Xasiyət Rüstəmin yaradıcılıq gecəsi "Qarabağ üçün oxu" klipinin təqdimatı keçirilib

 

Edebiyyatqazeti.az xəbər verir ki, Azərbaycanda səfərdə olan Özbəkistanın tanınmış şairi, "Kitab dünyası" qəzetinin baş redaktoru Xasiyyət Rüstəmin Azərkitab Kitab Mərkəzində yaradıcılıq gecəsi və Özbəkistan sənətçilərinin "Qarabağ üçün oxu" klipinin təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə Regioal Hüquq və İqtisadi Maarifləndirmə İctimai Birliyinin rəhbəri Arzu Bağırova açaraq, belə silsilə tədbirlərin böyük əhəmiyyəti olmasını vurğulayıb.

Sonra Azərkitab Kitab Mərkəzinin rəhbəri Sabir Həsənov, Daşkənddə fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov çıxış edərək,  bir milyon məcburi köçkünün taleyini klipdə digər xalqa çatdırmaq üçün əllərindən gələni etdiklərini söyləyib. Daha sonra klip nümayiş etdirilib.

Gur alqışlarla qarşılanan klipin nümayişindən sonra klip və X.Rüstəmin yaradıcılıq gecəsi ətrafında çıxışlar davam edib.

Millət vəkili Qənirə Paşayeva: "Bu gözəl layihənin təqdimatından sonra elə qəribə duyğular keçiririk. Qarabağa bir anlığa getdik. Qardaş Özbəkistanından öz vətənlərinə gələn ziyalılarımız var. Xoş gəlmisiniz deyirəm. Biz də Özbəkistanda olduq, bir müddət öncə. Çox önəmli tədbirlərdə iştirak etdik. Son üç gündə ölkəmizdə önəmli tədbirlər keçirdik. Belə tədbirlərdən biri ustad Babaxan Şərifin 70 illik yubileyini qeyd etdik. Bir daha təbrik edirik. Biz ustada hər zaman sevgi ilə yanaşır, hörmət edirik. İnşallah, sizin növbəti yubileyinizi Qarabağda keçirərik. İkinci tədbirimiz "Azərbaycanca-özbəkcə, "Özbəkcə-Azərbaycanca" lüğətinin təqdimatı möhtəşəm səviyyədə keçirildi. Bu layihə iki ölkə arasındakı birliyin möhkəmlənməsinə xidmət edən layihədir. Azərbaycan-özbək dilinin demək olar 85 %-i oxşardır. Orada söz vermişəm ki, qalan fərq faizinin sirlərini öyrənəcəm. Bu layihədə əməyi keçən hər kəsə təşəkkür edirəm. Üçüncü layihə Böyük Nizaminin Xəmsəsinin özbək türkcəsinə tərcümə edilməsi oldu. Hazırda da böyük bir layihənin təqdimatına toplamışıq. Buna bir musiqi layihəsi kimi baxmayın. Klipdə Özbəkistanın tanınmış sənətçiləri, gənclər var. Onlar Qarabağ üçün oxuyurlar” söyləyib.

Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı: "Çox əlamətdar gündür. Tarixi həm yaradırıq, həm də yazırıq. Klipə baxanda məlum oldu ki, hər birimizin qəlbində bir kədər var. Biz Qarabağa mütləq qayıdacağıq. Babaxan müəllim Pedoqoji Universitetində çox böyük addım atdı. Tələbələrin hər birini öpə bilməyəcəyini deyib, əvəzində bayrağımızı öpdü. Biz də onun əlini öpdük. Bunlar çox böyük nümunələrdir. Bu gün Xasiyət xanımın həm də günüdür. O, ön planda şair kimi durur. Xasiyət xanım türk dünyasında tanınan bir imzadır. Onunla Türkiyənin Hava Limanında tanış olmuşuq. Sanki Tovuzun Qoşalı kəndindən olan birisi ilə tanış olmuşdum. Azərbaycanda özbək ədəbiyyatı çox yaxından öyrənilir. Bu da çox önəmlidir. Xasiyət özbək ədəbiyyatında çox önəmli simadır. O qaranlıqda işıq görən insandır. Onun şeirlərini oxuyanlar pessimist olduğunu düşünər. Amma bu belə deyil. Onun azərbaycanlı olduğunu görmək üçün rəhbəri olduğu qəzetin bir tirajını oxumaq kifayət edir. Onun qapıbir qonşusu ermənidir. O, həmin erməni ilə danışmır. Bəzən erməni də bilmir niyə belə edir. Bax, Xasiyət Rüstəm budur".

Sonrac Ə.Qoşalı şairənin bir şeirini səsləndirib. Dünya Gənc Yazarlar Birliyi başqanı İntiqam Yaşar tərəfindən X.Rüstəm təltif edilib.

X.Rüstəm: "Qəzetimizin hər səhifəsində Azərbaycana yer ayırmaq borcumuzdur. Azərbaycan ürəyimizdir. Bu gün mənim üçün qürurlu gündür".

Sonda S.Abbasov üç gün ərzində keçirdikləri tədbirdə xüsusi əməyi olan Q.Paşayeva xüsusi təşəkkür edərək Azərbaycanın Özbəkistandakı səfirliyinin və rəhbəri olduğu mərkəzin fəxri diplomunu millət vəkilinə təqdim edib.

Tədbir gədəbəyli gənc, Aşıq Cavanşir Ənvəroğlunun ifası və X.Rüstəmin səsləndirdiyi şeirlə başa çatıb.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!