Edebiyyatqazeti.az xəbər verir ki, oktyabrın 14-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda "Ədəbiyyat qəzeti" yayınları seriyasından çap olunan 5 kitabın - "Müstəqilliyin ədəbiyyatı müzakirə diskursunda", Əyyub Qiyasın tərtib və tərcüməsində "Ədəbiyyat üzrə Nobel mükafatçıları. 1901-2017" antologiyası, Günel Eyvazlının "İşıq" esselər toplusu, Samirə Əşrəfin "Dördüncü divar" və Sevda Sultanovanın "Ekranlaşdırılmış ədəbi əsərlər" kitablarının təqdimat mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar yeni nəşrləri ədəbiyyatımızın təbliği və inkişafı baxımından uğurlu hesab edib.“Birliyə ayrılan vəsaitlər çox səmərəli istifadə edilir. Mükafatlar verilir, yardımlar olunur, kitablar buraxılır, yeni avadanlıq alınır. Dövlət tərəfindən AYB-yə ayrılan vəsait hesabına işıq üzü görən bu oxunaqlı kitablar ədəbiyyatımızın təbliği ilə yanaşı, həm də müəlliflərin daha böyük səylə, həvəslə çalışmasına təkan verir”, - deyə Anar vurğulayıb. Bu uğurlu işə görə “Ədəbiyyat qəzeti”ni təbirik edən Xalq yazıçısı müəlliflərə yeni-yeni uğurlar arzulayıb.
Son 5 ildə üçüncü dəfədir ki, belə görüş keçirildiyini söyləyən “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan söyləyib: “Ötən görüşlər yeni kitabların çapı, qəzetin yeni saytının istifadəyə verilməsi, illik ədəbiyyat əlavəsinin nəşrinə həsr edilmişdir. Bu gün isə dövlət tərəfindən AYB-yə ayrılmış vəsait hesabına işıq üzü görən kitabların təqdimat mərasiminə toplaşmışıq. Dövlətimizin ayırdığı vəsait bizə ədəbiyyatımıza xidmət edən planlarımızı reallaşdırmağa şərait yaratdı. Nəticədə beş kitabın çapına nail olduq. Bu kitablar fikir tariximizdə qalacaq və hər zaman aktuallığını qoruyub-saxlayacaq. Bizim işimiz bununla yekunlaşmır. Qarşıda növbəti 4 kitabın çapı var. Hazırda o kitablar da çap prosesindədir”. Azər Turan söyləyib ki, bu gün təqdimat mərasimində “Ədəbiyyat qəzeti”nin təsis etdiyi “Əli bəy Hüseynzadə” mükafatı da təqdim olunacaq. Bu mükafata layiq görülənlər qəzetin yazı həyatında ciddi şəkildə iştirak edən müəlliflərdir, eyni zamanda, Azərbaycan ədəbiyyatının təbliğində xidmətləri olan qələm sahibləridir.
Bu ili ölkəmizdə kitabın təbliği baxımından çox əlamətdar il kimi dəyərləndirən “Ədəbiyyat qəzeti”nin şöbə müdiri, filologiya elmləri doktoru Elnarə Akimova çap olunan kitablarla bağlı geniş məlumat verib. Bildirib ki, “Ədəbiyyat qəzeti” yayınları seriyasından çap olunan kitablarda yer alan yazılarla oxucular qəzetin səhifələrindən tanışdırlar. “Müstəqilliyin ədəbiyyatı müzakirə diskursunda” kitabı “Ədəbiyyat qəzeti”nin “Müzakirə saatı” layihəsi əsasında gerçəkləşib. Ədəbi-elmi ictimaiyyətə qəzet vasitəsilə təqdim olunan müzakirələrin sistemli və tam şəkildə bu kitabda toplanması oxuculara, tədqiqatçılara Azərbaycan ədəbi tənqidinin, ədəbiyyatşünaslığının və nəzəri-estetik fikrinin bir çox məsələlərini yeni təfəkkür işığında dərk etməyə, onun səviyyə və mənzərəsini dəyərləndirməyə, eləcə də ədəbi-nəzəri fikrin tarixiliyi və müasirliyini görməyə imkan yaradacaq.
Bildirilib ki, Samirə Əşrəfin “Dördüncü divar” kitabında yer alan müsahibələr ədəbiyyat, teatr, kino, musiqi və incəsənətin digər sahələrində uzun illər xidmət göstərən görkəmli sənət adamlarının, maraqlı insanların və onların övladlarının, yaxınlarının müsahibələrindən ibarətdir. Günel Eyvazlının “İşıq” esselər toplusunda müəllif həyat, sənət, yaradıcılıq haqqında düşüncələrini psixoloji aspektdə, özünəməxsus formada oxucuya çatdırıb.
Bildirilib ki, bədii əsərlərin ekran versiyalarından bəhs edən Sevda Sultanovanın “Ekranlaşdırılmış ədəbi əsərlər” kitabına milli və dünya ədəbiyyatının nümunələri daxildir. Əyyub Qiyasın tərtib və tərcüməsində “Ədəbiyyat üzrə Nobel mükafatçıları. 1901-2017” antologiyası da olduqca maraqlı nəşrlərdəndir. Burada oxucu Ədəbiyyat üzrə Nobel mükafatçısı olan dünyaca məşhur yazıçılar haqqında məlumatlar əldə edəcək. Hər bir müəllifə yeni-yeni uğurlar arzulayan E.Akimova bu istiqamətdə işlərin davamlı olacağını söyləyib.
Sonra yazıçı-tərcüməçi Əyyub Qiyas, yazıçı Günel Eyvazlı, şair-publisist Elxan Zal Qaraxanlı, AYB-nın katibləri Rəşad Məcid, İlqar Fəhmi, Əməkdar jurnalist Səyyad Aran, Nizami adına Ədəbiyyat institutunun nümayəndəsi Mehman Həsənli, “Ədəbiyyat qəzeti”nin baş redaktor müavini Adil Cəmil çıxış edərək layihə haqqında, "Ədəbiyyat qəzeti" yayınları seriyasından çap edilən kitablar, müəlliflər haqqında xoş sözlər söyləyərək qəzetin baş redaktoru Azər Turana belə faydalı layihəyə, nəşrlərə, “Ədəbiyyat qəzeti”nin uğurlarına görə təbrik ediblər.
Tədbirin davamında “Ədəbiyyat qəzeti”nin təsis etdiyi "Əli bəy Hüseynzadə" mükafatı bir neçə müəllifə təqdim edilib.
Tənqidçi Cavanşir Yusifli ("Ədəbi tənqidi məqalələrinə görə") , şair Səlim Babullaoğlu ("Bədii tərcümə sahəsində xidmətlərinə görə"), yazıçı Varis ("Ədəbiyyatın təbliğində xidmətlərinə və yaradıcılıq uğurlarına görə"), yazıçı Orxan Fikrətoğlu (“Ədəbiyyat qəzeti”ndə dərc olunmuş hekayələrinə görə), yazıçı Əlabbas ("Ədəbiyyat qəzeti" ndə çap olunan hekayələrinə görə), yazıçı Mübariz Örən ("Balıq gülüşü" hekayələr kitabına görə"), yazıçı Sərdar Amin ( "Ədəbiyyat qəzeti"ndə çap olunan esselərinə, məqalələrinə görə), şair Hədiyyə Şəfaqət ("Ədəbiyyat qəzetində çap olunan esselərinə görə), Samirə Əşrəf (Kino, teatr sahəsnin təbliğinə görə), Sevda Sultanova (“Ekranlaşdırılmış ədəbi əsərlər” layihəsinə görə), yazıçı Yaşar Bünyad ("Ədəbiyyat qəzetində" çap olunan hekayələrinə görə), şair Elxan Qaraxanoğlu ("Ədəbiyyat qəzeti"ndə çap olunan şeirlərinə görə), şair Ümid Nəccari ("Qaranlığın fotosu” kitabına görə) təltif olunub.
Qeyd edək ki, çap edilən kitablar ölkə başçısının Azərbaycan Yazıçılar Birliyinə ayırdığı vəsait hesabına çap olunub.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!