Edebiyyatqazeti.az xəbər verir ki, sağlamlıq imkanları məhdud uşaq, yeniyetmə və gənclərin cəmiyyətə inteqrasiyası, onların müxtəlif istiqamətlərdə bilik və bacarıqlarını nümayiş etdirməsi üçün reallaşdırılan irimiqyaslı layihələrə biri də əlavə olundu.
Belə ki, bir sıra sosial-mədəni aksiyaları ilə ictimaiyyətin diqqətini bu sahəyə yönəldən, istedadlı əlil uşaq və yeniyetmlərin özünü ifadə meydanına çevrilən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdində “Küllücə” adlı teatr-studiyası yaradılıb.
Fiziki və əqli cəhətdən çatışmazlığı olan 30 nəfər uşaq, yeniyetmə və gənci bir araya gətirən studiya 2 qrupda (uşaq-yeniyetmə və gənclər) fəaliyyət göstərəcək.
Terapiya, bir növ müalicəvi dərs xarakterli məşqlərdə uşaqlara müvafiq sosial vərdiş və münasibətlər səhnə nümunələri, dramaturji materiallar vasitəsilə təlqin ediləcək. Aktyor, rejissor, vokalçı, xoreoqraflarla yanaşı psixoloqlar da məşq-tədris prosesində pedaqoq kimi iştirak edəcəklər.
Nəzərinizə çatdıraq ki, hazırda studiyanın hər iki qrupunda qızğın məşqlər gedir. Belə ki, ilk olaraq kiçik yaş qrupunun təqdimatında Şarl Perronun məşhur “Qırmızıpapaq” əsəri, böyüklərin qrupunda isə Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə “Solğun çiçəklər” tamaşaları hazırlanır. Təbii ki, hər iki nümunə orijinal pyes üzərində müvafiq ixtisarlar aparılmaqla yeni səhnələşdirmədə, daha çox mahnı və kütləvi rəqslərin fonunda təqdim olunacaq.
Onu da qeyd edək ki, “Küllücə”nin yetirmələrinin ilk səhnə nümayişi dekabrın 3-də - Beynəlxaql Əlillər Günündə baş tutacaq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!