Eynulla Mədətli “Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Elinə yol açan” kitab haqqında ətraflı məlumat verib. Səkkiz fəsildən ibarət olan kitabın hər bir fəslinə məruzədə geniş yer ayrılıb. Bildirilib ki, 2018-ci ildə çap olunan bu kitabın ön sözünü türk dünyasının ağsaqqalı Nursultan Nazarbayev yazıb. Birinci fəslin xüsusiyyətləri haqqında məlumat verən məruzəçi ilk fəslin Əhməd Cavadın şeiri ilə açıldığını deyib. Həmçinin vurğulanıb ki, “kitabda Azərbaycan ərazisində indiyə qədər mövcud olmuş bütün dövlətlərin xarakteristikası verilir. Azərbaycan bütöv halda götürülür, şimallı və cənublu. Rus-İran müharibəsindən sonra Azərbaycanın necə bölündüyü bu fəsildə öz əksini tapmışdır. Hətta Azərbaycan Xalq Cümhuriyyəti və sovet işğalı, Dağlıq Qarabağ Vilayəti və onun ermənilər tərəfindən işğalından bəhs edilir”.
Digər məruzəçilər filologiya elmləri doktoru Fəridə Əzizova “Mən Cahana sığmazam” - Nəsiminin şeirlər kitabı”, filologiya elmləri doktoru Əlizadə Əsgərli “Azərbaycan ədəbiyyatı antologiyası”, filologiya elmləri doktoru Almaz Ülvi “Mağcan Jumabayevin şeirləri” adlı məruzələrlə çıxış ediblər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!