“LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının iştirakçıları ADU-da olublar

Oktyabrın 2-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla “LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalında qonaq olan Avrasiya ölkələrinin yazıçı-şairləri, dramaturqları və ədəbiyyat tənqidçiləri ilə görüşüb.

Görüşdə Polşa Yazıçılar Assosiasiyasının prezidenti Kşiştov Şatravski, Yunanıstandan beynəlxalq poeziya festivalının rəhbəri Coukis Kristos, Çexiyadan İndiana Universitetinin professoru Bronislava Volkova, İspaniyadan pedaqoq və dilçi Raquel Lanseros, Hindistandan Çarlz Uolles Fondunun təqaüdçüsü Mamta Saqar, Uruqvaydan Eduardo Espina, Rusiyadan Boris Yevseyev, Lyudmila Viazmitinova, Andrey Tsukanov və İrina Makarova iştirak ediblər.

Rektor Kamal Abdulla qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirib və onlara görüş üçün ADU-nu seçdiklərinə görə təşəkkür edib. Qonaqların nüfuzlu şəxslər olduğunu bildirən rektor rus yazıçısı Boris Yevseyevin də həmin tərkibdə olduğunu diqqətə çatdırıb. O, Boris Yevseyevin yalnız Rusiyada deyil, dünyada tanınmış yazıçı, həmçinin Bunin mükafatı laureatı, Jurnalistika və Bədii Yaradıcılıq Universitetinin professoru olduğunu vurğulayıb və görüşün təşkilinə görə ona minnətdarlığını bildirib.

Boris Yevseyev və digər qonaqlar Azərbaycan haqqında müsbət fikirlər səsləndirib, festivalın keçirilməsini yüksək qiymətləndiriblər. Festivaldakı mövzuların əhəmiyyətindən danışan iştirakçılar Azərbaycan və dünya ədəbiyyatı haqqında fikirlərini bölüşüblər.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!